“Yüz ilin tənhalığı” romanında ailə diziminə gedən yol

“Yüz ilin tənhalığı” romanında ailə diziminə gedən yol

09-04-2023 13:36 / Bu xəbər 2020 dəfə oxundu

Müəllif: Sərvanə Dağtumas
Ədəbiyyatşünas
 
Roman avtobioqrafik xarakter daşıyır. 

Markes uşaqlıq yaşantılarını, yaşadığı mühiti təsvir edir. Mövzu bir nəslin yüz il boyunca yaşadıqları, başlarına gələn hadisələrin təfsilatıdır. Romanın adı da buradan qaynaqlanır. 

Qəhrəmanların hər birinin sonu kədərli və tənha bitir. Xarakter baxımından obrazlar tənhalığa meyillidir, süst, sentimental, depressiv, melanxolik, introvert, şizoid (şəxsiyyət pozuntusu) xüsusiyyətlərə sahibdir. 

Romanda əsas kapitalizm tənqid olunur, ailə dəyərləri, adət-ənənələr təbliğ olunur. Əsərdə həyatın bütün melodiyası var: inanclar, cinsəllik, siyasət, incəsənət. Bolluca adlara rast gəlmək mümkündür, eyni adlı obrazlar çoxdur. Bu, təsadüfi deyil. Eyni adı daşıyan qəhrəmanlar oxşar talelər yaşayır. Adın üzərində əcdadlardan, nəsillərdən qalan mənfi enerji, mənfi yüklər toplanıb. Enerji doğurdan da mirasdır. Bu miras sanki eyni adlarla insanlara ötürülür. Yazıçı hər obrazda nəyisə tənqid edib. 

Markesin prototipi Aurelinadır. Romanı oxuyanda Braziliya, Kolumbiya adət-ənənələri ilə Azərbaycan mentalitetini qarışdırmamalıyıq. Bəzi məqamlar dünyagörüşümüzə, Şərq təfəkkürünə zidd ola bilər, lakin mental dəyərlərimizi bir kənara qoyub romanı obyektiv şəkildə analiz etməliyik. 

Əsərdə Buendia nəslinin tarixindən danışılır və həmin nəsil lənətlənmiş nəsildir. Eyni talelər yaşanmağa davam edir. Buendiaların oxşar cəhəti tənhalığa olan meylləridir. Bu keyfiyyət genetik kodlarla bir nəsildən digər nəsilə ötürülür. Olur yüz ilin tənhalığı. Talelərin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri daşıyır, yəni onlar artıq bu taleləri ilə barışıb. 
100 illik lənətli bir nəsildə, demək olar ki, hamı bir-birinin eynisidir, dəyişən, sadəcə, zamandır, hisslər, duyğular, yaşanmışlıqlar isə dəyişməyib. Psixologiyada buna uyğun qavramlar var: "doğulduğun ev qədərindir”, "ailə dizimi”, "zəncirlənmiş həyat”, "öyrənilmiş çarəsizlik”, "nəsil ağacı”, "karma”.

Ailənin yetkinlik dövründə verdiyimiz qərarlara, mövcud problemlərimizə və ya həll yollarımıza formalaşdırıcı təsiri var. İnsanın böyüdüyü ailə quruluşu, həll olunmamış ailə dinamikası, xaos və ailə üzvlərinin itirilməsi, psixopatologiyaların, problemlərin, mənfi yüklərin mənbəyi hesab edilir.

Burada yalnız ataya, anaya, babaya, nənəyə baxmırıq, ulu əcdadlarımıza, yeddi nəsil öncəki əcadadlarımıza da baxırıq. "Genetika insanın taleyidir” ifadəsi buradan qaynaqlanır. Əgər ulu əcdadlarımızın birində tənhalıq, depressiya varsa, bu gəlib bizdə yarana bilər. Şərt deyil ki, ata-ana, baba-nənədə belə hallar müşahidə olunsun. Doğulduğumuz ailə bizi uşaqlıqda qurulmuş bir macəraya çəkir. 

