Ekspert "Azərenerji”ni tənqid etdi: “Korrupsiya, “otkat” və “şapka” yuvasıdır"

Ekspert

02-07-2019 15:30 / Bu xəbər 260 dəfə oxundu

Natiq Cəfərli: "ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməlidir”

Ötən ilin dekabrın 31-ə "Azərenerji" ASC-nin cəmi aktivləri 3 milyard 713 min 924  manat təşkil edib. 

Bu 2017-ci il ilə müqayisədə 1,7% çoxdur.

Bu barədə "Azərenerji”nin 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda deyilir.

Hesabata əsasən, ötən il üzrə ASC-nin cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 min manat olub, bu da 2017-ci illə müqayisədə 4% azdır.

"2018-ci ili 307 milyon 335 min manat zərərlə başa vurub"

"Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Yəni 2017-2018-ci illərdə "Azərenerji”-nin zərəri 1 milyard manata yaxın olub.  

ASC-nin bu günə cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 manatdır ki, bunun da 1 milyard 707 milyon manatı, yəni, təqribən 1 milyard dolları kredit borclarıdır. 

"Azərenerji” büdcədən hər il dotasiya alır, son iki ildə aldığı subsidiyanın miqdarı 196 milyon manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 milyon manatdır.

İqtisadçı Natiq Cəfərli deyir ki, ASC digər dövlət şirkətləri kimi rəsmən büdcəni talayır: ""Azərenerji”-nin nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir”.

Ekspertə görə, dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir: "Korrupsiya, "otkat” və "şapka” yuvasıdır. Bu ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir, yoxsa Arabulun taleyini heç kim yaşamaq istəməz”.

Toplum.Tv