Japon şirkəti 4500 nəfərin yaşadığı kəndi içməli su ilə təmin edib

Japon şirkəti 4500 nəfərin yaşadığı kəndi içməli su ilə təmin edib

02-09-2019 18:48 / Bu xəbər 690 dəfə oxundu

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə gerçəkləşdirib. 

Bu barədə şirkətdən məlumat verilib.

Bildirilir ki, sayca on birinci olan layihə Şəki rayonunun Qozlubulaq kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şəki Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını deyib. 

Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. 

Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. 

İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Samux rayonlarında da su təminatı layihələri həyata keçirildiyi deyilir.