Müğənni Albina: "Anamdan xəbərsiz məni “Uşaq evi”nə vermişdilər..."
16-12-2021 16:56 / Bu xəbər 3457 dəfə oxundu
Müğənni Albina: "23 yaşıma qədər pasport ala bilməmişəm"
1992-ci ilin 26 avqust tarixində anadan olan Albina hazırda müğənni, bəstəkar kimi fəaliyyət göstərir.
Bir çox ilklərə imza atan Albina 2019-cu ildəki "Tək Sən" klipi ilə gündəmi zəbt etmişdi. Klipdə iki qızın öpüşmə səhnəsi bir çoxları tərəfindən qınaq obyektinə çevrildi.
2019 və bu ilki "Bakı Jazz festivalı”nda üçüncü yeri tutan Albinanın heç yerdə müsahibəsinə rast gəlinmir. Biz bu səhvi düzəltməyə qərar verdik.
- Albinanın müsahibələrə münasibəti necədir?
- Mən bir neçə dəfə müsahibə vermişəm. Demək olar, bütün hallarda işlətmədiyim sözlər, fikirlər yazılıb. Bir tərəfi kəsib, yapışdırıblar başqa yerə. Bir dəfə beynəlxalq bir kanal gəlib, klipimə görə müsahibə almışdı. Həmin kilipdə iki qız öpüşürdü. Sual verirlər ki, siz LGBT-ni dəstəkliyirsiniz? Dedim ki, belə şeylərin üstündə çox durmaq lazım deyil. Sizə klip lazımdır ya ya mənim LGBT mövzusunda fikirlərim? Mənim üçün hamı birdir. Heç kimə yarlıq yapşdırmaq düzgün deyil, hamı necə istəyirsə, o cür də olsun. Amma fikrimi kontekstdən çıxarmışdılar.
- Çeçenistanda doğulmusan. Hansı səbəblər səni buraya gətirdi? Rusiyada, bəlkə, daha çox tanınardın. Bilirsən ki, bizdə incəsənət o qədər də inkişaf etməyib.
- Əslində, insan qırğınından sağ qalanlardanam. 1992-ci ildə müharibə başladı. Anamın xalası vaqondakı kupeləri rüşvət verərək almışdı, guya ora bağlıdır. Biz o kupelərdə gizlənmişdik. Anam mənə o kupe məsələsini danışanda deyirdi ki, eşidirdim, insanları qatardan çıxarıb, güllələyirdilər. Belə şeylər ən çox sərhəd zonasında olmuşdu. Anamın xalası yaxşı tərpənmişdi, bizi xilas etmişdi. Anam deyir ki, o vaxt sən əl boyda idin. Mən iki aylıq olanda bura gəlmişik, bir daha qayıtmamışıq. Anam o zamanlar haqqında danışanda deyir ki, sən doğulanda başımın üstündəki aynaya güllə dəymişdi. Mən bu şərtlər altında dünyaya gəlmişəm.
- Davam edə bilərsən? Burdaki yaşamın haqqında eşitmək istəyirəm. Anan bu hadisələrdən sonraki gedişatı necə izah edir bəs?
