“Avropada hamı bilir ki...” - Eliza İsmayılova

“Avropada hamı bilir ki...” - Eliza İsmayılova

12-02-2016 23:38 / Bu xəbər 3173 dəfə oxundu

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sabiq icraçı direktoru Eliza İsmayılovanın müsahibəsini təqdim edirik:

- Eliza xanım, Dünya Azərbaycanlılarının ilk qurultayını necə xatırlayırsınız?

- Vətənimiz – Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün dünyada yaşayan Vətən həsrətli soydaşlarımızın ümid çırağı yandı. Vətəninisevən o taylı-bu taylı hər bir kəs Bakıya bir məbəd kimi baxırdı və hər bir soydaşımız yeni Azərbaycana nə edə, nə verə bilərəm deyə düşünürdü. Bütün bu istək və arzuları çox uzaqgörənliklə həyata keçirən isə mərhum prezidentimiz Heydər Əliyev oldu. Onun təşəbbüsü və iştirakı ilə 9-11 noyabr 2001-ci ildə Bakıda çağırılan Dünya Azərbaycanlıların I Qurultayı möhtəşəm keçirildi. Bu Qurultay təkcə istək və arzuların gerçəkləşməsi deyil, həm də müstəqil Azərbaycanın dünya ictimaiyyətinə bir mesajı idi. Qurultaya dünyanın 70-dən çox ölkəsindən ziyalılar, ailələr və iş adamları gəlmişdi. O insanlar ki, keçid dövrünün ictimai-siyasi həyatı ilə uyğunlaşa bilməyib ölkəni tərk edən, eləcədə sovet repressiyasından və yaxud Cənubi Azərbaycandakı inqilablardan qaçıb gedən insanlar idi. Bu soydaşlarımız içərisində çoxlu nüfuzlu şəxs vardı, onlar Avropa, Amerika və dünyanın müxtəlif ölkələrində özlərinə kifayət qədər mövqe tuta bilmişdilər. Biz ölkəmizin müstəqilliyindən sonra öz soydaşlarımıza sahib çıxaraq, xalqımızın qanı-canı bahasına başına gəlmiş bu müstəqilliyi qoruyub saxlamaqla yanaşı, onun haqq səsinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasını qarşımıza məqsəd qoymuşduq. Qurultayda Heydər Əliyevin çıxışı nəinki qurultay iştirakçılarının, eləcədə bütün dünyada yaşayan soydaşlarımızın Vətənlə bağlı istər ədəbi-mədəni, istərsə də ictimai-siyasi fəaliyyətinin konsepsiyasına çevrildi. Bu Qurultayın məqsədini həyata keçirmək isə qurultayın nəticəsi olaraq yaranan Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının üzərinə düşdü. Şuranın tərkibində həm xaricdə yaşayan soydaşlarımız, həm də Azərbaycan Respublikasının nüfuzlu ictimai-siyasi xadimləri fəaliyyət göstərirdilər. Bütün bu imkanların yaradılmasında məqsəd Azərbaycanın haqq səsini, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlıbölmələri tərəfindən təcavüzə məruz qalması vəöz dədə-baba torpaqlarından məcbur qaydada qaçqın və köçkün olmuş bir milyona yaxın vətəndaşımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq idi.

- Növbəti qurultaydan gözləntiləriniz nələrdir?

- Hesab edirəm ki, bu qurultaydan sonra Əlaqələndirmə Şurasının fəaliyyəti yenidən özünə bir can tapacaq. III Qurultaydan sonra biz eşitdik ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İcraçı direktoru Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov oldu. Bundan sonra öz fəaliyyətimizi dayandırmağa məcbur olduq. Çox təəssüf ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini Diaspor Komitəsi normal qarşılamadı. Bu fəaliyyətlər zahirən oxşar görünsə də, əslində, olduqca dərin, fərqli tərəfləri vardır. İlk qurultayda Heydər Əliyev bu Şuranın yaranmasının vacibliyini və fəaliyyətinin səmərəsini, faydasını bildirdi. Parçalanmış xalq kimi Azərbaycan xalqının haqq səsinin bu gün dünya ictimaiyyətinə qeyri-hökumət təşkilatı olaraq DAƏŞ tərəfindən çatdırılması daha məqsədəuyğun olardı.Buna görə də düşünürəm ki, onun fəaliyyətini Diaspor Komitəsinin tərkibinə daxil etmək düzgün deyildi. Bilirsiniz, hələ BTC neft-boru kəmərinin çəkilişi zamanı buna mane olmaq istəyənbəzi beynəlxalq təşkilatlar vardı. Biz Əlaqələndirmə Şurası olaraq, dünyada yaşayan soydaşlarımız vasitəsilə genişmiqyaslı məktub kampaniyası təşkil etdik və bunun müsbət nəticəsi də oldu. Hesab edirəm ki, Avropanında, digər beynəlxalq təşkilatlarında ikili münasibətinə qarşı bizim birlikdə güclü fəaliyyətimiz müsbət nəticə verə bilər. Biz cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, artıq müdafiədən hücuma keçməliyik.

