Türkiyə Avropa Parlamentinin qətnaməsini qınayıb

Türkiyə Avropa Parlamentinin qətnaməsini qınayıb

24-10-2019 17:52 / Bu xəbər 600 dəfə oxundu

Avropa Parlamenti Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” hərəkatını pisləyən qətnamə qəbul edib.

Türkiyə mediasının yaydığı məlumata görə, parlamentarilər Türkiyəyə bütün qüvvələrini Suriyadan çıxarmağa dair çağırış ediblər.

Qətnamədə bildirilib ki, Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Suriyanın şimalında BMT-nin nəzarəti altında təhlükəsiz zonanın yaradılmasının vacibliyi vurğulanıb.

Avropalı parlamentarilər tutulan İŞİD döyüşçülərinin Suriyanın şimalındakı düşərgələrdən qaçması ilə bağlı məlumatlardan ciddi narahat olduqlarını bəyan ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı bəyanat yayaraq bunu qınayıb.

"Terrorçuları daimi olaraq parlamentlərində qarşılayanların qəbul etdiyi bu qərar əslində təəccüblü deyil. Əvvəlcədən də qeyd olunduğu kimi, "Barış bulağı” hərəkatı beynəlxalq hüquqa əsaslanaraq terrorizmlə mübarizə çərçivəsində aparılıb. Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qanadı olan PYD/YPG-yə məxsus sığınacaqlar, hərbi texnikalar hədəf seçilib, mülki əhalinin və onlara məxsus yaşayış yerlərinin zərər görməməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda, "Barış bulağı” hərəkatının legitimliyi ABŞ və Rusiya ilə əldə edilən razılaşmalarda öz təsdiqini tapıb”, - deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti bunlara baxmayaraq, Türkiyəyə qarşı həqiqətdən uzaq və qərəzli qərar qəbul edib: "Avropa Parlamenti Suriyadakı PKK/PYD/YPG və İŞİD terror təşkilatları və qanunsuz miqrasiya ilə mübarizə aparan Türkiyə ilə həmrəy olmaq əvəzinə, terror təşkilatının əsassız iddialarına etibar edib. Məlum qərar Avropa Parlamenti ilə Türkiyə arasında əməkdaşlıq mühiti yaratmaq cəhdlərinə xidmət etmir”.