- Azərbaycana pasportsuz, illeqal gəldik. Anam məni rəsmi nikah olmadan dünyaya gətirib deyə, ailəsi ondan üz döndərmişdi. Sonra, nənəm xərçəng xəstəliyindən öləndə belə, anamı onun yanına buraxmadılar. Biz burda, ana-bala ikimiz, tək qaldıq. Anamın xalası bir az imkanlı insandı. Almaniyadan bahalı əşyalar gətizdirib, satırdı. Anama da Bakıda satmaq üçün nələrsə göndərirdi. Birtəhər yaşayırdıq. Daim başqa evlərə köçürdük. Demək olar ki, biz Bakının hər yerində yaşamışıq. Anamla tez-tez ev dəyişirdik, amma bir ərazi vardı, orada çox qalmışıq. Çox gözəl yer idi. Kilsə var idi həyətimizdə. O zamanlar daha yaxşıydı çünki təbii kilsə gözəlliyi var idi. İndi bərpadan sonra həmin məkanda hər şey öz gözəlliyini itirib. Sonra anam işləmək üçün xaricə getdi. Mənə dayə tutmuşdu. İki ildən bir, görüşmək üçün gəlirdi. Bu zaman ərzində mən dayələrlə yaşamağa məcbur idim. Sonra çətin uşaq oldum, hər dəfə yeni insanlar və başqa dayələr, başqa qaydalar məni əsəbləşdirirdi. Biri üçün elədiyim adi hərəkət, digəri üçün nadinclik sayılırdı. Amma gözəl dayələrim də olub. 10 yaşımda məni bir dayəm sənəd və təhsilim üçün "Uşaq evi”nə göndərdi. Anam bir ildən sonra gələndə bildi ki, mən ordayam. Sən demə, bu vaxt ərzində o dayəmə mənə baxsın deyə pul göndərirmiş.
- Əgər ananla bir yaşamısansa, deməli, rusdilli olmusan. Daim köçmüsüz deyə uzunmüddətli dostun da olmayıb. Bu vaxt ərzində necə oldu azərbaycan dilini öyrəndin? Bu hansı çətinliklər doğurdu sənin üçün?
- Qaldığım "Uşaq evi”ndə azərbaycan dilini mənə döyə-döyə öyrətdilər. Birinci gün bir rus qız gəldi, dedi, azərbaycanca bilirsən? Dedim, yox. Dedi heç kimlə danışma, burada rusca danışmaq olmaz. Heç nə anlamadım. Növbəti gün hər şeyi başa düşdüm. Ağzımdan çıxan hər rusca kəlməyə görə görə başımdan yumruq yeyirdim. Anladım ki, burada hara getsəm ya qapaz yeyəcəyəm, ya da işlədəcəklər. Buna görə də, həmin "Uşaq evi”nin bütün məşğuliyyət sahələrinə yazılmışdım. Kitabxanada bütün kitabları oxumuşdum. Rəqsdən çıxıb, xor dərsinə girirdim, ordan çıxıb, kitabxanaya gedirdim. Bir il burda yaşadıqdan sonra anam gəldi. O mənlə rusca danışırdı, mən onu başa düşürdüm, amma cavab verə bilmirdim. Çünki, dili unutmuşdum. Dil baryerini aşmaq mənim üçün çox çətin olub. Çox ayrı-seçkiliyə, fiziki və psixoloji zorakılığa məruz qalmışam. Bilmədiyim hər şeyə görə çox əziyyət çəkmişəm.
- Həmin "Uşaq evi” haqqında danışaq. Necə keçirdi günlər? Hansı xüsusi hadisələr yadındadır?
- O. Mirzəyev adında Lənkəran Uşaq Evi idi. Direktoru bizdən tələb edirdi ki, biz ona "anacan” deyək, hansı ki bu çox travmatik bir şeydir. Qaçmağa çalışan uşaqlar çox olub və onlar tutulub, vəhşicəsinə döyülürdü. Bir dəfə Osman adlı bir uşaq qaçmışdı, amma polislər onu tutub, geri gətirdi. Həmin direktor onu səhərə qədər su "şlanq"ı ilə döymüşdü. Bu çox dəhşət idi, uşağın bütün bədəni göyərmişdi.
Bir dəfə də Bakıdan gənc yazarı qonaq kimi bizi internat məktəbə çağırmışdılar və ona bədəlçilik etmək üçün bir qız seçmişdilər. O, yazarın yeməyinə fikir verməli, gəzdirməli, internatla tanış etməli idi. Həmin gecə səs-küyə yuxudan ayıldım. Qızı koridorda qollarından tutub sürüyürdülər. Bədəni göyərmişdi, sonradan bildik ki, yazar qıza təcavüz edib. Həmin qızı direktor günahkar çıxarıb, iki həftə qapalı otaqda saxladı. Gündə bir dəfə yemək verirdilər. Tualet ehtiyaclarının təmin etməsi üçün yanına banka qoymuşdular. Başqa uşaqlar ona yemək versəydilər, cəzaları ondan daha betər olacaqdı. Dəhşətli günlər idi.
