Məni təqib edirlər

Məni təqib edirlər

04-06-2024 00:51 / Bu xəbər 1369 dəfə oxundu

Xalid Şürük (Bağırov)

"...Yerimdən götürüldüm, o qədər yaxşı tanımadığım xarabadan qaça-qaça uzaqlaşmağa başladım. Arxamca dayanmadan atəş açıldığını və kimlərinsə qaça-qaça gəldiyini hiss edirdim..."

(Hekayə)

- Dayan. İlan! – arxadan kimsə qışqırdı.

Qarşımda ilan görməsəm də, dayandım. Elə bu an harada olduğumu kəsdirməyə çalışdım. Çayı eynilə mənim tanıdığım çay olan, sahili isə təsəvvürümdəkindən və əsl həqiqətdə nə vaxtsa tanıdığımdan xeyli dəyişmiş bir sahil olan yerdə idim.

Bu yerlər mənim xəyalımda həmişə ilanlı yerlər kimi qalıb, baxmayaraq ki, bu yerlərdə nə vaxtsa hər hansı ilan gördüyümü, qışqırdığımı xatırlamıram. Düzü, mənim gördüklərimdənsə, qışqırmaqlarım yaddaşımda daha yaxşı qalır.

Nədənsə birdən ağlıma batdı ki, axı arxamda heç kim olmamalı idi. Buna baxmayaraq arxadakı səs tanış gəldi. Bu səsin kimə məxsus olmasını xatırlaya bilmədikcə səs də yaddaşımdan silinirdi. Ola bilsin ki, arxada, ümumiyyətlə, bir kimsə yox idi. Lakin qarşımdakı hər şey ilan ola bilərdi. Hər şeyə şübhəylə yanaşmaqla aram olmasa da, qarşıma ehtiyatla baxmağa başladım. Bir şeydən ki, şübhələndim - o hökmən baş verməli idi. Həmin gecə də belə olmuşdu.

Bütün gecəni satıcı qızı arzulamışdım. O da hardansa qəfildən peyda olmuşdu. Bəli, bunun o olması yəqin idi, amma buna baxmayaraq, onu öpməmişdən lap bir an öncə içimdə bir şübhə baş qaldırmışdı: mən də məcbur qalıb üzümü onun üzündən çəkib bir daha ona baxmalı olmuşdum, onda idi ki, gördüm yanılmışam, bu o yox, onun yoğun sifət bacısı imiş...

Elə indi də qarşıma ehtiyatla baxmağa başlayan kimi qarşımda ot kimi təsəvvür etdiklərimin necə bir-bir çevrilib ilan olmalarını görməkdən başqa çarəm qalmadı. Dərhal yerimdən necə götürüldümsə, keçdiyim yerlərin hara olması fərqinə varmadım. Əvvəl sola doğru buruldum, sonra sağa doğru. Daha sonra isə hara burulmaq mümkün idisə o tərəfə. Harda qapı var idisə ora gedirdim, harda pəncərə var idisə çıxıb özümü bayıra tullayırdım.

Ancaq bir şeydə əmin idim: dayanmaq olmaz, çünki arxadan qovduqları dəqiq idi. Mən hətta addım səsləri eşidirdim. Addım səsləri hərdən o qədər yaxından gəlirdi ki, sanki mənə çatmalarına lap az qalırdı, elə bil bircə əl uzatsaydılar, məni arxadan itələyib yerə sərəcəkdilər. Bu an ürəyim az qalırdı ki, yerindən qopsun.

Qəribədi, bu vaxt hər hansı yerin mənə məxsus olmadığına nə qədər əmin idimsə də, ürəyimin məhz mənim olduğuna bir o qədər şübhə yox idi. Bəzən də addım səsləri məndən elə uzaqlaşırdı ki, az qala eşidilməz olurdular. Birdən özümü addımlardan savayı məni heç nəyin düşündürmədiyində tutdum. Elə bu gözlənilməzliklə də "bu addım səslərinin ilanlara heç bir aidiyyəti olmadığını" özüm üçün kəşf etdim.

