RATİ Fransa prezidentinə müraciət edib

RATİ Fransa prezidentinə müraciət edib

21-07-2018 17:39 / Bu xəbər 1884 dəfə oxundu

''İlham Əliyevi tənqidçiləri həbsxanadan azad etməyə çağırmağınızı xahiş edirik''

"Azərbaycan prezidenti İlham Əliyevlə görüşləriniz zamanı Azərbaycanda söz azadlığı problemlərinə toxunmağa, həmçinin onun tənqidçilərini həbsxanadan azad etməyə, eyni zamanda hökumətin KİV və xalq qarşısında hesabatlılığını artırmaq üçün təxirəsalınmaz islahatlar keçirməyə çağırmağınızı xahiş edirik”.

Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri ərəfəsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) prezident Fransua Makrona və ölkə parlamentinə müraciət edib. Hazırda İlham Əliyev Fransada rəsmi səfərdədir.

Müraciətdə daha sonra deyilir:

"Cari ilin aprel ayında 5 ildən 7 ilə qədər artırılmış dördüncü prezidentlik müddətinə növbəti şübhəli şəkildə seçilməsindən dərhal sonra İlham Əliyev tənqidçilərinə qarşı təzyiqləri gücləndirib.

2003-cü ildə atası, mərhum eks-prezident Heydər Əliyevdən hakimiyyəti alan İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində azad mətbuatı, vətəndaş cəmiyyəti institutlarını tamamilə məhv edib. İlham Əliyev Azərbaycan Konstitusiyasına antidemokratik dəyişikliklər yolu ilə eyni şəxsin ölkə prezidenti seçilməsinə iki dəfəlik limitinin ləğvinə nail olub. Demokratik institutları tam məhv edən İlham Əliyev 2017-ci ilin fevral ayında həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edib, bununla dünyada analoqu olmayan görünməmiş qohumbazlıq və kleptokratiya presedenti yaradıb.

Prezidentin ailə üzvləri demək olan ölkənin bütün iqtisadiyyatını öz əllərinə alıblar, bu da Azərbaycanı korrupsiyanın çiçəklənməsi səviyyəsinə görə dünyada utancverici ilk yerlərdən birinə çıxarıb”.

Müraciətdə daha sonra deyilir ki, tənqidçilərin təqib coqrafiyası çoxdandı Azərbaycanın hüdudlarından kənara çıxıb:

"Avropa İttifaqı ölkələrində siyasi sürgündə olan tənqidçilərin təqib cəhdi ilə yanaşı Azərbaycan hakimiyyəti xarici, o cümlədən fransalı jurnalistləri təqib etməkdən də çəkinmir. Belə ki, hakimiyyət tanınmış fransalı araşdırmaçı jurnalistlərə Loran Rişara (Laurent Richard) və Emanuel Başa (Emmanuel Bach) qarşı məhkəmə təhqiqatı təşəbbüsünü qaldırıb və Fransa məhkəməsindən onların məsuliyyətə cəlb edilməsini tələb edir.

Mövcud olan cəzasızlıqdan və vətəndaş cəmiyyəti tərəfindən lazımı nəzarətin olmamasından istifadə edən Azərbaycan hakim elitası tərəfindən korrupsiya mexanizmləri və çirkli pulların yuyulması Azərbaycan hüdudlarından kənara çıxıb və Avropa İttifaqı ölkələri, o cümlədən Fransa sərhədlərini aşıb. Son üç ilin səs-küylü jurnalist araşdırmaları göstərir ki, Əliyev hökuməti demokratik Qərb ölkələrində hakim elita barədə müsbət rəy yaratmaq məqsədilə avropalı və fransalı siyasətçiləri, həmçinin baş ofisləri Fransada yerləşən beynəlxalq təşkilatların yüksək rütbəli məmurlarını pulla ələ alıb. Hakim ailənin üzvləri və yüksək rütbəli məmurların qohumları bu günə qədər Fransada çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı şübhəli fəaliyyətlə məşğuldur. 

