"Kapital Bank"ın Neftçilər filialında sistem işləmir

31-05-2019 20:03 / Bu xəbər 214 dəfə oxundu

Müştərilər "Kapital Bank"ın Neftçilər kart mərkəzi filialından şikayət edirlər.

Bu barədə müştərilər Arqument.az-a məlumat veriblər.

Onların sözlərinə görə, bir neçə gündür ki, "Kapital Bank"ın Neftçilər kart mərkəzi filialında müştərilər növbəyə düşə bilmirlər.

Buna səbəb iş sisteminin düzgün qurulmaması və Elektron növbə sisteminin (Smartek) işləməməsidir.

Arqument.az-ın əməkdaşı problemlə bağlı bankın Neftçilər filialına yollanıb. 

Məlum olub ki, mayın 29-dan eyni problem yaşanır. Bu gün, mayın 31-də isə "Elektron növbə sistemi" günün ikinci yarısından ümumiyyətlə işləməyib və müştərilər növbə götürə bilməyiblər. 

Bundan başqa, Neftçilər kart mərkəzi filialının telefon nömrəsi də (012 520-27-83) cavab vermir. 

Müştərilərdən biri deyib ki, şikayətlər üçün qoyulmuş "Təkliflər və iradlar" qutusuna isə yalnız bir kağız qoyulub: "Bu da müştərilərin kütləvi şikayətini əngəlləmək məqsədi güdür. Görürsünüz ki, bankın önündə və içərisində 100-dən çox müştəri növbə gözləyir. Təsəvvür edin ki, neçə gündür eyni problemi yaşayırıq. Kimə şikayət edəcəyimizi də bilmirik. "Kapital Bank"ın "196" çağrı mərkəzinə də zəng edirik, azı yarım saat gözləməlisən ki, operator cavab versin. Bəzən kontur bitir, heç danışa bilmirik. Yəni tam bir anarxiya hökm sürür burada".

Problemlə bağlı "Kapital Bank"ın Neftçilər kart mərkəzi filialının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb. Bankın əməkdaşları isə bildiriblər ki, problem sistemdədi: "Bizlik deyil, sistem işləmir". 

Saat 15:18 radələrində "Kapital Bank"ın "196" çağrı mərkəzinə etdiyimiz zənglər də cavabsız qalıb. 

Xatırladaq ki, bankın Neftçilər kart mərkəzi filialının lisenziya tarixi 08.10.2018-ci ildir. Filial Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsində yerləşir.