İanə kimi Amerika və Avropadan gətirilən şirniyyatlar və paltarlar qonaqlar getdikdən sonra əlimizdən alınırdı. İşçilər onları satmağa aparırdılar. Səhər yeməyi üçün hərəyə çox az marqarin və köhnə zavod çörəyinin yarısını verirdilər. Zavod çörəyi də həmişə kifli olurdu. Bizim əl işləri dərslərimiz olurdu. Orada toxuduğumuz hər şeyi mən Bakıda suvenir satılan dükanlarda görmüşdüm. Əl işi bitdikdən sonra alırdılar bizdən, bir daha görmürdük.
- Danışdığın şeylər dəhşətlidir. O zamanlar uşaq idin amma indi əlində güc var, yetkin və müstəqil insansan, niyə bunları danışıb orayla bağlı mübarizə aparmırsan?
- Mənim indim keçmişimdən önəmlidir. Mənə ən vacib şey həyatımı maksimum işıqlı və keyfiyyətli etməkdir. Bundan sonra özümə söz vermişəm ki, milyonlarla insana kömək edəcəyəm.
- Sizin internatdaki şəraitinizlə maraqlanmırdı heç kim?
- Bizə daimi olaraq xaricdən qonaqlar gəlirdi. Niyəsini bilmirəm, amma, ora çox məhşur idi. Həmişə çoxlu yardımlar gəlirdi. Amma, o yardımların bir dənəsi belə heç bir uşağa çatmırdı. Hətta bizim bir müəllimimiz var idi, adı yadımda deyil. Evdə kokos paxlavası bişirib gətirirdi sinifə, qoyurdu pəncərə önünə ki, soyusun. Bu soyuduqca iyi bütün məktəbə yayılırdı və biz dəli olurduq. O paxlavanın bir dənəsini uşaqlara 500 manatdan (1 Nizami) satırdı. Təsəvvür edin, uşaqların valideynləri yoxdur və onlara himayə etdiyi məktəb paxlavanı pulla satırdı, onu da sadəcə valideyni olan uşaqlar yeyə bilirdi. Bilmirəm, niyə belə edirdilər, bəlkə, maaşları az idi. Amma heç bir səbəb buna əsas verməməlidir.
Orada sadəcə bir dayə bizə hörmətlə yanaşırdı. Qalanları ən kiçik səhvdə uşaqları döyürdü, "anacan”ın özü belə uşaqları döyürdü.
- Bütün bunlar oradaki uşaqlar üçün çox travmatik olmalıdır. Daha nəsə danışmaq istəyirsən bu məktəblə bağlı?
- Bayaq da, dediyim kimi, danışdıqca çox şeylər açılır və bunun sonu olmayacaq. Bu hadisələr uşaqlara o qədər pis təsir edirdi ki, artıq müəllimləri demirəm, uşaqlar bir-birini vəhşi kimi döyürdülər. Müəllimlər yaşa baxmırdı, bir dəfə, üç yaşındaki uşağın başını dəmirə çırpmışdılar. Bu hadisələrdən sonra, səncə uşaqlarda sağlam təfəkkür qalar? Onlar uşaqları valideynlərinə belə vermirdilər, çünki, hər uşaq sayı üçün pul və ianə ödənilirdi. Mənim anam onlara yalan dedi. Guya məni Bakıdaki uşaq evlərinə transfer edir. Bundan sonra oradan çıxa bildim.
- İndi yetkin insansan, özünü necə hiss edirsən?
- Hələ də böyüyürəm, böyümə prosesindəyəm, hələ də mental olaraq uşaq kimi hiss edirəm.
