"Bu, məhkəmə deyil, məzhəkədir"

09-08-2018 14:57 / Bu xəbər 1798 dəfə oxundu

Əvəz Zeynallı: ''Məhkəmənin qərarı siyasidir''

Şəmşad Ağa: ''Mən bunu məhkəmə yox, məzhəkə hesab edirəm''

Səbail Rayon Məhkəməsi avqustun 8-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xural.com”, "arqument.az" saytlarının fəaliyyətinin məhdudlaşdırılması haqda müraciətinə baxıb.

Məhkəmə "Xural”ın bloklanması və baş redaktor Əvəz Zeynallının 10 manat cərimələnməsi haqda qərar çıxarıb.

Bu barədə açıqlama yayan baş redaktor Əvəz Zeynallı bildirib ki, nazirlik ona xəbərdarlıq məktubu göndərməyib. Ancaq buna rəğmən nazirliklə əlaqə saxlamağa cəhd etsə də, alınmayıb:

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birbaşa Səbail Rayon Məhkəməsinə sayta girişi məhdudlaşdırılması haqda müraciət edib. Nazirliyin müraciətində 4 yazıdan söhbət gedir. Halbuki, heç biri "Xural”-ın yazıları deyil, başqa saytlardan götürülüb. Yazıların biri "Turan” İA-nın, ikisi "azpolitika.az”, sonuncusu isə "Azərbaycanreallığı” saytından götürülüb. Həmin yazıların üçünün "Xural”la heç bir əlaqəsi yoxdur. Bir yazı isə Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vaxtından əvvəl həbsdən buraxılması haqda statusumun xəbəri idi, onu başqa sayt dərc etmişdi, mən də ordan götürüb sayta qoymuşdum. Maraqlı məqam odur ki, məsuliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyurlar, ancaq məhkəməyə göndərilən iddiada nazir Ramin Quluzadənin imzası var. İkinci, prosesdə nazirliyin nümayəndələrinin yazılar haqda təsəvvürləri olmadığı üzə çıxdı, çünki vəsatət zamanı suallara cavab verə bilmədilər”.

Əvəz Zeynallı

Məhkəmənin qərarını siyasi adlandıran Əvəz Zeynallı bildirib ki, məhkəmədən əvvəl "Xural”dan yazıları çıxarıb:

"Çox qəribə mənzərə yarandı, mən məhkəmədə saytda həmin yazıların artıq olmadığını deyəndə hakimin və nazirliyin nümayəndəsinin sifətini dərin kədər bürüdü. Əslində, biz bunu qəsdən etmişdik ki, bunları ifşa edək. Çünki məlum oldu ki, biz məhkəməyə gələndə artıq sayt bloklanmışdı. Burdan belə nəticə çıxır ki, qərar siyasidir”.

Bu gün Səbail Rayon Məhkəməsi "monitortv.info" və "arqumenti.az" saytlarının da bloklanması haqda qərar çıxarıb.

Prosesə hakim Elmar Rəhimov sədrlik edib. "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa Meydan TV-yə bildirib ki, proses zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddialarının əsassız olduğu göründü. Hakim özü də bunu gördü, nazirliyin rəsmilərinin suallara cavab verə bilməmələri bu mənzərəni ortaya qoydu.

Şəmşad Ağa

Qərarın siyasi sifarişlə qəbul edildiyini söyləyən baş redaktor bu barədə əvvəlcədən məlumatlı olduğunu dedi:

"Avqustun 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciətinə anında cavab versək də, 24 saat keçməsinə baxmayaraq reaksiya olmadı, hətta zəng etdik yalnız "müraciətiniz çatıb” söyləməklə kifayətləndilər. 8 saat keçmədən məhkəmədən bildiriş gələndə qərarın sifarişli olacağını bildim. Hakim Elmar Rəhimova da qərarın siyasi olduğunu söyləyib hüquqi səviyyədə mübahisələndirəcəyimizi bildirdim. "KİV haqqında” qanuna istinad etsək də, nəzərə alınmadı. Təsəvvür edin ki, Lerik rayon əhalisi prezidentə müraciət edib və bunu ictimailəşdiriblər. Buna görə nazirliyin iddia qaldırması anlaşılmazdır. Həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin başqa saytlara istinadən dərc olunan məqaləyə böhtan və yalan iddiası qaldırması absurddur. Nəhayət, nazirlik ekspertiza da keçirmədən məhkəməyə müraciət edib. Mən bunu məhkəmə yox, məzhəkə hesab edirəm”.

Saytların bloklanmasına münasibət bildirən media mütəxəssisi, hüquqşünas Ələsgər Məmmədli öz "Facebook” səhifəsində yazıb:

"Saytların bloklanması üçün məhkəməyə müraciət göndərən Nəqliyyat (Velisoped, ata arabası, digər qoşqular) Rabitə (simli və simsiz telefon), yüksək (bir metrdən hündür) Texnologiyalar (pul yuyan paltar maşınından, pul sayan maşınlaradək) əməkdaşları dərk etmirlər ki, saytlar mediadır və mediada böhtan iddiası gərək məhkəmədə sübut olunsun. Bu da sıradan "böhtan var” deməklə olmur. Ölkənin qanunlarını oxumaq lazımdır. Cinayət Məcəlləsinin 147-ci maddəsi deyir ki, bir məlumatın böhtan olması üçün üç şərt olmalıdır. 

1. KIV-də yayılma,
2. yalan, 
3 qəsd.

Ələsgər Məmmədli

Laçın Rayon İcra Hakimiyyətinə etiraz edənlərin tənqidini KİV-də yazmaq necə böhtan ola bilər? 

Etirazçıların fikrini KİV-də yazmaqda nə yalan var, nə qəsd. Yalan deyil, çünki ortada etiraz edənlərin icra hakimiyyəti qarşısında şəkli var. Qəsd də yoxdur, çünki medianın funksiyası ictimai əhəmiyyətli hadisəni işıqlandırmaqdıq. Bu da ciddi ictimai əhəmiyyət daşıyır. 

Ayrıca böhtanı sübut etmək yükü də böhtana tuş gəldiyi iddia edilən icra başçısınındır. İcra başçısı gərək bir əziyyət çəksin, bir mirzə tutsun, ona bir xüsusi ittiham qaydasında iddia ərizəsi yazdırsın, onu həmin saytın qeydiyyatda olduğu rayon məhkəməsinə göndərsin, sonra da proses günü gəlib sübut etsin ki, ona böhtan atılıb, o, deyilənləri və jurnalistlərin əlində olan səs yazısını deməyib. 

Amma icra başçısı kəsə yol tapıb. Birbaşa mirzə kimi yüxarıda adını və mahiyyətini yazdığım nazirliyi seçib. Çünki nazirliyin çox yüksək savadlı mirzələri İnformasiya və İnformasiyasızlaşdırma Qanununun maddəsini sui-istifadə etməkdə və mahiyyətdən kənara çıxmaqda mahirdirlər.

Ölkəni xırmana döndərməyə heç kimin haqqı yoxdur. Özünüzə gəlin, nə etdiyinizə baxıb, bir az Prezidentin energetika nazirinə dediyindən edin!”.

2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, "Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və "Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.