Tofiq Yaqublu boykotu səhv qərar adlandırdı, MŞ-dan cavab gəldi: "Seçimini et!"

Tofiq Yaqublu boykotu səhv qərar adlandırdı, MŞ-dan cavab gəldi:

27-08-2016 23:12 / Bu xəbər 1367 dəfə oxundu

"MSK Müsavat Partiyasının yaratdığı "Respublika" təşəbbüs qrupunu qeydə almadı. İndi özləri çalıb, özləri oynayacaqlar".

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanının müavini, keçmiş siyasi məhbus Tofiq Yaqublu feysbukda yazıb. 

T.Yaqublunun bu statusundan sonra Müsavat Partiyasının seçkilərə qatılması ilə bağlı müzakirələr açılıb və partiyanı referendumda iştiraka görə qınayanlar olub. 

Müsavat başqanının müavini isə partiyanın imzatoplama kampaniyasında iştirakını və təşəbbüs qrupu yaratmasını təqdir edərək, boykot qərarını səhv adlandırıb:
 
"Müsavat səhv etməyib. Səhvi iqtidar edib. İlham Əliyevin MSK-sı həmişə olacaq. Bəs biz heç vaxt seçkiyə qatılmayaq? 2013-də də eyni vəziyyət idi, bəs onda niyə seçkilərə qatıldıq? Boykot da, iştirak da normal yoldur. Əsas odur ki, səmimi mübarizə aparasan. Müsavat səmimi və barışmaz mübarizə aparır. Kim hansı addımı lazımlı sayır onu da atır. Ona görə fərqli taktiki addım atanları qınamayın. Biz də düşünürdük ki, boykot səhv qərardır, mümkün qədər müqavimət göstərmək lazımdır. Qeydə almadılar, bu faciə deyil. Biz məqbul üsullarla yenə də müqavimət göstərəcəyik. Rejimə qarşı səmimi mübarizə aparanların hamısına eşq olsun, harada olmağından asılı olmayaraq".

Tofiq Yaqublunun bu fikrinə Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamaldan reaksiya gəlib. O, Tofiq Yaqubluya belə bir sual ünvanlayıb: "Tofiq bəy, siz MŞ-nın KM-nin üzvüsünüz. KM-nin də boykot qərarı var. Siz boykot qərarını səhv hesab edirsinizsə, bundan sonrakı addımlarınız necə olacaq, mənə maraqlı gəldi?.."

Sosial şəbəkə istifadəçisi Şamil Beydullayevin "Vidadi bəy, Azərbaycan Respublikası Seçki Məcəlləsində boykot anlayışı yoxdur, çünki seçki sistemində kvorum anlayışı yoxdur. Siz hansı məcəllə ilə boykot qərarı vermisiz?" sualına isə Vidadi Mirkamalın cavabı belə olub: "Boykot şərti anlayışdır. Mahiyyəti referendum əleyhinə təbligatdır. Bir də ki, bəy sualım sizə deyil. Mən Tofiq bəydən cavab gözləyirəm". 

Bununla da Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Tofiq Yaqublunu Müsavat Partiyasının qərarı ilə Milli Şuranın qərarı, daha konkretləşdirsək, iki siyasi qurum arasında seçim etməyə çağırıb. 
 
Arqument.Az