''Oğlumun nəşini götürməyə gedəndə dedilər, 3 min dollar hörmət et, şəhid adı verək''

''Oğlumun nəşini götürməyə gedəndə dedilər, 3 min dollar hörmət et, şəhid adı verək''

09-08-2019 21:34 / Bu xəbər 607 dəfə oxundu

Ucar sakini deyir ki, 25 il öncə itirdiyi oğlunun haqqı tapdanıb

Ucarın Küçəkənd kəndinin sakini, 63 yaşlı Fəridə Mustafayeva onkoloji xəstəlikdən əziyyət çəkir. 6 ay öncə bilib xəstə olduğunu. Dediyinə görə, xeyli yanlış müalicədən sonra dəqiq diaqnoz qoyulub. Təcili əmməliyyatla mədəsini götürüblər. 6 ay ərzində bütün həyatının dəyişdiyini bildirir: "Bilirəm ki, vəziyyətim ağırdır. Və mən bu gün övladlarımın üzünə baxanda xəcalət çəkirəm. Onları vaxtında oxutmadığım, bir sənəd sahibi etmədiyim halda bu gün müalicəmə görə borc, kredit içində yaşadıram. Hamısının evi yarımçıq, həyatları ağır… Onları belə qoyub getmək ağırdır. Həyatdır də, nə etmək olar, mənimki də belə gətirdi”.

Güclə dərindən nəfəs alıb, sözünə davam edir. Deyir, elə əvvəldən kasıb olublar. Normal gün gördüyü olmayıb: "Uşaqları yarıac-yarıtox saxlamışıq, ancaq qarınlarını doyuzdura bilmişik. Gəlinin adına 2500 manat kredit götürüb bir-iki maşın daş tökürdüm həyətə. Sonra pensiyamla az-az qaytarırdım. Axırda iş elə gətirdi ki, xəstələndim. İndi də kredit götürmüşük. 11 mindən çox borcumuz var. Mənim əməliyyatım, kimya terapiyalar və s. Aya 700 manatdan çox pul çıxır. Deyirəm, etməyin, qoyun ölüm. Ürəkləri götürmür”.

Fəridə Mustafayevanın 3 oğlu 1 qızı var. Deyir, oğlunun birini 1994-cü ildə, hərbidə itirib: "Xəbəri gələndə elə bildim daha yaşamaram, ölərəm. Amma zamanla anladım ki, insan hər acıya dözə bilir. Əslində yaşamadım, buna yaşamaq demək olmaz. Nəşini götürməyə gedəndə dedilər ki, 3 min dollar hörmət elə şəhid adı verək, müavinət al. Mən bu təklifi eşitdiyimə utandım, ancaq onlar belə təklif etməkdən zərrə qədər utanıb-qızarmadılar. Razılaşmadım, dedim, şəhidlik mənim oğlumun haqqıdır. Haqlı verilməli olan adı, niyə onun ruhunu incidib pulla alaq? Mənə müavinət də lazım deyil. Beləcə, oğluma bir ad vermədilər”.

Ana deyir ki, oğlan nəvələrinin "əmimiz şəhid oldu, heç adı da yoxdur. Biz hərbiyə getməyəcəyik”, - deməsi onun ürəyini incidir:

Mustafayevlərin yaşadığı ev
Mənbə: meydan.tv

"Haqsız da deyillər. Evdə eşidiblər, danışırlar. Nə etsinlər, uşaq gördüyünü götürər. Hər şeydə haqsızlıqdır, bir bu deyil ki... Xəstəyəm, borc-xərclə müalicə olunuram. Sabah ölsəm, bu uşaqlar mənə necə məclis düzəldəcəklər, bilmirəm. Evim uçub-tökülür. Hamısının evi yarımcıq, pis gündə. Belə bir həyatla hələ bir mən də yükəm onlara. Utanıram, xəcalət çəkirəm”.

F.Mustafayeva deyir ki, illərdir gördüyü bütün haqsızlıqlara susur: "Deyirdim, yəqin bu zülmün bir sonu olar. Dayanarlar, bitər. Get-gedə hər şey daha da betər oldu. İndi danışmaq istəyirəm. İtiriləsi heç nəyim qalmayıb. Bir canım vardı, o da xəstə düşüb. Səsimi eşidin, mənə pul, müavinət lazım deyil. Barı oğluma bir şəhidlik adı verin, gözüm arxada getməyim. Övladlarımdan biri üçün nəyəsə nail olmuş vəziyyətdə gedim bu həyatdan”.

Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.

F.Mustafayeva isə son ümid olaraq Prezident İlham Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyevaya tutub üzünü: "Bir ananın son arzusunu yerinə yetirin. Nolar, mənim balama şəhidlik adı verin. Bu, onun haqqıdır”.

Evin tavanı
Mənbə: meydan.tv