Ana ətri

Ana ətri

30-07-2023 15:07 / Bu xəbər 2360 dəfə oxundu

Günel İbrahim

(Hekayə)

Otağa girib küncdə qoyulmuş köhnə stula özünü zorla çatdırdı. Uzun yol onu xeyli yormuşdu. Üç gün idi ki, düz-əməlli yatmırdı da. Bakıdan Gəncəyə, oradan da Oğuza -  yolun yarısını qatar, yarısını da avtobusla qət etmişdi. Bütün rahatlığını da əlindən alan yolun uzunluğu idi. 

Tanışlıq və evlilikləri arasında qısa zaman keçdiyindən hər şey yuxu kimi gəlirdi Nazlıya. Həsənlə qarşılaşması da təsadüf nəticəsində baş tutmuş, qısa zamanda münasibətləri ciddiləşmiş, ailə qurmağa qərar vermişdilər. Hər ikisi üçün də ikinci dəfə ailə qurmaq asan deyildi.

Nazlının birinci ailəsi uğursuz olmuşdu, yaşının ən gözəl çağında ayrılmışdı və bunu ən böyük bədbəxtliyi sayırdı. Sevib ailə qurduğu insan sonradan tam başqalaşmış, sanki yerini başqa birisinə vermişdi. 

Nazlını üzən həm də o idi ki, Kərimlə evlənəndə ailəsini qarşısına almışdı. Amma sonradan onu canından çox sevdiyini deyən Kərimdən əsər-əlamət qalmamışdı. Ailə qurandan sonra Kərim içki düşkünü olmuş, evə ya gec gələr, ya da günlərlə heç gəlməzdi. Hətta bir çox hallarda buna etiraz edən Nazlıya işgəncə də verirdi. Ona görə də Nazlı səkkiz ay dözə bildi bu işgəncə və təzyiqlərə. Gecənin birində qapını Kərimin üstünə çırpıb ata evinə döndü...

Həsənin də bəxti başqa cür gətirməmişdi. Onun sadə ailə həyatı oğul övladının dünyaya gəlişi ilə daha da gözəlləşmişdisə də, bu xoşbəxtliyi çox sürməmiş, evliliyinin altıncı ilinin bitməsinə az bir zaman qalmış həyat yoldaşı ikinci övladını dünyaya gətirəndə doğuş zamanı ölmüşdü. Həsən təkcə həyat yoldaşını yox, övladını da itirmişdi. Bir ildən bir qədər artıq zaman idi ki, anasız qalmış oğluna özü baxır, həm ata, həm ana olmağa çalışırdı. Gündüzlər işə gedəndə uşağı bir gün yaşlı anasına, bir gün bibisinə əmanət edərdi. Həyat onu amansız sınaqları ilə yormuşdu.

Qohumlar, yaxınlar, dost-tanışlar onu inadından döndərib ailə qurmağa razı salmağa çalışsalar da, alınmamışdı. Dostunun oğlunun əsgərliyə yola salınma mərasiminə gedərkən dayanacaqdan kəndə dönən yolda Nazlı ilə anasının piyada tozlu yolla addımladığını görmüş, nəzakət göstərərək onları gedəcəkləri yerə kimi maşınla aparmışdı. Nazlı ilə tanışlığı beləcə başlamışdı. Bu həyalı, utancaq qızla iki-üç kəlmə kəsəndən sonra onun səsindəki titrəyiş Həsəndə qəribə hisslər yaratmışdı. Hətta sükan arxasında özündən asılı olmayaraq bir neçə dəfə geri çevrilib arxada oturan Nazlıya baxmış, onun iri gözlərinə, qızarmış yanaqlarına nəzər salmışdı. Sonra anasının da maşında olduğunu fərq edincə silkinib yenidən yola davam etmişdi. Nazlı ilə anasını mənzil başında düşürəndən sonra yerindən tərpənməmiş, bir neçə dəqiqə onların arxasınca baxmışdı. Sonralar bir neçə dəfə yolunu həmin küçədən salsa da, Nazlını görməmiş, nəhayət, yaxınlarının biri vasitəsilə hər şeyi yerli-yerindəcə öyrənmiş və bir neçə aydan sonra onunla görüşmüş, qısa müddətdən sonra elçi düşmüşdü. 