- Bir dəfə 23 yaşına qədər hələ də pasport ala bilmədiyini demişdin. Çox maraqlı məqamdır, səbəb nə idi ki, sənə pasport vermirdilər?
- Əslində, passport ala bilmirdim, çünki anamla bununla bağlı tədbir görmürdük. Mən azyaşlı idim deyə bütün işi anamın etməsini gözləyirdim. O da Azərbaycana gəlib-gedirdi, hər dəfə mənim pasport məsələm kənarda qalırdı. Mənim təhsilim üçün məcbur qalıb, saxta pasport aldı. Biraz məktəbə gedəndən sonra çıxdım və başladım özəl dərslər almağa, özüm oxumağa amma o saxta doğum şəhadətnaməsi heç yerdə keçmirdi. Mən 16 yaşımda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınına getdim və hekayəmi danışdım.
Mənə dedilər ki, sənin valideynlərin bunu təsdiqləməlidirlər. Mən isə atamın ümumiyyətlə olmadığını, anamın isə Azərbaycandan kənarda olduğunu, əlaqəmizin bir neçə ildir ki, kəsildiydiyini dedim. Cavab olaraq, mənə 18 yaşımda gəlməyimi dedilər. Gülməli vəziyyət idi. Dedim ki, siz hardan bilirsiz indiki yaşımı? Bəlkə, 13 ya 19 yaşım var? Mən bu vaxta qədər necə yaşamışam bilmirsiniz, pasportsuz nə işə götürürlər, nə də başqa bir şey. Necə yaşamalıyam mən? Musiqi bu yerdə də mənim köməyimə gəlmişdi. Bu sahədə pasport mənə çox da lazım olmayıb. Sadəcə, çağırırlar, gedib oxuyuram, məsələ bağlanır.
Daha sonra həmin təşkilatda çox gözəl bir qadın var idi. Adı Məleykə idi. İlk dəfələrdə, o da məni qəbul edə bilməyəcəyini demişdi. Çünki valideynlərim yox idi yanımda. Amma mən təslim olmadım, hər dəfə təkrarlayırdım hekayəmi. Mənə bir sənəd verdi. Mənim ölkədən deportasiya olunmamağım üçün idi. Çünki leqal olaraq mən qaçqın sayılırdım. Bu hadisədən sonra yeddi il ərzində o qadınla bütün aidiyyatı orqanları gəzirdim, pasportum üçün mübarizə aparırdım. Mənim notariatlara ödədiyim bütün pulları mənə geri qaytarırdı. Onun sayəsində 7 illik əziyyətin sonunda pasport ala bildim.
- Musiqini necə həyat tərzinə çevirdin? Ağır şəraitdə böyümüş biri necə musiqiyə aşiq olur?
- Musiqini yer kimi görsək, mənim üçün ən doğma yerdir. Təhlükəsiz olduğum, sərbəst olduğum yerdir. Xarakterimi, həyata baxışlarımı yönləndirib. Bu yaratmaq üçün ən gözəl sahədir, heç bir alətin olmasa belə, musiqi yarada bilərsən. Hər səhər həyatımda gül kimi açılır.
Uşaqlıqdan musiqi məndə alınır. 8 yaşımda məhlədəki domino oynayan dayılar bir "məmməd” verib, mənə mahnı oxudurdular. Evə gəlirdim, gündəlik 1 "şirvan”dan çox qazancım olduğunun fərqinə varıırdım. Həmişə oxuyurdum. Bunu inkişaf etdirib, daha da professionallaşdım.
Daha sonra şəxsi musiqi məktəbinə yazıldım. Bir il oxudum, texnikaları öyrəndim. Amma hiss etdim ki, bu məktəb mənə lazım olan şeyləri təmin etmir. Çıxdım və başladım özüm axtarmağa. İnternetdə bir sənətçi tapdım, "Hollywood"da öz texnikasını yaradıb, çoxlu tələbələri olub. Kitab çap etdirmişdi, onu aldım və bir il o kitabla məşğul oldum. Musiqi bacarığım buradan yaranıb.
