''Pambıq yığmaqla tələbə nəzəri biliyini artıra bilməz''

''Pambıq yığmaqla tələbə nəzəri biliyini artıra bilməz''

10-10-2018 14:44 / Bu xəbər 343 dəfə oxundu

Vahid Məhərrəmov: ''Bu, qeyri-qanuni bir haldır''

"Artıq tələbələrin pambıq yığıma cəlb edilməsini gizlətmirlər. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin tələbələrini bu yaxınlarda pambığa aparmışdılar. Əsaslandırırlar ki, guya tələbələr pambıq toplayarkən həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar. Əslində isə yanılırlar”.

Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov deyib.

O, bildirib ki, pambıq yığmaqla nəzəri biliyi, təcrübəni artırmaq mümkün deyil: "Burada ancaq fiziki əməklə məşğul olurlar. Əgər nəzəri və praktiki biliklərini artırmaq istəyirlərsə, o zaman Universitet tələbələri sahələrə istehsal prosesini izləmək üçün aparmalı idi”.

O qeyd edib ki, pambığın 10 inkişaf etapı var: "Onların içində səpindən öncə toxumun yetişdirilməsi, səpinin özü tələbələrə faydalı ola bilər. Ancaq onların yığıma cəlb edilməsi məntiqə sığmır”.

Onun sözlərinə görə, bu adamlar pambıqyığan deyillər, aqronom kimi yetişməlidirlər: "Onların nəzəri bilikləri ancaq universitet aidutoriyasında arta bilər. Ümumiyyətlə bu, qeyri-qanuni bir haldır. Son zamanlar insanların məcburi pambıq yığımına cəlb edilməsi halları çoxalıb”.

V. Məhərrəmov onu da deyib ki, bu gün ölkədə çox ciddi aqronom çatışmazlığı var. Çünki vaxtilə, Sovet dövründə həmin universitetdə təhsil alan tələbələri də üzüm və pambıq yığımına cəlb edirdililər:

"Nəticədə, onlar normal təhsil ala bilmirdilər. Diplom alırdılar, ancaq təhsil barədə eyni şeyi demək olmaz. Əksəriyyəti heç təcrübə də əldə edə bilmədiyindən, bu gün bir işə yaramırlar. Təəssüf ki, bu proses indi də davam edir. Tədris proqramını sonra sürətləndirməklə, yəni həmin buraxılmış dərsləri yenidən bərpa etmək, yenidən onlara əlavə məruzələr oxumaq, seminarlar keçirməklə, bir sözlə, dərs proqramını sıxlaşdırmaqla heç nə əldə edə bilməyəcəklər”.

V.Məhərrəmov yaranmış durumu vəziyyətdən sui-istifadə, tələbələri məcburi əməyə cəlb etmək kimi qiymətləndirir.

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti "Facebook” səhifəsində aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbəsini pambıq yığımına göndərdiklərini yazmışdılar.

Ötən il, xəstəxana işçilərinin, müəllimlərin və digərlərinin könüllü adı altında pambıq yığımına məcburi cəlb edilməsi ilə bağlı mediada çoxsaylı yazılar dərc edilib.