"Saleh müəllimə dünya xəritəsini hədiyyə etmək lazımdır" - Natiq Cəfərli

20-09-2015 13:48 / Bu xəbər 2659 dəfə oxundu

Natiq Cəfərli

REAL Hərəkatının İcraçı katibi, iqtisadçı 

(Professora cavab – 2)

Hörmətli professor Saleh Məmmədov adımızı çəkməsə də, onun fikirlərinə yazdığım əks arqumentlərə cavab yazıb. Bunun üçün Saleh müəllimə təşəkkür edirəm, belə sivil diskussiyanın olması ölkə üçün çox vacibdir. Dəyərli professorun tezislərinə cavab yazmaqla bu mədəni diskussiyanın davam etdirilməsinə çalışacağam. İnsanlarımız üçün maraqlı və çox önəmli fikir mübadiləsi olacağına əminəm.

Tezis -1: "Məsələn, opponentlərdən biri deyir ki, borcları iri layihələrin maliyyələşdirilməsinə yönəltmək düzgün deyil. Mən həmişə iri müəssisələrin əksinə olmuşam və həmin proqramda da bütün əsas gücün kiçik və orta biznesin inkişafına yönəldilməsini təklif etmişəm. Məsələ burasındadır ki, dünya ölkələrində ÜDM –in təqribən 50-70%-ni kiçik biznes verir, bizdə bu rəqəm 10-15%-dir”.

Cavab - 1: Bəli, professor haqlıdır, bizdə kiçik və orta biznes çox zəif inkişaf edib, amma dəyərli Saleh müəllim bunun səbəblərini bilsə də, bu haqda heç nə yazmır: 1) İnhisarçılıq və korrupsiya kiçik və orta biznesi boğur, 2) Azad məhkəmələrin olmamağı biznesin inkişafını əngəlləyir, 3) Mülkiyyət toxunulmazlığı olmayan ölkələrdə kiçik və orta biznes inkişaf edə bilməz.

Tesiz -2: "İri layihələr həyata keçirilməlidir: Nəqliyyat üzrə ödəməli Bakı - Moskva, Bakı - Çin , Bakı-Türkiyə, Bakı-Təbriz sürətli dəmir yol xətləri, ödəməli geniş avtoban yollarının çəkilişi, kosmos sənayesinin qurulması, böyük ötürücü limanların qurulması, Xəzər dənizi ilə körfəzi birləşdirilən çay gəmilərinin hərəkət edə biləcəyi kanalın çəkilişi, mineral gübrə istehsalı, neft və qazın kompleks emalı və neft kimya zavodlarının inşaatı”.

Cavab – 2: Saleh müəllim yaxşı bilməlidir ki, 1 km sürətli dəmir yolunun çəkilməsi, təqribən, 5-8 mln. dollara başa gəlir, sürətli avtobanların çəkilişi də, təqribən, bu qiymətədir. Onun təklif etdiyi marşrutlar üzrə sürətli dəmir və avtomobil yolllarının çəkilməsinə Azərbaycanın deyil də, Almaniyanın belə büdcəsi yetməz. Kosmos sənayesinin qurulması yaxşı səslənir, amma kiminlə? Hansı mütəxəssislərlə? Ali məktəbə keçid balının 150 olan ölkədə kosmos sənayesi necə qurulur? Hansı texnologiyalarla? Kimdir bizə o texnologiyaları verən? Xəzərdən Fars körfəzinə kanalın çəkilməsi ideyasıni Saleh müəllim 20 il bundan öncə səsləndirib. Çox gözəl səslənir, amma İran buna icazə verərmi? Texniki cəhətdən bu mümkündürmü? Xəzərin eko-sisteminə bu necə təsir edər? Belə bir kanalın çəkilməsi, azı 400-500 mlrd. dollara başa gələr, İranın şimalından cənubuna qədər nə yaxın nöqtələr 700 km-ə yaxındır. 

Tezis – 3: "Pekin –Nyu-York (Rusiyadan-Kanadadan keçməklə, Berinq boğazından 200 km sualtı ilə, Alyaska-Kanada-Nyu-York yolu, uzunluğu 13000 km) sürətli dəmir yolu. Biz çalışmalıyıq ki, bu xətlərə birləşək, bunun isə ən səmərəlisi Xəzərin altından keçən yol olacaq (bəlkə də var, amma hər halda bu yol işlənməlidir). Bir neçə il əvvəl başlasaydıq, biz bu yolların bəzilərinin Azərbaycandan keçməsini təmin edə bilərdik”. 

