Referendum sonrası ilk "torpaq məhbusları"

Referendum sonrası ilk

28-08-2017 14:16 / Bu xəbər 2819 dəfə oxundu

Şəki rayonunun Bolludərə kəndinin sakinlərinin icarə torpaqları ətrafındakı qalmaqalı davam edir
 
Sakinlərin Toplum.Tv-yə verdiyi məlumata görə, avqustun 27-də saat 12 radələrində  kənd sakinləri Sahib Rüstəmov, Ramiz Süleymanov və Murad Süleymanov Şəki Rayon Sarıca Polis Bölməsinə  aparılıb. Daha sonra Murad Süleymanov buraxılıb. Buraxılmasına səbəb kimi 2-ci qrup əlilliyinin olması göstərilir. Digər sakinlərdən isə xəbər yoxdur. 

Hadisə kəndlilərin icarəyə götürdükləri torpaqlar ətrafındakı məsələ ilə bağlıdır. 

Kənd sakini Faiq Qələndərov həmkəndlisi  Murad Süleymanovun keçən il subsidiya alaraq əkib-becərdiyi torpaqlarda əkin  həyata keçirmək istəyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidi, Qarabağ veteranı  Azər Məmmədov deyir ki ortada heç bir müqavimət olmayıb. Sahib Rüstəmov la Murad Süleymanov traktorun qarşısını kəsərək, onun hərəkətinə mane olublar. 

Bundan sonra Faiq Qələndərov  əraziyə polisləri gətirib. Polislər isə sahənin F.Qələndərovun olduğunu deyib, onlardan buranı tərk etməyi tələb ediblər. Sonra traktorun qarşısını kəsən Sahib Rüstəmov, Ramiz Süleymanov və Murad Süleymanov bölməyə aparılıblar. 

Onların polisə müqavimət maddəsi ilə saxlanıldığı deyilir.  Şəki Rayon Sarıca Polis Bölməsinin əməkdaşı, polkovnik Niyazi Süleymanov ona qaşı müqavimət göstərildiyini deyib. 

Azər Məmmədov da dünən ifadə alınması üçün polis şöbəsinə dəvət olunub və ondan ərizəyə qol çəkməsi istənilib. O isə səhhəti ilə bağlı problemi olduğu üçün ondan yerində ifadə alınmasını istəyir. 

Bundan başqa, iki kənd sakini - Rəşad Bağırov və Vüqar Süleymanov  da ifadə vermək üçün Sarıca Polis Bölməsinə çağırılıb.

Kənd sakinlərinin iddiasına görə, F.Qələndərov Şəki Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənddəki digər sakinlərin də torpaqlarını icarəyə götürüb. 

"Normanın 15 manat olmasına və heç bir qanuni sənəd verilməməsinə baxmayaraq, hektarına  80 manat ödəməklə kənd sakinlərinin bir qismi də bu yola əl atıb", - adının açıqlanmasını istəməyən bolludərəli deyir. 

Aylardır ki, Bolludərə sakinləri əkib-becərdikləri torpaqların yeni illik icarə müqaviləsini bağlamaq üçün mübarizə aparır.

Sakinlər deyir ki, əvvəlcə onlar subsidiya almaq üçün ölçü planı tələbi ilə üzləşiblər. Şəki Rayon İcra Hakimiyyəti və Rayon Kənd Təsərrüfatı Şöbəsi isə onları bir-birinə yönləndirərək, heç bir köməklik göstərməyib.

İyunun 19-da isə Şəki Rayon İcra Hakimiyyəti başçısı Elxan Usubov Bolludərə kənd sakinlərinə onların icarəyə götürdükləri torpaqların holdinqə satıldığını və subsidiyanın da naməlum holdinqə veriləcəyini deyib. 

İyulun 20-də bir qrup Bolludərə və Sarıca kənd sakini Prezident Aparatına müraciət edib.
 
Sarıca kənd sakinləri deyir ki, qapıda onları hektarına 80 manat  tələb edən həmin "naməlum şirkətin nümayəndəsi "qarşılayıb və "yola salıb”.

Şikayətlərini ərizə şəklində ünvanlayan Bolludərə sakinlərinə  isə yenidən icra hakimiyyətinə müraciət etmələri tövsiyə olunub.

Avqustun 4-də bir qrup sakin Şəki Rayon Prokurorluğuna onlardan pul tələb olunması ilə bağlı şikayət ediblər. Kənd sakini Firuz Süleymanov deyir ki, onlara aidiyyatı qurumdan  hələ də bir cavab verilməyib.

Avqustun 21-də  Şəmkirdə Kənd Təsərrüfatı naziri Heydər Əsədovun onları qəbul edərək torpaqlarını əvvəlki qayda ilə əkib-becərmələrini və heç bir problemin olmayacağını deyib.
 
Sakinlər bildiriblər ki, nazirin birbaşa tapşırığına əsasən məsələ ilə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin rəisi Eldəniz Həsənov məşğul olmalıdır, amma onu da yerində tapmaq mümkün deyil. 

Eldəniz Həsənov nazirin bu işi ona bu tapşırdığını, məsələ ilə bağlı sakinlərlə də əlaqə saxladığını bildirib. Hazırda məzuniyyətdə olduğunu deyən Həsənov Toplum.Tv-nin suallarını Kənd təsərrüfatına dövlət dəstəyi şöbəsinə yönləndirib. 

Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov isə məsələnin onlara aid olmadığını və heç bir kömək edə bilməyəcəyini deyib. O bildirib ki, bu məsələ ilə bağlı rayon hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq lazımdır. 

Hazırda məhkəmənin başlayacağı gözlənilir.

Toplum TV məsələni diqqətdə saxlayacaq.
 
İzzətxanım Cabarlı