Tofiq Yaqublunun müdafiə komitəsi yaradıldı

Tofiq Yaqublunun müdafiə komitəsi yaradıldı

23-03-2020 15:57 / Bu xəbər 513 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqubluya cinayət işi qaldırılıb. 

Daxili İşlər Nazirliyi sözçüsünün açıqlamasına görə, Tofiq Yaqublunun idarə etdiyi minik avtomobili martın 22-si saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Elxan Cəbrayılovun idarə etdiyi minik avtomobili ilə toqquşub, mübahisə zəminində Tofiq Yaqublu Elxan Cəbrayılovu və onun həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara bədən xəsarətləri yetirib. 

Nizami Rayon Polis İdarəsində saxlanan Tofiq Yaqubluya silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiqi ittihamı irəli sürülüb.

Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq zərər çəkmiş şəxsə zor tətbiqi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Müdafiəçiləri və Tofiq Yaqublu özü ittihamı qəbul etmir, hadisəni qurama sayırlar.

Müsavat Partiyası ittihamların tam uydurma olduğunu bəyan edərək Tofiq Yaqublunun dərhal azadlığa buraxılması tələbi qoyub. Martın 23-də yayılan məlumata görə, partiya Tofiq Yaqublunun hüquqlarını müdafiə komitəsi yaradılıb. Başqan müavini Fərəc Kərimlinin sədrlik etdiyi komitəyə Gülağa Aslanlı, Nemət Kərimli, Səxavət Soltanlı, Osman Kazımov, Mustafa Hacıbəyli, Könül Alı, Elman Quliyev daxildir.

Novator.az bildirir ki, 1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.

Tofiq Yaqublunun qızı, Müsavat fəalı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.

Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da Müsavat fəalı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Tofiq Yaqublu Demokratik Qüvvələrin Milli Şurasının ötən il oktyabrın 19-u Bakının mərkəzində keçirdiyi sanksiyasız aksiyada tutularaq 30 sutka inzibati həbs alıb, noyabrın 18-də azadlığa buraxılıb.

Tutulduğu gün Tofiq Yaqublu Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb.

Həmin il dekabrın 17-də Tofiq Yaqublu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Onun öd kisəsi çıxarılıb.