Azərbaycanda taksi xidməti üçün 3 min manat rüsum tətbiq edilir

Azərbaycanda taksi xidməti üçün 3 min manat rüsum tətbiq edilir

16-06-2023 16:25 / Bu xəbər 947 dəfə oxundu

Milli Məclis qanuna dəyişikliyi I oxunuşda qəbul edib

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib.

"Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik Milli Məclisdə çıxarılaraq I oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat təşkil edəcək.

Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.

Millət vəkilləri layihə müzakirəsi zamanı çıxış ediblər.

Deputat Fazil Mustafa deyib ki, bu gün Azərbaycanda taksi sürücüsü işsiz qalmış müəllim, həkim və ya başqa bir işsiz adamdır: "Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də, məncə, taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin? Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik. Əvvəlcə ictimaiyyətin fikri öyrənilməlidir. Bundan əlavə, qanunda qeyd olunur ki, taksi sürücüləri üçün təlimlər və s. keçiriləcək. Bunların hamısı da vəsait tələb edən sahələrdir. Bəs bu vəsaiti kim təmin edəcək, bunlar açıqlanmalıdır”.

Deputat Siyavuş Novruzov işini itirəcək taksi sürücülərindən danışıb.

Onların sonrakı aqibətindən narahatlığını ifadə edib: "Bu şəxslərin harada işləyəcəyi ilə bağlı düşünülübmü? Məşğulluq idarələri ilə danışılıb? Yeni layihədə sürücülərin təlim keçəcəyi ilə bağlı qeyd var. Bu qədər şəxsin harada təlim keçəcəkləri ilə bağlı yer müəyyən olunub? Bütün bunlar düşünülməlidir. Çünki ölkədə nə qədər sürücü var, bunların taleyi düşünülməlidir”.

Deputat Aqil Abbas nazir Rəşad Nəbiyevin çıxışını tənqid edib: "Mən taksilərlə bağlı qanun layihəsinin əleyhinə səs verəcəkdim. Buna səbəb isə bizim hörmətli nazirimizin bu qanun layihəsi ilə bağlı dayaz məlumat verməsi idi. Amma komitə sədri Tahir bəy qanun layihəsini mütərəqqi təqdim etdi. Bildik ki, qanun layihəsində nədən söhbət gedir”.

"Nazir ötən çıxışında deyir ki, taksi əlçatan olmamalıdır. Bəs hansı nəqliyyat əlçatan olmalıdır? Təyyarə, digər bahalı nəqliyyatlar əlçatan olmalıdır? Bu, necə yanaşmadır? Digər tərəfdən, taksi operatorluğunu xarici şirkətlərə həvalə etməli deyilik. Bizim biznesmenlərimiz ölübmü ki, başqalarını ölkəmizə gətirək?”, – Aqil Abbas belə deyib.

Deputat Məlahət İbrahimqızı çıxışı zamanı deyib ki, ictimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə atmaq olmaz: "Bu sahədə həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var. İctimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək. Eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyinə, xaos vəziyyətinin yarandığına, eləcə də "xalturşik” taksi sürücülərinə rast gəlinir. "Özəl "xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər”.

İyunun 13-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat sektoru ilə bağlı qanunvericilikdəki dəyişikliklər barədə Milli Məclisdə çıxışında taksi xidmətlərinin qiymətlərinin artırılacağını bildirib.

O deyib ki, nazirliyin hədəfi taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır: "Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 kilometr ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. "İctimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur. Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”.

Bu il mayın 3-dən "PASHA Holding” Azərbaycanın "taksi bazarı”na da daxil olub. O vaxtdan da taksilərlə bağlı məsələ rəsmi səviyyədə gündəmə gəlib.

Holdinqin "Umico” brendi (Competo MMC) Ukraynaının "Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb.

Bu prosesdə "PASHA Holding”in tərəfdaşı olan "Uklon Azərbaycan” MMC fevralda "PASHA Holding”lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdan keçib, nizamnamə kapitalı 100 000 ABŞ dollarıdır.

Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərinin sayı beşdir:

"Uber” (Rusiya, "Yandex”), "Bolt” (Estoniya), "Yango” (Rusiya, "Yandex”), "Maxim” (Ukrayna), "Uklon Azərbaycan”("Umico”, "PAŞA Holding”).