Musiqi həmişə ən sevdiyim olub, onu yaradanda özümü özüm kimi hiss edirəm. Həyatın axışı da musiqi kimidir. Məsələn, mən musiqi məktəbinə getdim, amma çox kömək olmadı, mən özüm öyrənməyə başladım, çünki bu mənim istəyimdir. İnkişaf üçün hərşey elədim, bass çaldım, öyrənməyə başladım. Musiqi çox əzizdir mənim üçün, özümü ifadə vasitəmdir.
- Musiqi sahəsində nələr etmisən? Nələri hələ də, ehtiyac kimi görürsən?
- Rock edirdim, cover edirdim. Mənə janr yox, musiqinin özü maraqlıdır. Hər şey edirdim. Musiqiylə bağlı nə ağlıma gəlibsə, etmişəm. Formalaşmışam bu sahədə. Muğamla eksperiment eləmək istəyirəm.
- Albinanı gələcəkdə necə görəcəyik? Hazırda nəyi məqsəd kimi götürmüsən?
- Dünyaca məhşur artist olacağam. Qarışıq albom buraxacağam. Həm burda həm xaricdə reklam edəcəyəm. Festivallara qoşulmaq istəyirəm. Səyahət eləmək istəyirəm. Heyif ki, azərbaycanda belə festivallar yoxdur. Məsələn, Nabrandaki festival çox gözəl idi. Həm özüm əyləndim, həm də sevə-sevə çıxış elədim. İnsanlar mənim enerjimi alıb, musiqinin içinə giridilər.
- Bir dəfə gitaranı səhvən harasa vuranda, ondan üzr istədin. Çox maraqlı gəldi mənə. Niyə o sadəcə, alət olmaqdan daha üstündür, sənin üçün?
- Aləti sevməsən, onunla heç cür səs çıxara bilmərsən, sevəndə də nəzakətli olursan. Harasa dəyəndə üzr istəməlisən, əgər istəməsən, bu adi hala çevriləcək və hər dəfə dəyəndə alət olmaqdan çıxıb, süpürgə olacaq. Ona görə də ona sevgiylə yanaşmalısan. Mən bilmirəm? İndi sən dreli öpürsən yoxsa yox, amma mən gitaramı öpürəm. O, səni öyrədir, sadəcə, taxtadan düzəldilmiş əşya deyil. Hər şey əşyadır, əgər sən onlara obraz verməsən. O mənə notlar, oxumaq öyrədib, ona nəzakətli davranmalıyam.
- Çox gözəl enerjin və səsin var. Niyə toylarda oxuyub, daha da yaxşı pul qazanmırsan? Axı bilirsən, toy ifaçıları çox yaxşı maddi imkana sahibdirlər. Albina da belə ola bilərdi. Amma niyə deyil?
- Mən "antimanıs” hərəkatını yaratmışam. Musiqini ona görə edirsən ki, ondan həzz alasan. Əgər toyda oxumalı olsam ya gərək içim, ya da beynimi dəyişim. Necə oxuya bilərəm orada, hansı repertuarı oxuyum? Heç mənim tərzim deyil. Əgər öz mahnılarımı oxumaq üçün çağırsalar, bəlkə də... Mən toya Azərbaycan folkloru üçün getmərəm. Əlavə olaraq, bu çox vaxtımı alacaq, gərək bütün işlərimi atım. Vaxtımı ora sərf eləsəm, inkişafdan qalaram. Mənim üçün hər şey pul deyil. Sən pul üçün sual verirsənsə, hansı ki oradan qazandığım pulu inkişafım üçün xərcləyəcəm. Amma nə də olsa, toy üçün öz işlərim qalacaq və oraya köklənə bilməyəcəyəm. Bu ona dəymir. Bir dəfə getmişdim, orada da toy musiqiçiləri məni sevməyiblər. Mən tatuluyam, onlar qəribə baxırdılar. "Tək sən” klipindəki paltarı geyinmişdim, o da çox qısadır. Qısa olduğu üçün bütün tatularım göz önündəydi.