Bu gün Fransa Avropa İttifaqının liderlərindən biri olaraq fəal şəkildə Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirir, Fransanın aparıcı neft-qaz, tikinti-aviasiya və telekommunikasiya şirkətləri, həmçinin hərbi-sənaye kompleksi müəssisələri fəal şəkildə Azərbaycanla iri çoxmilyonlu müqavilələr həyata keçirir.

Bu əməkdaşlıq və Avropa dəyərlərinin irəliləməsində Fransanın liderlik rolu şəraitində sizi Azərbaycanda insan haqları, demokratiya, qanunun aliliyi sahəsində ciddi problemlərin həllinə və korrupsiya ilə mübarizəyə ciddi diqqət ayırmağa çağırırıq.

Bu gün Azərbaycan həbsxanalarında 100-dən çox siyasi məhbus saxlanılır, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin Avropa Şurası və ATƏT dəfələrlə Azərbaycan hakimiyyətini tənqidçilərini və opponentlərini azad etməyə çağırıb.

Azad edilməkləri üçün çoxsaylı çağırışlara baxmayaraq, korrupsiya ilə bağlı araşdırma aparan jurnalistlərdən beynəlxalq ictimaiyyətə daha çox tanış olan Əfqan Muxtarlı və Mehman Hüseynov hələ də həbsxanadadırlar. Hakimiyyət jurnalistlərin ölümü və KİV nümayəndələrinə qarşı digər cinayətləri effektiv araşdırmaqdan imtina edir”. 

RATİ yazır ki, müxalif siyasətçi İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq hələ də həbsdı qalır. Avropa Şurası qarşısında insan haqları ilə bağlı öhdəlikləri yerinə yetirməkdən imtinaya görə ölkəyə qarşı prosedur başlayıb, bu da ölkənin Avropa Şurasından çıxarılması ilə nəticələnə bilər:

"Bu gün qanunun və hüququn aliliyi dəyərlərin tam tənəzzülünü yaşayır, məhkəmələr tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil vəkillik institutu isə əməli olaraq ləğv edilib, 10 milyon əhalisi olan ölkədə 10-dan az həqiqətən də müstəqil olan vəkil qalıb, bu da hüquq müdafiəsi sahəsində fəlakətdir.

Ədalət məhkəməsinə və demokratik dəyişikliklərə ümudin itməsi sosial gərginliyə gətirib çıxarır, bu da hər an ölkədə, regionda ciddi şəkildə zorakılığa, sabitliyin pozulmasına səbəb ola bilər.

Ötən həftə Azərbaycan hakimiyyəti söz azadlığına qarşı yeni repressiya dalğasısına başlayıb. Belə ki, hakimiyyət iyulun 10-da Gəncə şəhərində keçirilən aksiyanı işıqlandıran 10-dan artıq onlayn KİV nümayəndəsini saxlayıb və işgəncələrə məruz qoyub. Bu aksiya ərəfəsində bir sıra müstəqil onlayn-nəşr məhkəmə qərarı olmadan Rabitə Nazirliyi tərəfindən qanunsuz olaraq bloklanmışdı, eyni zamanda prokurorluq bu nəşrlərə qarşı cinayət işi açıb, tanınmış jurnalist Mustafa Hacıbəyli və onun digər həmkarlarının həbsi təhlükəsi yaranıb.

Hörmətli cənab prezident, hörmətli Qanunverici Məclis üzvləri, Azərbaycanda insan haqları və demokrartiya sahəsində yuxarıda göstərilən problemləri nəzərə alaraq sizdən Fransanın nüfuzlu beynəlxalq mövqeyindən istifadə etməyi və Azərbaycan rəhbəri ilə görüş zamanı onu bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə, hər şeyi əhatə edən korrupsiyaya və həm Azərbaycan daxilində, həm də Avropa İttifaqı ölkələrində çirkli pulların yuyulmasına son qoymağa, avropalı siyasətçilərinin Azərbaycanda insan haqları və demokratiya sahəsində pozuntulara göz yumması üçün pulla ələ alınmasını dayandırmağa çağırmağınızı xahiş edirik”.

Meydan.Tv