Belə vaxtlarda adətən ən böyük kəşfləri də, ən adi şeylərdən, lap tutaq ki, bir kimsə ilə rastlaşanda ona salam vermək və yaxud verməmək qərarına gəlməkdən nəinki mən, bəlkə də, heç kimsə fərqləndirə bilməz. Deyəsən, elə indi də belə oldu, ardımca gələnin ilanlara aidiyyətinin olmadığını yəqinləşdirsəm də, dayanmadım, əksinə sürətimi bir az da artırdım. Arxamca qaçanın Həmid olduğunu artıq bilirdim.

Nəyə görə məhz Həmid olduğunu və nəyə görə bildiyimi izah etməyə aciz olduğumdan, heç izah etmək də istəmirəm. Bəlkə də, həyatım boyu Həmidlə aramızda olan bütün əlaqələri və özümün ona münasibətimi bir-bir xatırlasam, bir şey tapmaq olar. Amma nə xeyri, belə vaxtlarda bütün bunları xatırlamaq ən azı məndən asılı bir şey deyil, bir də axı orda olduğum halda ona nə cür münasibət bəslədiyimi haradan bilə bilərdim. Mən ancaq bir şeyi eləməyə imkan tapa bildim. Sürətimi azaltmadan qarşımda maneəsiz qaçmaq imkanı olduğunu yəqinləşdirib ehmalca dönüb qaçmağa başladığım andan ilk dəfə arxaya baxdım. 

Yanılmamışdım…o idi. Onun sifəti izah edilməsi - bəlkə də, gördüyüm andaca unutduğumdan, sonralar bir də heç cür xatırlaya bilmədiyimdən belə qənaətdəyəm – bir rəng almışdı. Onun hər yerindən nifrəti duymaq olardı, əlbəttə, bu nifrət mənə aid idi. Çünki belə vaxtlarda sənin ətrafında baş verən hər şey lap elə, sadəcə, tərpənmədən duraraq heç nəyə xidmət etməyən əşyalar da sənə bir başa aiddir. Sənin yanında ömründə tanımadığın bir adam ömründə tanımadığın başqa bir adamı öldürməsi də, həmçinin.

Baxmayaraq ki, ətrafındakılar sənin də orada mövcud olmağından belə xəbərsizdilər; baxmayaraq ki, sən özün bütün bu baş verənlərə hələ ki təsir edə bilmirsən, heç etmək belə istəmirsən. Amma yenə də sən sadəcə müşahidəçi deyilsən, bütün bunlar səninlə bağlıdır. Odur ki, Həmidin nifrəti birbaşa mənə aid idi.

Mən bu nifrəti onun tez-tez dəyişən, əynindəki paltarların parıltısı kimi hiss edirdim. Əlində də gah bıçaq kimi, gah da balta kimi görünən nəsə var idi. Əslinə qalsa, o, mənim tanıdığım Həmidə də bir o qədər oxşamırdı, amma onun məhz Həmid olduğunu yəqin bilirdim. Buna heç şübhə də eləmirdim. Orada səbəb barədə düşünmürsən, amma bütün düşüncələrinin canında səbəb axtarışı olur.

Nəyə görəsə ağlıma gəldi ki, axı mənim Həmidin bacısından heç xoşum belə gəlməyib, onunla eşq məcarası barədə düşünməmişəm də. Bir an istədim ki, dayanım və bunu Həmidə deyim. Sonra nə fikirləşdimsə deməkdən vaz keçdim, bəlkə, heç nə fikirləşmədim və sadəcə orada vaxt sürətlə ötüb keçdi. Həmid də öz rolunu oynayıb qurtarmaq üzrə idi. O getdikcə özünə oxşamırdı. Mən də yavaş-yavaş onun mövcudluğunu unudurdum.

Özümü qarşıma çıxan xaraba binanın divarının sökük hissəsindən içəri atdım. Elə bu an güllə səsi eşitdim. Mən divarlardan birinin arxasında gizlənməyə güclə imkan tapmışdım ki, ardıcıl güllələr atılmağa başladı. Artıq, deyəsən, avtomatdan atırdılar. Sonralar güllə səsləri barədə düşünəndə anladım ki, güllə səslərini eşitməmişəm.