- Gəlin belə deyək, 2002-ci ildən bu vaxta qədər Komitə konkret olaraq hansı imkanları əldən verdi?

- Diaspor Komitəsi yarandığı ilk illərdə istər Azərbaycanda, istərsə də xaricdə xeyli işlər gördü və yaxud görməyə çalışdı. Amma lazım olan istiqaməti müəyyənləşdirə bilməməsi vaxt keçdikcə onun təsir imkanlarını çox azaltdı. Bəllidir ki, dünyada hətta başqalarının hesabına torpaqlar ələ keçirən və öz dövlətlərini yaradan Qarabağ separatçıları kimi qondarma qurumlar məkrli məqsədləri üçün dəridən-qabıqdan çıxıb, lobbi fəaliyyətlərini gücləndirirlər. Hiylə, yalan və saxtakarlıq üzərində qurulan məqsədlərini həyata keçirmək üçün öz diaspor təşkilatlarından, eləcədə xarizmatik insanların potensialından çox ustalıqla istifadə edirlər. Son illərdə Avropanın genişmiqyaslı anti-Azərbaycan kampaniyası göz qabağındadır. Son vaxtlar ATƏT-in ard-arda Azərbaycana qarşı çıxışlarının başlıca səbəblərindən biri də diaspor fəaliyyətimizin uğurlu olmamasından irəli gəlir. Hesab edirəm ki, Diaspor Komitəsi xaricdə olan potensial imkanlarımızdan istifadə edərək, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətlərini əks etdirən kampaniyalar keçirməli, bu təşkilatlarda görüşlərin keçirilməsini təşkil etməlidir. Bütün bunları vaxtilə Əlaqələndirmə Şurası olaraq etmişik. Onu da etiraf edək ki, Avropada bəzən dövlət qurumunun edə bilmədiyini qeyri-hökumət təşkilatı daha rahat bacarır. Yəni Avropa təfəkkürü QHT-ləri eşitməyə, dinləməyə daha çox meyillidir və biz də bundan istifadə etməliyik. Təəssüf ki, etmirik. Qərbdə çox zaman dövlətimizin maraqlarının qeyri-hökumət təşkilatı və xalq diplomatiyası xətti ilə təmin olunması daha çox effekt verir.

- İkili standartlara gəlincə, Minsk Qrupu həmsədrlərinin AŞPA-ya müraciəti ermənipərəst mövqedə olduqlarını göstərdi və bu da Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə hazırlanan sənədlərdən birinin qəbulunu əngəllədi. Azərbaycan niyə Minsk Qrupunun missiyasından imtina etmir?

- Hesab edirəm ki, bizim hər hansı beynəlxalq təşkilatlardan imtina etməyimiz lazım deyil. Ona görə ki,biz haqlı tərəfik və haqlı olduğumuzu bilərəkdən dəstəkləmirlərsə, bizonlardan imtina etsək, bunu bir bəhanə və fürsət kimi bizə qarşı silaha çevirəcəklər.Sözsüz ki, Minsk Qrupu fəaliyyətsiz bir qurumdur və bu vaxta qədər heç bir iş görməyib. Nəticə olmadığı yerdə onların səfərləri, hər hansısa bəyanat və qətnamə çıxarmaları fəaliyyətsizliklərini sığortalamaqdan başqa bir şey deyil. Minsk Qrupu Azərbaycan-Ermənistan danışıqlarının aparılması üçün qəbul olunmuş yeganə format olduğunu tez-tez səsləndirməklə, əslində, bu problemin həllinə digər formatların daxil olmasına imkan verilməyəcəyinə işarə edir. Amma buna rəğmən, biz öz gücümüzdən maksimum dərəcədə istifadə etməliyik.

- Məsələn, hansı addımlar ata bilərik?

- Məqsəd üçün hər şeydən və hər yerdən istifadə etmək olar, təki istək olsun.Bu gün dünyanın istənilən ölkəsində təhsil alan azərbaycanlı tələbələrə rast gəlmək mümkündür. Beynəlxalq təşkilatların qarşısında müntəzəm olaraq həm ictimai, həm də siyasi fəaliyyətimizi gücləndirməliyik. Hətta bir tələbə qaçqın düşmüş qonşusunun, qohumunun müdafiəçisi kimi beynəlxalq təşkilatlara ermənilərin xalqımıza qarşı amansız təcavüzünü yazılı formada təqdim edə bilər. Bilirsiniz, bunlar sadə görünə bilər, amma inanın ki, sadə olduğu qədərdə əhəmiyyətlidir. Qaldı diasporda nüfuzlu və aktiv siyasi fəaliyyət göstərmək istəyən soydaşlarımıza, onlarında fəaliyyətindən sistemli şəkildə istifadə etmək mütləq lazımdır.

Qarabağın Azərbaycan torpağı olduğunu bilirlər...

