Belçikalı senator AŞPA-dan istefa verib

Belçikalı senator AŞPA-dan istefa verib

19-09-2017 13:19 / Bu xəbər 1208 dəfə oxundu

OCCRP-nin araşdırmalarının istefaya səbəb olduğu bildirilir

Belçikalı senator Alan Desteks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib. Səbəb OCCRP beynəlxalq jurnalist şəbəkəsinin 2012-2014-cü illərdə Azərbaycandan çirkli pulların yuyulması məqsədilə 2,9 mlrd. dolların çıxarılmasından bəhs edən araşdırmanın fiqurantı olmasıdır.

"Turan"Qərb mətbuatına istinadən yazır ki, Desteks Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alırdı.

Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi.

"İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu.

Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma şənbə günü Desteks ona qarşı "hücumlardan" gileylənərək, istefa verib"- məlumatda deyilir.

"Həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzəmin məzmunu deyil, mənim şəxsiyyətim üzərində cəmlənib", deyə Belçika mətbuatı Desteksin sözlərindən sitat gətirir.

Desteksin fikrincə, "sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir".

"Bir müddət əvvəl Desteks AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunmuşdu"- agentliyin məlumatında vurğulanır.