- 18-ci ildəki Jazz Festivalında 3-cü yeri tutan Albinanın "mal-mal dalınca” və "unutma” cover-inə insanlar mənfi rəylər yazır. Düşünürlər ki, musiqi duyumun sıfırdır. Həqiqətən, Albinanın musiqi duyumu sıfırdır?
- Mən düşünmürəm ki, özümü sübut etməliyəm. Əgər kimsə elə yazırsa, deməli, özü başa düşmür. Niyə insanlar tənqidi xoşlayırlar? Əgər mənim hansısa iş xoşuma gəlmirsə, mən dəyişirəm onu, ya baxmıram, ya da dinləmirəm, başqa şey axtararam. Xoşum gəlməyən şeyə niyə rəy bildirim, haqqında danışım? Bizdə insalar pis baxmağa yaxşı baxırlar, dəyişikliklərə açıq deyillər. Düşüncələrinə görə, əgər kimsə nəyəsə pis baxmırsa, deməli, onun ya ağlı yoxdur, ya başa düşmür.
- İctimai Tv’nin metrodaki çəkilişində bir kişi var idi. Sənin üzünə "sən sənətçi deyilsən" deyirdi. Tənqid edirdi səni. Nə hisslər keçirirdin?
- Tək mənə yox, orda hamınl tənqid edirdi. Çəkilişdən sonra biz ona dedik ki, çox geri düşüncəlisiniz və dəyişməmisiz. O heç bizlə sağollaşmadı, qaçdı getdi, utanırdı.
- Azərbaycanda sənətçilərə münasibət necədir? Qane edir situasiyalar səni?
- Məsələn, Rüfət Həsənov film çəkdi və mən orda rol aldım. Rolumda tamamilə çılpaq çəkilmişəm. Bu cür epizodlar Azərbaycan üçün çox yeni və risklidir. Mən bunu film çəkilsin deyə etdim. Amma mən hələ də indiyə qədər qonarar almamışam, indi isə deyir ki, ümumiyyətlə, qonorar olmayacaq. Baxmayaraq ki, film Oskar mükafatına namizəddir, bir çox festivallarda çıxış edib. Mən istəmirəm yeni sənətçilərə, aktrisalara bu cür münasibətlər olsun. Yaradıcılıq qiymətləndirilməlidir.
- Albina nəyə inanır? Hansısa bir dinə mənsubsan?
- Hər şey var, amma heç nə yoxdur. Hər şey sıfırın içində yaranıb. Kiməsə deyə bilmərəm, sənin inancın boşdur. Hər kəsin nəyəsə inanmağa ehtiyacı var. Onun inamı ona nəyidə öyrədəcək, özü bilər hansı dərəcədə, necə inanır. Mən bilirəm ki, heç nə yoxdur, amma, onun içində hər şey yaranır. Hər şeyin yeri var bu dünyada.
- Albina çox seksidir. Bu seksiliyindən pul qazanmaq üçün ya da karyera yüksəlişi üçün istifadə edir?
- Hələ yox. Hərənin özünə görə seksi anlayışı var. Məncə, mən soyunmasam belə seksiyəm. İnsanların düşündüyü kommersial seksi bilmirəm istofadə edəcəyəm ya yox. Soyunub, bunu performans kimi görürəmsə, bu kiməsə pornoqrafik gəlirsə, mənim verdiyim obraz kimin üçünsə vəhşi ola bilər. Hamının düşündüyü seksiliyi istifadə etmək mənə maraqlı deyil.
Söhbətləşdi: Ramil Əliyev
Müsahibə Salaam Cinemanın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində hazırlanıb