Kitab oxumayanlara 5 faydalı məsləhət (FOTOLAR)

Kitab oxumayanlara 5 faydalı məsləhət (FOTOLAR)

21-05-2017 15:49 / Bu xəbər 402 dəfə oxundu

Azərbaycan müstəqillik qazanandan əlimizə düşən hər fürsətdə xalqı qarşımıza alıb nəyi var danladıq ki, kitab oxuyun. Oxumadılar. Yaxşı da elədilər! Bir də ayıldıq ki, biz kitab oxuya-oxuya ölkənin ən mağmın, ən kasıb, ən lazımsız təbəqəsinə çevrilmişik. Oxumayanlar isə vəzifə və iş başındadılar, bizi istədikləri kimi yönəldir, o dərədən bu dərəyə hoylayırlar.

Başımız daşdan-daşa dəyəndən sonra axır ki, kamilləşdik, anladıq ki, kitab yalnız oxumaq üçün deyilmiş və ondan daha faydalı istiqamətlərdə bəhrələnmək olarmış. Dəyişməyən isə bir həqiqətdir, mütləq kitab almaq lazımdır! Əsas onu oxuyub-oxumamaq yox, ən ucuz alət, aksesuar və ya məişət vasitəsi kimi istifadə etməyi bacarmaqdır. 

Beləliklə, kitabı almağı şərtləndirən və onu yararlı edən faydalı məsləhətlərimizi bir yerə toplamaq qərarına gəldik!

1. Səfərə gedərkən kitab götürün!

Bütün sivil ölkələrdə də belə edirlər.  Səfərə gedən adam mütləq çantasına bir neçə kitab atır. Düzdür, onlar kitabı yolda və ya istirahət zamanı oxumaq üçün özlərinə yol yoldaşı kimi götürürlər. Amma onlar qələt edir. Bizim dolmamız, lavaşımız olanda, onlar Parisdə tualet nə idi bilmirdilər! İndi onlardanmı öyrənəcəyik? Əvəzində onların bizdən öyrənməli olduğu çox şey var!

Biz də səfərə çıxanda kitab götürməliyik. Amma fərqli məqsədlərlə. Təsəvvür edin ki, bir neçə dostunuzla həftəsonu İsmayıllı, Qəbələ və ya Şəkiyə pik-nikə getmisiniz. Meşənin dərinliyində ürəyinizdən kabab çəkmək keçir. Kömür yox, qaz yox. Bir az çırpı tapıb alışdırmaq üçün alışqan və kağıza ehtiyacınız var. İllah da birinizin cibindən alışqan tapılacaq. Bəs kağız? Aha, çantanızda kitab var! 

Yaxud sevgilinizin əlindən tutub bir az da meşənin dərinliyinə varıb baş-başa qalmaq istədiniz. Xeyli dərinliyə varandan sonra qarnınız ağrıdı, təbii ehtiyacınız yarandı. Yaxınlıqda da bulaq yox, su yox... Nə edəcəksiniz? Kimsə deyə biləcək ki, yarpağa nə gəlib? Bəs əgər o yarpaq mikroblu və ya zəhərlidirsə? Onda bir öpüşün zibilinə bütün ömrü boyu filan yerinizi yara bassa... 

Bəli! Düz tapdınız! Bu halda qalın kitablar köməyinizə çata bilər! Deməli, doğrudan da kitab ən etibarlı yol yoldaşıdır!

Hələ meşədə kitabı altına qoyub oturmaq var, uzananda balış əvəzi yararlanmaq var... Səfərdə saymaqla bitməz faydaları olan kitabın qiymətinin 3-5 manat arası dəyişdiyini nəzərə alsaq, "mütləq kitab alın" sloqanını gözünüzə dürtməyə ehtiyac belə yoxdur. 

2. Kitab- soyuq silah kimi

Son illər evdə, toyda, kafedə, küçədə bıçaqlanma, baltalanma, çəngəllənmə, qaşıqlanma olayları sürətlə artır. Amma... bizə yaraşarmı? Biz ki, Şərqdə ilk demokratik respublika quran,  qadına səsvermə hüququ verən, arvadı samalyota qoyub havaya qaldıran, opera yazan, nöyüt çıxaran ilk xalqıq. Bəs bu nə qeyri-mədəni kriminallaşmadır? Bizim çəngəllə, bıçaqla dava edən vaxtımızmıdır? Biz ki, Vəhşi Qərbin yox, mədəni Şərqin övladlarıyıq. Biz dalaşanda, qəzəblənəndə niyə qalınüz kitablardan istifadə etməyək? Niyə kafelərdə bir-birimizə pivə bakalı əvəzinə kitab atmayaq? Niyə evdə dalaşanda baltaya əl atırsan? Niyə? Elə kitab vur da başına! Nə ölüm olacaq, nə sonrakı peşmançılıq! Həm də daha ucuz başa gəlir və dəfələrlə istifadəyə yararlıdır!