Yeni həyat onların üzərinə məsuliyyət qoysa da, heç biri verdiyi qərarda yanılmamışdı. Nazlı Həsənin oğluna özünü elə sevdirmişdi ki, o, elə ilk günlərdən Nazlıya "ana” deməyə başlamışdı. Yaşı az olsa da, Nazlıya  demədən heç bir addım atmazdı. Nazlı əvvəlcə uşaq istəməsə də, Allah onlara bir neçə il sonra bir qız payı vermişdi. Adını Şəms qoymuşdular. Şəmsin səhhətində uşaqlıqdan problemləri vardı. Anandangəlmə ürək qüsurlu idi. Evin balacası olmağı, üstəlik də, xəstəliyi onun ərköyünlüyünə səbəb olmuşdu.

Çox çətinliklərdən keçib gəlmişdilər. Çətinliyin, yoxluğun, imkansızlığın, kədərin, hüznün ömürlərinə düşən payı sevincindən çox idi. Oğulları Vüqarın əli yeni-yeni qazanca çatan vaxt Həsən yatağa düşmüş və ağır xəstəliyə yenilmişdi. Onun ölümündən sonra Nazlının məsuliyyəti daha da artmışdı. Min bir çətinliklə uşaqların ikisini də baş-göz etmişdi. Oğlu Vüqara qonşudan qız almış, qızı Şəmsi isə uzaq qohumlarından biri ilə evləndirmişdi. Vüqarın bir oğlu, Şəmsin isə bir qızı vardı.
 
Həyatın acılı-şirinli sınaqları ilə ayaqlaşıb həyatlarını birtəhər yoluna qoyduqları bir zamanda başlarına daha nələrin gələcəyindən xəbərsiz idilər. Bir sabah doğan günəş Nazlıgilin ailəsi üçün işığını zülmətə boyadı. Şəms sabah erkəndən qızını məktəbə apararkən yolda halı pisləşmiş, ürəyi durmuş, yerə yıxılmışdı. Qızı körpə Zəhra anasının yerə yıxıldığını, başının səkinin kənarına dəyib qanadığını və anasının hərəkətsiz halda yerdə uzandığını görüncə qorxmuş, nə edəcəyini bilməyincə ilk olaraq anasının telefonundan qışqıra-qışqıra Vüqarın yoldaşına zəng etmişdi.

Anasının gözünün qabağında ölməsi Zəhranı sarsıtmışdı, ruh halı tam pozulmuş,  özünə qapanmışdı. Hamıdan qaçırdı. Bakıdan Oğuza gəlməsi ilə yanaşı, anasının başına gələn bu acı hadisə səbəbindən uzun müddət dərslərindən geri qalmış, dolayısı ilə oxumağın daşını atmışdı. Dəfn mərasimi, hüzür işləri yekunlaşınca atası Zəhranı özü ilə Bakıya aparmışdı. Amma atası gündüzlər işdə olduğu üçün Zəhraya yaşlı nənəsi baxırdı. O da səhhətindəki problemlərdən dolayı çox vaxt Zəhraya yetərincə diqqət ayıra, qayğısına qala bilmirdi.

Bir gün Zəhra bərk xəstələnmişdi. Atası çarəsiz qalıb onu Oğuza dayısıgilə gətirmişdi. Vüqarın yoldaşı Aysu Zəhranı bu halda görüb çox pis oldu. Əvvəlcə, istədi ki, atasına Zəhranı həmişəlik yanında saxlamaq istədiyini desin, amma sonra nəsə tərəddüd edib fikrindən daşındı.