Bu gün biz şahidik ki, Avropa Parlamentinin Azərbaycana qarşı 9 sentyabr 2015-ci il tarixində çıxartdığı anti-Azərbaycan bəyannaməsi məqsədyönlü hazırlanmış bir qətnamədir. Qətnamədə Azərbaycana qarşı ədalətsizcəsinə, böhtan, yalan xarakterli çıxışlar bəyan olundu. Əslində, Avropadakı siyasi-ictimai təşkilatlar Qarabağın Azərbaycanın əzəli torpağı olmasını yaxşı bilirlər. Sadəcə, açıq-aşkar olan bir məsələyə qarşı bu cür ikili mövqedənyanaşan insanların qarşısında məhz Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası kimi qeyri-hökumət təşkilatlarının vasitəsilə kampaniyalar aparmalı, layihələr həyata keçirməliyik. Qarşıdan Xocalı soyqırımının anım günü gəlir. Mən neçənci ilin gəldiyini demirəm, bilirsiniz niyə? Qanı qurumayan soyqırımın ili olmur. Biz Əlaqələndirmə Şurası olaraq, beynəlxalq təşkilatların mərkəzi, beşiyi sayılan Belçikada dəfələrlə Xocalı soyqırımını əks etdirən şəkil stendlərlə kampaniyalar keçirmişik, beynəlxalq konfranslar təşkil etmişik.

Düşünürəm ki, 2016-cı ildə keçiriləcək növbəti qurultaydan sonra Şuranın yenidən aktiv fəaliyyətə başlaması haqlı olan Azərbaycana qarşı bu kimi açıq və qərəzli münasibətlərə öz təsirini göstərəcək.

Əgər siyasətçisənsə...

Necə ola bilir ki, təcavüzkar Ermənistan öz məqsədini həyata keçirməkdən ötrü bütün vasitələrdən istifadə edərək, orada işləyib nəticə əldə edə bilir, amma bizim buradan gedən nümayəndələrimiz haqlı olduğumuz halda dəstəklənməyimizə nail ola bilmir? Bəli, ikili standartlar var, elə ona görə də biz onqat artıq işləməli. Həqiqətləri daim onların diqqətinə çatdırmalı, bütün vasitələrdən istifadə etməliyik.

İstər dünya, istərsə də qonşuluq siyasətində Azərbaycan həmişə sülh və əməkdaşlıq münasibətlərinin tərəfdaşı kimi çıxış edib. Mən qətiyyən belə düşünmürəm ki, Avropa bizə nifrət edir və nə desək, əleyhinə çıxır. Bu, tamamilə yanlış yanaşmadır. Çünki son illərdə sivilizasiyalararası möhtəşəm konfranslar, iqtisadi layihələr və ilk Avropa Oyunları məhz Azərbaycanda keçirilib və bu bizə əsas verir deyək ki, Azərbaycan maraqlı və sevilən ölkələr sırasındadır.

- Qadınların ictimai-siyasi fəaliyyətdə rolundan danışmaq istərdim.Məsələn, elə siz özünüz də parlament seçkilərində iştirak etmisiniz.

- 2015-ci il parlament seçkilərində iştirak edəndə devizim belə idi: "Qadınlar öndədirsə, cəmiyyət inkişafdadır”. Əgər evdə bir təhsilli, savadlı xanım varsa, bu, ailədə dünyaya göz açan övladların da savadlı olması deməkdir, bunu hər bir evə bağlasaq, demək, cəmiyyət öndədir, inkişafdadır. Qadınlar tarixin bütün dönəmlərində lider kişilərimizlə çiyin-çiyinə dayanıb, öz hünər və istedadları ilə töhfə veriblər. Bir də qadınlarda onların təbiətindən irəli gələn təmənnasız analıq qayğısı və tükənməz məhəbbət hissi var. Bu da təbii olaraq onların cəmiyyətdə tutduqları hüquq və vəzifələrində özünü büruzə verir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva bu gün aktiv ictimai qadınlarımıza ən gözəl nümunədir. Qadın böyük qüvvədir, o, ailədə etibarlı dostdur, sədaqətli həyat yoldaşıdır, cəmiyyətdə isə müəllimdir, həkimdir, alimdir, səlahiyyət və söz sahibidir. Bütövlükdə isə anadır – o, həm öz uşaqlarının, həm də cəmiyyətdə tutduğu yerin və işin anasıdır. Bunu təbiət özü bəxş edib ona. Qaldı seçkidə qalib və ya məğlub olmağa, hesab edirəm ki, vətənini, dövlətini sevən adam üçün məğlubiyyət sözü yoxdur. O, seçicilərlə görüşmək, el-el, oba-oba gəzərək sadə, saf xalqın içində onların problemlərini və dərdlərini dinləmək, onların həyat şəraiti ilə yaxından tanış olmaqla əslində öz məsuliyyətinin daha dərindən dərk etmiş olur.

Nəzrin İsmayıl