Cavab – 3: Saleh müəllimə dünya xəritəsini hədiyyə etmək lazımdır, əyani şəkildə bizə başa salsın, göstərsin ki, Pekin – Nyu-York dəmir yolu niyə gəlib Xəzərin altından keçməlidir ki?! Hansı məntiqlə, nə münasibətlə?! Ya da, Alyaska – Kanada – Nyu-York yolunun Xəzərin altına nə aidiyyatı var?!

Tezis – 4: "Borclanma xarici və daxili ola bilər. Biz keçən söhbətdə əsasən xarici borclardan söhbət açmışdıq. Xarici borclar yalnız dövlətin alacağı borc deyil, bura ölkə daxili bütün rezidentlərin xarici rezidentlərdən alacağı borclar daxildir. Mən də dövlətin çox borclanmasının tərəfdarı deyiləm, amma şirkətlər, banklar, investisiya fondları, maliyyə şirkətləri, fiziki şəxslərin borclanmasına üstünlük verirəm”.

Cavab – 4: Hörmətli professor yaxşı ki, iradlarımızı qəbul edib, dövlətin borc yığmasının əleyhinə olduğunu dəqiqləşdirdi, bu pozitiv addımdır. Dəyərli Saleh müəllim yaxşı bilməlidir ki, Azərbaycanın indiki idarəetmə sistemi, beynəlxalq nüfuzunun və reytinqinin aşağı olması, kommersiya qurumlarının xarici borclara birbaşa çıxma imkanlarını minimuma endirir. Məhz buna görədir ki, SOCAR, Azerenerji, Azersu, AZAL və bu kimi digər şirkətlərə borclar ancaq və yalnız Dövlət Zəmanəti ilə verilir, yəni, borclar, sonda dövlətdən tələb olunur. Ölkədə qüsurlu və absurd idarəetmə sistemi dəyişmədən, nüfuzumuz və reytinqimiz qalxmadan özəl və dövlət şirkətlərinin, fiziki şəxslərin borclanması mümkün deyil. Ölkəmizin konsalidə olunmuş borcunun tamamına yaxını Dövlət Zəmanəti ilə alınıb. 

Tezis -5: "Bir qrup opponentlərim rəqəmlərin düzgün olmamasına irad tutublar. Məsələ burasındadır ki, ümumiyyətlə, Azərbaycanın statistikasında bəlli problemlər olduğuna görə, mən adətən Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarının statistikasından istifadə edirəm və hesab edirəm bu daha dolğun və düzdür”.

Cavab – 5: Bəli, mən hörmətli professora irad bildirmişdim ki, o qeyri-dəqiq rəqəmlərdən istifadə edib, amma beynəlxalq statistika da bizim rəsmi rəqəmlərə əsaslanır, çünki digər alternativ mənbələr yoxdur. Amma yaxşı ki, bu dəfə hörmətli professor ehtiyatlarımız haqqında düzgün rəqəmlər səsləndirib, amma doğru olmayan budur ki, bütün rezervləri likvid hesab edir, əslində bu belə deyil, ehtiyatlarımızda dünya bazarında məzənnələrin, qızılın və daşınmaz əmlak qiymətinin enməsinə görə xeyli azalma var. Digər tərəfdən yatırım etdiyimiz qiymətli və dövlət borc kağızlarını həmən likvid vəsaitə çevirmək imkanımız yoxdur, bunun üçün zaman lazımdır, həm də müəyyən itkilərli göz önünə almalıyıq. 

Tezis - 6: "İrad və şərhləri diqqətlə öyrənməyə yenə də hazıram, müəlliflərə əvvəlcədən təşəkkürümü bildirirəm”.

Cavab – 6: Mən də dəyərli professora təşəkkür edirəm ki, belə ideoloji və fundamental makroiqtisadi mövzularda diskussiyanın yaranmasına yardımçı olur. Amma bütün diskussiyalar o zaman vətənə, millətə, xalqa xeyirli olur ki, ziyalı insanlar yarıhəqiqətlərlə, ya da, həqiqəti gizlətməklə müzakirələr aparmasınlar. Hörmətli professor özü də dəqiq bilir ki, bütün problemlərin həllinin kökü indiki absurd idarəetmə sistemindədir...

P.S. Hörmətli Saleh müəllimin təklif etdiyi bütün layihələrin həyata keçirilməsinə 1 trilyon dollar (!!!) vəsait, 30-40 il də zaman lazımdır. Ölkəmizin nə o qədər pulu, nə də ki, o qədər zamanı var. Tezliklə daha REAL layihələrin və islahatların həyata keçirilməsinə ehtiyac var!