"Hökumət bu yolla büdcəni doldurur" - Ekspert

29-08-2016 14:59 / Bu xəbər 2529 dəfə oxundu

"Azərbaycanda siqaretin qiymətinin bahalaşması üçün heç bir iqtisadi zəmin yoxdur".

Bunu Arqument.Az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli tütün məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib 

Ekspert bildirib ki, bu bahalaşmanın iqtisadiyyatla heç bir əlaqəsi yoxdur: "Ölkədə istehsal olunan və ölkəyə gətirilən siqaretin qiyməti ucuz idi və bəzi hallarda dəfələrlə bu məhsulun qiyməti artırılırıb. Hökumət dövlət büdcəsinə artıq vəsait toplamaq istəyir və yaranmış vəziyyətdən istifadə edir".

Onun sözlərinə görə, hökumət siqaretin bahalaşmasını insanların sağlamlığını qorumaq məqsədi ilə etdiyini desə də, bu, inandırıcı deyil: "Yəqin əsas gətirəcəklər ki, bunu insanların sağlamlığını qorumaq məqsədi ilə həyata keçirirlər. Ancaq elə deyil, artıq siqaretə bağlı olan kifayət qədər insan var və çox təəssüflər olsun ki, Azərbaycan siqaret istehlakında dünyada üst sıralardadır. Hökumət çalışır ki, bu yolla büdcəyə daha çox vəsait toplasın. Hazırda ölkədə tütün istehsal olunur və bu imkandan düzgün istifadə edilməlidir. Biz tütün istehsal edən ölkəyik, digər komponentlərin də ölkə daxilində istehsal olunmasına çalışıb ucuz və keyfiyyətli siqaret istifadə edə bilərik. Vaxtilə yerli tütünü Amerikadan gələn mütəxəssislər də bəyənmişdi. Hazırkı vəziyyətdə öz zavodumuzda siqaret istehsal edə bilərik. Çox təəssüf olsun ki, hər il ölkəyə, xüsusən Rusiyadan 400 milyon dollarlıq tütün məhsullari idxal olunur. Amma çalışmaq lazımdır ki, tələbat daxili istehsal hesabına ödənsin və bu qədər vəsait ölkə daxilində qalsın".

Ofelya Ramilqızı
Arqument.Az