Amma məni izləyən adamların güllə atmalarına şübhəm yox idi. Bunu həyəcan içində olmağım da bir daha sübut edir. Ola bilsin ki, mən güllələrin səs-küyündənsə, içimdəki ölüm qorxusunun hay-küyünü eşidirdim. Getdikcə bu hay-küy də, mənim həyəcanım da artırdı. Adamlar isə durmadan xarabaya yaxınlaşırdılar. Əlimdəki avtomatı onlar gələn tərəf tUşlayıb atmaq istədim. Deyəsən, avtomat boş idi, ya da başqa nəyə görəsə ondan atəş aça bilmədim. Almanlar yaxınlaşırdılar.

Onların başlarındakı dəbilqədən və əyinlərinin geyimindən məhz alman olmaları dəqiq idi. Mən doğulan andan iki müharibə yaşamışam. Baxmayaraq ki, onlardan birincisi mən doğulmamışdan otuz il öncə olub və mən heç birində birbaşa iştirak etməmişəm.

Əgər iştirak etsəydim, bilmirəm necə olacaqdı, amma heç təsəvvürümdə də müharibədə iştirakımı belə yaşamamışdım. Axı mən təsəvvürümdə müharibəyə həmişə öldürmək üçün gedirdim, ölmək üçün yox. Mənim kimi adamlar adi həyatda kimisə öldürmək fikrini heç cür yaxın buraxa bilmirlər. Heç də hansısa dini fikirlərinə görə yox, heç qanunla qadağan olunmasına və insanlıq baxımından yaramaz iş olduğuna görə, ya da eyni vaxtda bunların hamısına, hələ üstəlik bir parça başqa hisslərə görə də yox...

Onlar üçün xörək yeməyin üç vədəsi olduğu kimi insan öldürməyin öz dövrü - müharibə dövrü vardır. Dəfələrlə olmuşdu ki, bir kimsəni öldürmək istədikdə müharibənin başlanmasını arzulamışdım. Budur müharibə başlanmışdı. Mən qaçıb canımı necə qurtarmaq barədə düşünürdüm. Bir vaxtlar öldürmək istədiyim adamlar heç yadıma da düşmürdü. Bəlkə, heç həmin an nə vaxtsa müharibə barədə özəl düşüncələrimin olduğunu belə xatırlamırdım. Müharibədən öncə nə düşünürsən, düşün, öz işindi, müharibənin caynağına atıldığın andan müharibə sənə öz şərtlərini diqtə edəcək. Almanlar nəsə danışa-danışa yaxınlaşırdılar.

Nə barədə danışdıqlarını kəsdirmək üçün diqqət kəsilib qulaq-asmalı oldum. Birdən anladım ki, onlar almanca danışırlar. Mən alman dilini nə vaxt harada öyrənməyə imkan tapmağımı heç cür beynimə sığışdıra bilmirəm. Lakin həmin vaxt ömür boyu alman dilini bilməməyimin narahatlığını heç yaşamadım. Amma orası dəqiq idi ki, onlar almanca danışırdılar. Mən ehtiyatla onlara tərəf boylandım, gələnlərin başındakı dəbilqəni, üzlərindəki saqqal əvəz etmişdi, əyinlərindəki hərbi geyim başqalaşmışdı.

Saylarının az ya çox olması əhəmiyyət daşımır. Bu barədə düşünmək belə şeyləri nəzərə almaq əbəs işdi, lap elə sayları beş də olsa, heç ağlına gəlməyən altıncısı peyda ola bilər, heç uzaqda da yox, lap elə sənin ağzının içində. Mənimsə hələlik belə təhlükə gözləmirdi, çünki gizlənə bildiyinə heç bir şübhəm yox idi.

Gələnlərin alman yox, erməni olmasını artıq yəqinləşdirmişdim özümçün. Biz ikinci müharibəyə də, birinci müharibəyə getdiyimiz kimi getmişdik. Bizi yola salanlar bu müharibənin başqa müharibə - müharibələr də insanlar kimidi, heç biri bir-birini təkrarlamır - olmasını, özünün sərtləri olmasını və yaxud da bunun heç müharibə olmamasını bizdən daha yaxşı bilirdilər. Nədənsə bizi eynən birinci müharibədən qayıtdığımız kimi qarşılamaq istəyirdilər. Amma biz ayrı cür qayıdırdıq.

Məni izləyənlərin mövcud olduğum dövrə zaman etibari ilə və daha yaxın olmaları təhlükəni daha artırırdı. Onlar almanlardan fərqli harada gizlənə biləcəyimi daha yaxşı anlaya bilərdilər. