ABŞ Gürcüstana viza məhdudiyyətləri elan edir

ABŞ Gürcüstana viza məhdudiyyətləri elan edir

24-05-2024 13:10 / Bu xəbər 936 dəfə oxundu

Məhdudiyyət Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının boğulmasına cavabdeh olan şəxslərə qoyulacaq

ABŞ Gürcüstanda "xarici agent” qanununun hazırlanmasında, təsdiqlənməsində rolu olan, etiraz edən dinc insanlara qarşı zorakılıq törədən hər kəsə viza məhdudiyyəti qoyacağını açıqlayıb.

ABŞ Dövlət Departamentinin bu barədəki açıqlamasında Gürcüstanın hakim "Gürcü Arzusu” Partiyasının təklifi ilə qəbul edilən qanunun birləşmək və ifadə azadlıqlarının həyata keçirilməsini boğduğu bildirilir: "Qanun Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatları ləkələməyə, gürcüləri informasiya ilə təmin etmək üçün çalışan müstəqil media qurumlarının işinə mane olmağa hesablanıb. Qanuna qarşı olan gürcüləri, dinc müxalifəti qorxutma kampaniyası aparıldığını və onlara qarşı zorakılıqdan istifadə edildiyini gördük".

ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd edilir ki, həm "milli təhlükəsizlik qanunu”, həm də qanuni narazılığı yatırtmaq üçün istifadə edilən repressiv taktika Gürcüstanın demokratiyasını və gürcü xalqının hüququ olan əsas azadlıqlarını sarsıdır: "Bütün bunları Gürcüstanın uzun müddətdir bəyan etdiyi – onun konstitusiyasında öz əksini tapmış – Avropaya inteqrasiya və ABŞ-la strateji tərəfdaşlıq məqsədinə ziddir”.

Açıqlamada bildirilib ki, bütün bu hərəkətlərə cavab olaraq, onlar Gürcüstan üçün yeni viza məhdudiyyəti siyasəti həyata keçirməyi qərara alıblar. Bu siyasət Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, eləcə də onların ailə üzvlərinə şamil ediləcək: "Bura zorakılıq və ya hədə-qorxu kampaniyası vasitəsilə Gürcüstanda vətəndaş cəmiyyətinin və dinc toplaşmaq azadlığının boğulmasına cavabdeh olan şəxslər daxildir”.

Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Gürcüstanda, o cümlədən 2024-cü ilin oktyabrında keçiriləcək seçkilər ərəfəsində, bu seçkilər zamanı və onlardan sonra demokratik proseslərə və ya institutlara xələl gətirən istənilən şəxs bu siyasətə uyğun olaraq Amerikaya viza almaq hüququna malik olmayacaq: "Onlar Birləşmiş Ştatlara səfər etmək hüququndan məhrum olacaq. Bu məhdudiyyətlər bu cür şəxslərin ailə üzvlərinə də şamil oluna bilər”.

Entoni Blinken həmçinin "Gürcüstan liderlərinin qanun layihəsinə yenidən nəzər salacağına” ümidvar olduğunu bildirib: "Mən həmçinin bu gün Birləşmiş Ştatlar və Gürcüstan arasında ikitərəfli əməkdaşlığı hərtərəfli gözdən keçirməyə başlayıram. Biz əvvəlki kimi Gürcüstan liderlərinin qanun layihəsini yenidən nəzərdən keçirəcəyinə və ölkələrinin demokratik və avroatlantik istəklərinin həyata keçirilməsində irəliləmək üçün addımlar atacağına ümid edirik. Ölkələrimiz arasında münasibətlərdə qərarların qəbulu zamanı Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”, – deyə o qeyd edib.

Bəyanat ABŞ-ın aparıcı senatorlarının Gürcüstana qarşı sanksiyalar haqqında ikipartiyalı qanun layihəsini təqdim etdiyi zaman səslənib. 

Bu, qeyd edilən qanun layihəsinə cavab olaraq sonuncu qanunverici addım olub.

Helsinki Komissiyasının sədri Co Ulson da mübahisəli qanun layihəsini qəbul etmədiyi təqdirdə Gürcüstana çoxdan gözlənilən hərbi və iqtisadi yardım təklif edəcək qanun layihəsini təqdim edib. 

Bununla birlikdə, qanun layihəsində Gürcüstan son nəticədə "xarici təsir” haqqında qanunu qəbul etdiyi təqdirdə sanksiyalara məruz qalacağı haqda müddəalar da var: "Mən həmçinin bu gün ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli icmalına başlayıram. Ümid edirik ki, Gürcüstan liderləri qanun layihəsini yenidən nəzərdən keçirəcək və öz xalqlarının demokratik və Avro-Atlantik istəkləri ilə irəliləmək üçün addımlar atacaqlar. Biz iki ölkə arasındakı münasibətləri nəzərdən keçirərkən, öz qərarımızda Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

Viza məhdudiyyətinin kimlərə şamil olunacağı hələlik bəlli deyil, bəyanatda hər hansı ad açıqlanmayıb, lakin onların hakim "Gürcü Arzusu” Partiyasının üzvləri olduğu təxmin edilir.

Ötən həftə Gürcüstan parlamenti maliyyə vəsaitinin 20 faizindən çoxunu xarici donorlardan alan QHT-lərdən və müstəqil KİV-lərdən "xarici dövlətin maraqlarını təmsil edən” təşkilat kimi qeydiyyatdan keçməyi tələb edən qanun qəbul edilib. 

Gürcüstan prezidenti qanuna veto qoyub, lakin hakim partiyanın onun müdaxiləsini ləğv etmək və gələn həftə parlamentdə daha bir səsvermə keçirmək üçün kifayət qədər deputatı var.