Ailənin düşüncə və təcrübələrinin uşağa təsiri bir bağ yaradır və bu birlik ortaq şüuru bir araya gətirir. Bu formalaşma, bir və ya bir neçə nəslin daxil olduğu ailə arasında taleyüklü və əlaqəli bağın tikinti blokunu hazırlamaqla ailə dizimini ortaya qoyur. Bizə doğulduğum evdə nə öyrədilirsə, biz də onu təkrar edirik, yəni biz anamızın, atamızın imitasiyasıyıq.  Ailəmizin. nəsillərimizin bizdə yaratdığı blokajlardan xilas ola bilməyəndə bu "zəncir” uzana-uzana gedir və biz bu çarəsizliyə alışırıq, onu "alnıma belə yazılıb” deyib bağrımıza basırıq. Romanda da Aureliano fərqində olmasa da nəslin mənşəyindəki təcrübə və travmalar ona miras olaraq, ötürülüb. 

Polkovnik Aureliano (adının mənası "qızıl”dır) obrazını təhlil etsək, görərik ki, onun istəklərinin hər biri yerinə yetirilir, hətta ağlına belə gəlməmiş icra edilir. Polkovnik artıq bir həqiqəti dərk edir ki, insanın dünyaya gəlməyi, həyatı, ölümü özündən asılı deyil. Hər kəs istər bir gün olsun, istərsə də yüz il olsun, həyatda tək-tənhadır. Buna görə də o, köhnə işinə qayıdır otağına girib özünə qapanır, hamı ilə əlaqəsini kəsir.  Travmanın fərqindədir, lakin həll edə bilmir.

Romanda real adlar da var. Rodriqo və Qonsalo obrazları əslində Markesin oğullarının adlarıdır. Remedios gənc yaşda vəfat etmiş xalasının adıdır, aptekçinin qızının adı Mersedes Barça Markesin həyat yoldaşının adıdır. 

Əsərdən sitatlar: 

"Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır".
"İnsanın doğma adamını basdırmadığı torpaqla bağlılığı ola bilməz".
"Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür".

Əsərdəki simvollar: maqnit, dəniz (şüuraltına işarədir), tutuquşu, toyuq, meymun, xoruz, göyərçin, kimya, ilan, donuz, qızılgül, balıq, kərtənkələ, keçi, inək, zınqırov, çətir, buqələmun,əqrəb, fəlsəfə daşı, tısbağa, fil, qarışqa, qurd, ilbiz, portağal.

Romanda bənövşəyi, boz, ağ, yaşıl, qara, mavi,  sarı rənglərin adı çəkilir. Ən çox üstünlük təşkil edən rənglər mavi və sarıdır. Mavi məsumluğu, sarı Günəşi simvollaşdırır. 
Romanda müxtəlif rəqəmlərdən istifadə olunub. Məsələn, 63, 12, 9, 50; 8 litr qəhvə, 30 çiy yumurta.

Yazıçı romanda adını çəkdiyi padaqra (oynaqların xroniki iltihabı), sinqa (diş əti xəstəliyi), cüzam, beri-beri (vitamin B1 çatışmazlığı), qasıq taunu xəstəliklərinin yaranmasında da genetik faktorlara işarə edir. 

Əsərdə fantastikaya da yer verilib. Məsələn, paltar asarkən göyə qalxıb uçan qız, donuz quyruğu şəklində doğulmaq və s. magik realizmə xas cəhətlərdir.

Böyük bir nəsilin lənətlənməsinə səbəb insest evlilikdir. Lənətin səbəbini qohum evliliklərində görən yazıçı İncildə keçən 7 böyük günahın üzərində dayanıb. 

Nəsil arasında yaşanan karmaların, əcdadlardan miras qalan mənfi enerjilərin təmizlənməsi üçün biri bu zənciri qırmalıdır ki, eyni ssenarini yaşamasın. Əsərin sonunda bu məsələ aydınlanır.