Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub? - ARAŞDIRMA
12-10-2019 17:28 / Bu xəbər 6460 dəfə oxundu
İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında Aqrar Kredit və İnkişaf Agentliyi formalaşdırılması barədə imzaladığı fərmandan bir ilə yaxın vaxt ötür.
Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktları əsasında fəaliyyət göstərən Agentlik aqrar inkişaf layihələrinin kreditləşdirilməsi və idarə edilməsi, aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, bu sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları vasitəsilə kreditlər vermək və aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsi üzrə fəaliyyət göstərir.
Ancaq 1 ilə yaxın zaman ötməsinə baxmayaraq hələ də aqrar sahədə həe hansı bir köklü dəyişikliyə, yeniliyə rast gəlinmir. Əksinə ötən il ilə müqayisədə bu il bazarlarda meyvə-tərəvəz, ət və süd məhsullarının qiymətində ciddi artım qeydə alınıb.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə bir müddət öncə mediaya verdiyi açıqlamasında deyir ki, ölkədə bahalaşma ilin sonuna qədər davam edəcək.
Onun sözlərinə görə, bazarda aparılan müstəqil araşdırmalar Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən fərqli nəticələr göstərib.
Ekspet deyir ki, bazarlarda ilin əvvəlində qiymətlərin 16 faiz artması müşahidə edilib, - bir sözlə, yeni ilin ilk ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin yanvar ayına nisbətən 1,7 faiz artıb.
Bəs aqrar sahədə hansı işlər görülür?
Aqrar sahədə ötən bir il ərzində nəzərəcarpacaq dəyişiklik əldə edə bilməyən Agentlik bu müddət ərzində xeyli sayda tenderin sifarişçisi olub.
Arqument.az-ın araşdırması nəticəsində Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu bəzi tenderlərdə ciddi şübhə doğuracaq məqamlar aşkara çıxıb.
Agentliyin PR-nı kimlər aparır?
Aqrar Kredit və İnkişaf Agentliyi 2019-cu ilin iyul ayının 4-də "Mətbuatda elan, bildiriş və reklamlar, video, audio materiallar və video çarxların hazırlanması" üzrə sifarişçi olduğu tenderə yekun vurub. Smetası 97.900 (doxsan yeddi min doqquz yüz) manat olan tenderin qalibi "İMV.Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elan edilib.
Əlli manat nizamnamə kapitalı olan, 2018-ci ilin avqust ayının 15-də təsis edilən "İMV.Media" MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabı prospekti ev 78 ünvanıdır. Şirkətin qanuni təmsilçisi isə Məsiyev İqbal Hamlet oğludur.
İqbal Məsiyev eyni zamanda imv.az domeninin sahibidir.
İMV.media MMC SMM üçün animasiyalı gif postların, storyboard və videoların, kataloq, flyaer və s. qrafik dizayn işlərinin hazırlanması üzrə fəaliyyət göstərir.
AMAL-ın rəhbərinin tender amalı...
Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu növbəti tenderə isə sentyabr ayının 12-də yekun vurulub. "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə keçirilən tenderin məbləği 1.278.977 (bir milyon iki yüz yetmiş səkkiz min doqquz yüz yetmiş yeddi) manat, qalibi isə "AgroDev" MMC olub.
Nizamnamə kapitalı 10 manat olan "AgroDev" MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 21, mənzil 35 ünvanıdır.
"AgroDev" MMC bazarın təhlili və biznes məsləhətləri, marketinq və və məhsulun tanıdılması, layihəni idarəedilməsi və icrası və tərəfdaşlıq əlaqələri və maarifləndirmə sahələri üzrə fəaliyyət göstərir.
"AgroDev" MMC-nin qanuni təmsilçisi isə 1982-ci il təvəllüdlü Nəbiyev Elvin Bahəddin oğludur. "AgroDev" MMC-nin rəhbəri Agentliyin yaratdığı qurumun rəhbəridir
Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu 1.278.977 manatlıq tenderin qalibi "AgroDev" MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda "OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəridir. Elvin Nəbiyevin vəzifəsi bununla yekunlaşmır. Belə ki, o həm də Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri kimi təqdim edilir.
2018-ci ilin oktyabr ayında Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevin iştirakı ilə ictimaiyyətə təqdim edilən "Aqrar Məşğulluğun Artırılması Layihəsi” kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür.
Regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyan AMAL Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin (hazırkı Aqrar Kredit və İnkişaf Agentliyi) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının FAO) təşəbbüsü ilə yaradılıb.
"AgroDev" MMC-nin rəhbəri ilə İMV.media MMC-nin rəhbərini nə birləşdirir?
Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu yuxarıda qeyd edilən tenderlərdə daha bir şübhəli məqam isə şirkət rəhbərlərinin eyni şəbəkənin üzvləri olmasıdır.
Yuxarıda da göründüyü kimi, Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü ilə yaradılan "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin rəhbəri Elvin Nəbiyevin qanuni təmsilçisi olduğu MMC Agentliyin 1.278.977 manatlıq tenderinin qalibi olub.
Elvin Nəbiyevin rəhbəri olduğu "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin internet ünvanı olan amal.az domeni isə Agentliyin digər tenderinin qalibi olan İMV.MEDİA MMC-nin sahibi İqbal Məsiyevin adınadır.
Qeyd olunan fakt Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu tenderlərin formal keçirildiyini, qalib olunan şirkətlərin rəhbərlərinin eyni adamlar olduğunu ortaya çıxarır.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüskarlarından biri olduğu "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) rəhbəri Elvin Nəbiyevin qanuni təmsilçisi olduğu "AgroDev" MMC-nin Agentliyin 1.278.977 manatlıq tenderində iştirak etməsi və qalib gəlməsi və eyni zamanda AMAL layihəsinin web domeninin Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu digər tenderin qalibi İMV.MEDİA MMC-nin qanuni təmsilçisinin adına olması şübhələrə yol açdığı üçün Agentlikdən məsələyə münasibət öyrənməyə çalışdıq.
AKİA: "Elvin Nəbiyev Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı deyil"
Aqrar Kredit və İnkişaf Agentliyi Arqument.Az-ın sorğusuna cavabında sifarişçi olduğu tender prosedurlarının qanunauyğun formada keçirildiyini deyir: "Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2019-cu il iyulun 12-də elan edilmiş açıq tenderdə Lot 3 – Aqrotexniki xidmətlərin göstərilməsi üzrə aqrar biznes sahəsində böyük və çoxşaxəli təcrübəyə malik olan "AgroDev” MMC şirkəti qalib gəlib. "AgroDev” şirkəti 5 ilə yaxındır ki fəaliyyət göstərir, bir sıra yerli şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinə malikdir. Qeyd olunan şirkətin xidmətləri tələblərə uyğunluq baxımından ən məqbul təklif hesab edildiyindən prosedurlara uyğun olaraq tenderin qalibi elan olunmuşdur. E.Nəbiyevə gəldikdə isə bildirmək istərdik ki, qeyd olunan şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı deyildir".
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev
Agentlik cavabında daha sonra dövlətin rəsmi xəbər agentliyi olan Azərtac-ın "AMAL" layihəsinin həm də Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olduğunu inkar edərək bildirir: "Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsinin saytına gəldikdə isə bildiririk ki, bu layihə FAO-nun dəstəyi ilə həyata keçirilir və həmin layihənin web səhifəsinin yaradılması və saxlanması məsələlərinin idarə olunması AKİA-nın səlahiyyətləri xaricindədir. AKİA qeyd olunan layihədə kreditləşmə məsələlərinin koordinasiyasında dəstəkverici qurum kimi çıxış edir.
Bəs qanunvericilik nə deyir?
"Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu"da satınalmaların həyata keçirilməsi zamanı maraqların ziddiyətini ayırd edən xüsusi maddə var.
Qanunun 13.1-ci maddəsində Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmədiyi deyilir.
Qanunun 13.3-cü maddəsində isə podratçının onun tabe olduğu baş müəssisənin və ya onun filialının (nümayəndəliyinin) əməkdaşı olan şəxslər satınalma prosedurlarına dair sənədlərin hazırlanmasına cəlb edilməsinin yolverilməz olduğu bildirilir.
İqtisadçı Natiq Cəfərli isə Arqument.Az-a deyib ki, tenderlərin verilməsi zamanı maraqlar konflikti nəzə alınmalıdır: "Eyni qurumda təmsil olunan və ya yaxın şəxslərin, həmçinin qohum və tanışların tenderlərin qalibi olması maraqlar konfliktidir, hətta bu, qanunvericiliklə də qadağandır".
İqtisadçı ekspert Natiq Cəfərli
2018-ci ildə yaranan şirkətin tenderi udmasına gəlincə, iqtisadçı bildirib ki, bu, nadir hallarda, yalnız Nazirlər Kabinetinin qərarı əsasında baş tuta bilər: "Məsələn, elə işlər var ki, qısa zamanda və ya təcili başa çatdırılmalıdır. Bu halda Nazirlər Kabineti qərar qəbul edə bilər ki, həmin şirkət yeni yaranmasına baxmayaraq, tenderdə iştirak etsin".