Arxiyepiskop tələbələri də Paşinyana qarşı etiraza çağırıb

Arxiyepiskop tələbələri də Paşinyana qarşı etiraza çağırıb

10-05-2024 16:24 / Bu xəbər 456 dəfə oxundu

"İnsanlar dövləti şoka salmaq istəyir, başqa yol qoymamısınız”

Mayın 10-dan Ermənistan müxalifəti bütün ölkə boyu dinc itaətsizlik aksiyalarına başladığını elan edib.

Bu çağırışı dünən arxiyepiskop Baqrat Qalstanyan səsləndirib.

"Tələbələri, universitetləri, pulu yüksək dəyər hesab etməyən bütün iş adamlarını, digər təhsil ocaqlarını tətilə çağırıram. Heç bir təcavüz olmadan, bir neçə gün, iki və ya üç gün, daha çox deyil. Rayon sakinlərimizə deyirəm, bu gecə qayıdın, orada da silsilə aksiyalara başlayın və bu təzyiq bütün respublika ərazisində olmalıdır. İnsanlar dövləti şoka salmaq istəyir, başqa yol qoymamısınız”, – deyə Qalstanyan bildirib.

Baqrat Qalstanyan Baş nazir postuna namizədlərinin olduğunu və adını açıqlayacağını da deyib: "Amma bu, keçmiş prezident Robert Köçəryan deyil”.

Keçmiş Ombudsman Arman Tatoyanın namizədliyinin irəli sürülə biləcəyi ilə bağlı suala arxiyepiskop müsbət cavab verib.

Ermənistanda mayın əvvəlindən geniş vüsət alan "Vətən üçün Tavuş” etiraz hərəkatı başlayıb.

Baqrat Qalstanyan küçə mübarizəsinə paralel olaraq Baş nazir Nikol Paşinyanın impiçmentinə nail olmaq üçün parlamentin də köməyinə ehtiyac duyduğunu deyib.

Bu məqsədlə müxalifətin "Hayastan” və "Mənim şərəfim var” fraksiyalarının deputatları ilə müzakirələrin aparıldığı deyilir. Lakin bu ideyanı həyata keçirmək üçün müxalifətin kifayət qədər səsi yoxdur.

"Milli Məclisin reqlamenti haqqında” Qanuna əsasən, impiçment proseduruna başlamaq üçün 36 deputatın və ya parlamentarilərin ümumi sayının üçdə birinin imzasını toplamaq lazımdır.

Müxalifətin ümumilikdə 35 deputatı var, deməli, onlara daha 1 deputat lazımdır. Nəzəri cəhətdən bunu müstəqil deputatın köməyi ilə etmək olar.

İndi yalnız bir belə adam var – Nəzarət Palatasının keçmiş rəhbəri İşxan Zakaryan, o, əvvəllər "Mənim Şərəfim Var” fraksiyasının sıralarını tərk edib. Ancaq fraksiyanın katibi Tiqran Abramyan jurnalistlərə deyib ki, bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb.

"Hayastan”dan olan deputat Artur Xaçatryan isə bildirib ki, prosedura başlamaq üçün müxalifət baş nazirliyə namizədini təqdim etməlidir: "Müvafiq forma alındıqdan sonra 24 saat ərzində tələb olunan 36 imza toplanmalı, daha sonra 48-72 saat ərzində impiçmentlə bağlı səsvermə keçirilməlidir.

İndi ən çətin vəziyyət səsvermə ilə bağlıdır – impiçment üçün ən azı 54 səs lazımdır. Müxalifət də öz tərəfinə əlavə 18 deputat cəlb etməlidir. Etiraz hərəkatının liderləri buna küçə təzyiqini artırmaqla nail olmağı gözləyirlər”.

A.Xaçatryan impiçment prosesinin nə vaxt başlayacağını söyləməkdə çətinlik çəkib: "Çünki vəziyyətin inkişafından çox şey asılıdır”.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.