Zəhra uşaqlıqdan hər yay tətilində rayona gələndə Aysu ilə yatardı. Bu üzdən ona çox bağlanmışdı. Aysunun bu fikrə düşməsinə bir az da bu bağlılıq təkan vermişdi. Həm də bir dəfə yay vaxtı yenə Zəhragil rayonda olanda Şəms pilləkəndə oturub Aysuya demişdi ki, əgər bir gün mənə nəsə olsa, Zəhraya sən baxarsan. Bunu deyəndə Aysu Şəmsi nəs danışdığına görə danlamışdı. Amma indi içinə kədər dolmuş, özünü Şəmsə borclu hiss edirdi.

Axşam yatağına uzanınca Aysu bu qərarını çox götür-qoy etmiş, beləcə yuxulamışdı. Yuxuda rəhmətlik atasını görmüş, atası ona demişdi:

- Qızım, heç nədən qorxma, ürəyini buz kimi saxla. Zəhra anasızdı, qız uşağıdı, onun ana qayğısına, nəvazişinə ehtiyacı var. Sən rahatca gir bu yükün altına. İnan ki, Allah özü sənə yol açacaq.

Yuxunu gerçək kimi yaşayan Aysu tər içində yuxudan oyanmış, qərarından əmin bir şəkildə fikrini Zəhranın atasına demiş, onu yola gətirə bilmişdi. O gündən Zəhranı özü ilə saxlamış, ona öz övladı kimi baxmağa başlamışdı.

Zəhranın bütün problemləri ilə yaxından maraqlanan, məşğul olan Aysu onun dərslərdən olan geriliyini aradan qaldırmaq üçün Zəhranı xüsusi, fərdi hazırlığa yollamaq qərarına gəlmişdi. Yeni dərs ilində dördüncü sinfə getməli olan Zəhra insanlarla ünsiyyətdən qaçmaqla bərabər yaşadıqlarından dolayı hərflərin belə çoxunu unutmuşdu. Bir müddət hazırlıqdan sonra bu problemlərinin xeyli hissəsini geridə qoymağı bacaran Zəhra hazırlıq müəllimini də çox istəməyə başlamışdı.

Yazmaq işini xeyli irəlilətdiyi üçün müəllim ona "Ən sevdiyim kəs” adlı kiçik inşa yazmağı tapşırmış, - inşanı gözəl xətlə yaz, gəlinbacına (Aysuya) sürpriz edərik ki, sevinsin, - demişdi.

Zəhra heç düşünmədən dəftərdə nələrsə yazmağa başlamışdı. Dərsin yekunlaşmasına az qalmış Aysu hər zamanki kimi məsuliyyətli bir şəkildə bir neçə dəqiqə əvvəlcədən gəlib həyətdə Zəhranı gözləyirdi. Zəhra yazısını bitirincə müəllim Aysunu içəri çağırdı. Aysu divanda əyləşib Zəhranı maraq və həyəcanla izləyirdi. 

Zəhra oxumağa başladı:

- Hər kəsin həyatda ən böyük şansı anasıdır. Doğrudur, mən anamı tez itirdim. O, mələk olub göyə uçdu. Bilirəm ki, hər gün oradan mənə baxır. Amma mən çox şanslıyam ki, mənim burada da bir anam var. Ondan mələk anamın ətri gəlir.

Bunu deyərək Zəhra Aysunun üstünə qaçıb onu möhkəmcə qucaqladı. 

Həmin gecə Aysu Zəhranın ona "ana” deməsinin sevinci ilə yuxulamışdı. 

O gecə Şəms yuxusuna gəlmiş, gülümsəyərək Aysuya baxmış və çıxıb getmişdi. Həyəcanla Şəmsi çağıran Aysu isə öz səsinə oyanmış və başı üstündə gülümsəyən balaca Zəhranı görmüşdü…