Əfqan Muxtarlı: “Vicdanınızın səsinə qulaq asın, sonra o səs sizə əzab verəcək” [Son söz]

Əfqan Muxtarlı: “Vicdanınızın səsinə qulaq asın, sonra o səs sizə əzab verəcək” [Son söz]

24-04-2018 18:33 / Bu xəbər 2738 dəfə oxundu

"İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyəti onun vicdanıdır"

Aprelin 24-də Şəki Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, jurnalist Əfqan Muxtarlının Balakən Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Abzas.net xəbər verir ki, məhkəmədə Əfqan Muxtarlı son sözlə çıxış edib.

NİDA İdarə Heyəti üzvü Məsud Əsgərin sözlərinə görə, məhkəmədə zərərçəkmiş şəxs kimi çıxış edən gizir Qafur Məmmədovun istintaqa ifadəsi, eyni zamanda birinci instansiya məhkəməsindəki çıxışı ilə buradakı çıxışı arasında xeyli ziddiyyətlər var idi.

M.Əsgər bildirib ki, Qafur Məmmədovun xəsarət alması barədə ekspert rəyi yox idi.

Məhkəmə şikayəti təmin etməyib və Balakən Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Əfqan Muxtarlı son sözündə deyib:

"Cənab hakimlər kollegiyası, cənab prokuror, hörmətli proses iştirakçıları. İnsanlıq tarixi milyon illər ərzində inanılmaz inkişaf yolu keçib.

Sürü halında heyvan ovlayıb, çiy ət yeyən, meşədə yabanı meyvələrlə qidalanan insan, elmi və elmin müxtəlif yolların yaradıb. Nisbətən uzaq hədəfləri daşla oxla vuran insan, bu gün Marsa səyahətə hazırlaşır. Mənə elə gəlir ki, insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyəti onun elmi nailiyyətləri yox, insanın vicdanıdır.

İnsanlıq vicdanı sayəsində ictimai münasibətləri, davranış qaydalarını, ailə institunu yaradıb. İnsan vicdanı sayəsində müxtəlif ictimai formasiyaları yarada bilib. Vicdanının səsinə qulaq asan insan, quldarlıq quruluşundan müasir liberal cəmiyyətlərin qurulmasına nail olub. Bizlər vicdanımız sayəsində insan haqları, demokratiya və digər milli və bəşəri dəyərlərə sahib olmuşuq. Biz vicdanını səsini ədəbiyyatda daha aydın şəkildə eşidirik. Nəsiminin qəzəllərini, Dostoyevskinin "Karamazov qardaşları”nı, Orhan Pamukun "Qara kitab”ını, Volterin "Kandit”ini, Servantesin "Don Kixot”unu, Alekseyeviçin "Müharibənin qadın olan üzü” romanını oxuyanda vicdanını səsini daha uca səslə eşidirik.

Vicdanın səsini susmazdır. Vicdanın səsini söz və mətbuat azadlığı kimi boğmaq mümkün deyil. Vicdanın səsini xalqın səsi kimi Məzahir Pənahov vasitəsilə oğurlamaq mümkünsüzdür.

Bütün ömrü boyu, davamlı şəkildə vicdansızlıq edən şəxslər belə, öz vicdanlarının səsini boğa bilməzlər.

Cənab hakimlər, mən əminəm ki, barəmdə verilən hökm sizin iradənizdən kənar qəbul edilib. Lakin həmin hökmün altında sizin imzanız olacaq. Təklif edirəm ki, vicdanızın səsinə indi qulaq asasınız. Sonra o səs sizə əzab verəcək”.

Mayın 29-u jurnalist Əfqan Muxtarlının Gürcüstanda itkin düşdüyü xəbəri çıxıb. Bir gün sonra jurnalistin Dövlət Sərhəd Xidmətində saxlanıldığı məlumatı yayılıb.

Dövlət Sərhəd Xidməti onun Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman saxlanıldığını bildirir.

Əfqan Muxtarlı və yaxınları, o cümlədən, yerli və beynəlxalq ictimayyət jurnalistin Gürcüstandan oğrulanaraq Bakıya gətrildiyini bildirir.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ə.Muxtarlı 2017-ci ilin yanvarında Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum olunub.

Jurnalist ittihamları rədd edir, həbsini "siyasi sifariş” adlandırır.