Deməli, hər zaman və hər yerdə əlinizin altında kitab olmalıdır! Odur ki, bolluca kitab alın, evdə, yolda, metroda, kafedə kitab əlinizdən düşməsin. Çünki hər an ona ehtiyacınız ola bilər!

3. Masaüstü aksesuar

Selfie çəkərkən masanızda kitab və bir fincan kofe olsun. Ki, dəblə ayaqlaşa biləsiniz. Ki, başqaları sizi kitabsız biri sanmasın!

Çay, kofe içərkən, yemək yeyərkən bahalı mebeliniz batmasın deyə altına qoyulacaq bir kitabınızın olması da ayrıca bir üstünlükdür.

Hərdən kompyuterin "siçanı" üçün altlığı da əvəz edə bilir. Hərdən gizli qeydlərinizi etmək üçün vərəqlərin qırağı karınıza gələ bilir. Yəni mütləq evdəki və işdəki otağınızda kitab rəfiniz olmalı, masanızı bir çox qalın-nazik kitablar bəzəməlidir.


4. Küləklər şəhərində hər evin olmazsa olmazı

Yaz və yay aylarında evdə-işdə tez-tez pəncərələri açmaq zərurəti yaranır. Küləklər şəhəri Bakıda isə bu bizə əlavə problemlər yaradır. Külək pəncərəni çırpır, tez-tez şüşələri qırılır və bizi əlavə xərcə salır. Amma qapının, pəncərənin arasına bir kitab qoysaq... Ay sağ ol, düz başa düşdün, 3-5 manatlıq bir kitab almaq var ikən, sonra 100 manat şüşəyə niyə verəsən? Hələ o qapı-pəncərənin cırıldaması, danqa-durunqu...

5. Sovetin mirası - ənənəyə qayıdış

SSRİ bizdən çox şey alsa da, az şey vermədi. İlk dəfə kəndlərimizə məktəblər, kitabxanalar ayaq açdı. İnternet yox, türk, braziliya, hind serialları yox. Mobil telefonlar, "Facebook" hələ kəşf olunmayıb... Uzun qış gecələrini, günün bekar saatlarını yola vermək üçün ən geniş yayılmış vasitə tum çırtlamaq idi. Bəs tumu necə alırdıq? Belinə şal bağlamış nənələrimiz bizə tumu Tolstoyun, Qorkinin, Əfəndiyevin və başqa klassiklərn qalın kitablarının hikmət dolu bükülü vərəqlərində satmırdılarmı? Hərçənd son vaxtlar bəzi tum firmaları materialının mənşəyi bəlli olmayan qablaşdırmalardan istifadəyə üstünlük verir. Mən bunu şiddətlə qınayıram! Biz öz ənənələrimizə hər zaman olduğu kimi sadiq qalmalı, keçmişimizə sayğı ilə yanaşmalıyıq. Şükür, indi kitab yazanlar və nəşriyyatlar çoxalıb. Hər gün yeni təqdimatlar var. Bəs bu kitablar hara istifadə olunsun? Milli iqtisadiyyatımıza niyə zərbə vururuq?

Yaxşı ki, hələ də tində-bucaqda bu ənənəni qoruyan nənələrimiz var. Hesab edirəm ki, bu ənənəni gənclərə də öyrətməyin və geniş tətbiq etməyin vaxtı çatıb. Hətta bir az da qabağa gedib deyə bilərəm ki, super marketlərdə zərərli sellofan paketlər əvəzinə də kitab vərəqlərindən hazırlanmış torbalara keçmək olar! Belədə kitablarımız nəhayət marketlərə də ayaq açacaq!

Əslində Kitabın faydalarını saymaqla bitməz, biz yalnız bir neçəsini dərlədik sizin üçün. Özünüz də fikirləşib bir çox faydalarını tapa bilərsiniz. Məsələn, "masanın ayağı axsayanda, ora nə qoymaq olar" və sair kimi qiymətli fikirlər sizin də ağlınıza gələ bilər.

Axı necə də olmasa, sizin də beyniniz var!

Zahir Əzəmət
Qaynarinfo.Az