"Mənə görə əsl müxalifətçilik ruhu onlardadır" - Xalid Bağırov yazır

07-12-2017 20:27 / Bu xəbər 475 dəfə oxundu

Xalid Bağırov
Hüquqşünas

Biz niyə qalib gələ bilmədik? Biz niyə avtoritarizmə qarşı heç nə qoya bilmədik? 

Ortaya qoyulan bütün mövzularda hakimiyyət bizdən bir addım irəlidə oldu. 

İstər mühafizəkarlıq, istər millətçilik, istərsə də etatizm. 

Dövlət bütün bu mövzulara sahib çıxdı. Hətta spekulyativ olsa da...

Yeganə qarşı qoya biləcəyimiz mövzu insana dəyər verəcək ideya uğrunda mübarizə ola bilərdi. Amma gəl ki, özümüz belə səmimi liberal-demokrat ola bilmədik. 

25 ildir ki, özümüzü aldatdıq. Əslində, 25 ilin bu hakimiyyətinə qarşı mübarizə verənlərinin içində Azərbaycan insanından savayı hər şeyi (dini, milləti, dövləti, qonşu dövətləri və sairə) ən böyük dəyər sayan məxluqlar gizlənmişdi. Əvvəl uydurma dəyərlərə sığındıq. Sonra isə uğursuzluqlarımız ortaya çıxanda aqressivləşdik, özgə dəyərlərini günah keçisinə çevirdik. 

Bu gün gördüyümüz mənzərə budur. Biz heç zaman anlamadıq ki, bu məmləkətin gerçək dəyərləri biz özümüzük-Azərbaycan insanları. Hətta kimlərsə intelekti belə ideallaşdırdılar. Amma onun sahibi ola biləcək insanı yox. İnsana yuxarıdan baxan nə intelektuallar gördük.

Bu gün səhər həyatımı etkiliyən hadisə oldu və mən qərar verdim. Hər gün sizə gerçək insan hekayələri yazım:

Birinci hekayə 

Mən onun barəsində eşitmişdim. Amma ilk dəfə təsadüfən yolda tanış olduq. Adidən adi bir Azərbaycan müxalifətçisi idi, əyalət müxalifətçisi... Məncə, əsl müxalifətçilik ruhu da məhz onlardadır. 

Onlar 25 il mifləşdirdikləri ideallarına sadiq qaldılar. Bu onların günahı olmasa da... Onlar əyalətin bivec mühitində təkləndilər, marginallaşdılar, buna baxmayaraq sona qədər döyüşüb, döyüldülər, qovuldular, tutuldular, əldən düşdülər... 

Yeni nəsilin gözündə isə köhnə, sınıq-salxaq "Moskviç" obrazına çevrildilər. Amma şəhərin sürüşkənliyindən, oyunbazlıqlarından kənarda dura bildilər, səmimiliklərini qoruyub-saxlaya bildilər. Onlarla danışanda anlayırsan ki, "siyasətdən uzaq siyasətçi" olmaq nə deməkdir. Primitiv ola bilərlər, amma səmimidirlər. Yanlış mövzularda dirənən ola bilərlər, amma ideallistdilər. 

Mənim qəhrəmanım da məhz belələrindən idi. İlk dəfə üzünü görəndə onun sifəti mənə kimisə xatırlatmışdı, amma bilmirəm kimi... Düzü, ilk dəfə, sonradan utanacağım bir şey etmişdim. Ona yuxarıdan baxmışdım. Hətta etiqadına belə gülümsəmişdim. Fizika müəlliminin dindarlığı ilə bağlı zarafat etmişdim. Gülümsəməyimi səmimiliyi ilə yola vermiş, etiqadında isə dirənmişdi. Daha sonra bunu o qədər təkrar edəcəkdi ki... Bu gün az qala keçmişədönük (retrospektiv) kimi bu barədə düşünərkən çox utanıram...

Bəli, bilirəm indi deyəcəksiniz ki, qəhrəmanının yuxarıda tənqid etdiklərindən, başqa dəyər daşıyıcılarından fərqi nədədir?! Nə bilim, bəlkə də, heç nədə... Bəlkə, o da dini uğrunda insanları tapdalayıb keçə biləcəklərdəndir. Axı mənim tənqid etdiklərimin özləri də çox rahatca mənim hekayələrimin qəhrəmanına çevrilə bilərlər. Amma fərq ondadır ki, onların özlərini inandıqları hekayələrin müəllifi hesab etsələr də, özlərinin bu hekayələrin baş qəhramanları ola biləcəyi ehtimalından bixəbərdilər. 

Mənim qəhrəmanım çox rahat, kompleksiz idi. Son hekayəsini danışanda çaşıb, qalmışdım. Adam bu yaxınlarda piyada 43 gün ərzində Kərbəlaya getmişdi. Nə az nə çox, düz 1600 km-lik yol... 

İlk reaksiyam qarışıq idi. Axı fizika müəllimini fizika qanunlarından başqa nə belə inandıra bilərdi ki, o, 43 gün dağlar, düzənliklər, susuz səhralar, yağış altında, günəşdə, qumlu küləkləri yarıb keçərək bu məsafəni qət etməyə özünü məcbur etsin. 

Əslində, illərcə dərs dediyi fizikada onun hərəkətlərinin tabe ola biləcəyi bir qanun yox idi. Yox, yox, elə bilməyin, onu bu yolda idarə edən nəsnəni ilahiləşdirmək istəyirəm. Əsla. Çünki ilahiləşdirərək gördüyümüz nəsnələrin əsl həqiqətdə bilmədiyimiz öz qabiliyyətlərimiz olduğuna inanıram. Sadəcə, biz insana inanmır, özümüzə güvənmirik. İnsana inanmaq üçün bizə ilahi müttəfiqlər lazım olur. Ona görə də böyük millət hekayələri qurub onun çətiri altında gizlənməyə çalışırıq. 

Mənim qəhrəmanımı da bu qədər məsafəni sürükləyib daşıyan bir güc olmalı idi. Nə idi axı bu güc? Sonra anlayacaqdım. Sonra... başqa ölkələrdən olan zövqlü adamların Üzeyir Hacıbəyov barədə "посредственность" kimi eyhamlı ifadə işlətdikdən sonra 60-cı on illiyini yaşayan bu kişinin yerindən sıçrayaraq gənc əcnəbilərin acığına ucadan "Sənsiz" romansını oxuyanda anlayacaqdım. Bu, onun gücü iradəsində idi. Məhz iradə idi, onu 25 il bu rejimə qarşı ayaqda saxlayan, piyada Kərbəlaya aparan və indi "Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz" dedirdən... 

Bilirəm, ona qalsa idi, etiraf etməyəcəkdi. Yuxarını göstərərək: "Bu, onun iradəsindədir", - deyəcəkdi. Amma bu onun öz iradəsi idi, mən buna adım kimi əmin idim. Sonra başqa şeyləri biləcəkdim...

Sonra biləcəkdim ki, bu adam mənə sifət cizgiləri ilə Ben Kinqslini xatırladır. 

Bu gün səhərin vəhyindən sonra nədənsə Ben Kinqsli və Penelopa Kruzun iştirakı ilə "Elegiya" filminə baxdım. Gözümün qabağında o idi, düşüncələrimdə özüm...