"Ünvanlı sosial yardım ləğv ediləcək" - Səlim Müslümov

15-11-2017 15:35 / Bu xəbər 2390 dəfə oxundu

Qadir İbrahimli: ''Ünvanlı sosial yardımdan imtina heç bir effekt verməyəcək''

"Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur”.

"Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. 

"Bu proqramların icrası məqsədi ilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

Nazir deyib ki, növbəti ildə isə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: 

"Biz bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqi ilə hamını işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bu yolla ailə tərkibində əmək qabliyyəti olan insanları işlə təmin etməklə vətəndaşlara ünvanlı sosial yardım sistemini aradan qaldırmış olacağıq”. 

S.Müslümovun sözlərinə görə, bu proses təqribən 6-7 il davam edəcək. 

"Sonra Azərbaycanda ailədə əməkqabliyyəti olan şəxs işsiz qalmayacaq. Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək və yardım verəcək”.

Güzərən Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Səlim Müslümovun açıqlamasını akademik yanaşma adlandırıb:

"Çox təəssüf ki, Azərbaycan iqtisadiyyatı akademik, nəzəri yanaşmalarla idarə olunur. Bu yanaşmalar isə bir çox hallarda praktikada özünü doğrultmur. Ünvanlı sosial yardımdan imtina heç bir effekt verməyəcək”.

Mərkəz rəhbəri Meydan TV-yə bildirib ki, hökumət faktiki olaraq ünvanlı sosial yardımdan imtina edir.

Qadir İbrahimli

Artıq müxtəlif bəhanələrlə ünvanlı sosial yardımların verilməsi dayandırılıb. Sadəcə, hökumət istəyini rəsmiləşdirmək niyyətini gerçəkləşdirir. Əgər hökumət yoxsulluq səviyyəsinin 5 faiz olduğunu hesab edirsə, bu, yarım milyon insan deməkdir. Yarım milyon insanı işlə təmin etmək üçün 35 milyon yox, 25 milyard investisiya lazımdır. Çünki dünya standartları ilə götürdükdə davamlı bir iş yerinin yaradılması 4-5 min dollara başa gəlir. Bu hesabla götürdükdə ən azı 25 milyard dollar gərək olacaq”.

Qadir İbrahimli düşünür ki, nazirin əsas gətirdiyi proqram nəzəri olduğundan işləməyəcək. Sadəcə, müəyyən vəsait xərclənəcək. Çox təəssüf ki, hökumətin son addımları bütün sosial yardımlardan imtina siyasətinə yönəlib. Azərbaycan kimi ölkədə məqbul variant deyil və əhalinin vəziyyəti daha da ağırlaşacaq. 

Reportun məlumatına görə, cari il aprel ayının 1-ə respublika üzrə - cəmi 587 506 nəfər ünvanlı dövlət sosial yardımı alır. Yardımın məbləği 35,82 manatdır. 

Bakı şəhəri üzrə 89 211 nəfər məbləği 39,44 manat olmaqla sosial yardım alır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, respublika üzrə bir nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 36 manatdır. 

Təsdiq edilən qaydalara əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər: 

- ailə üzvünün əmək qabiliyyətini itirməsi;
- əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 
- ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;
- ailə üzvünün vəfat etməsi;
- ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;
- ailə üzvünün azadlıqdan məhrum edilmə;
- ailə üzvünün olduğu yerin məlum olmaması.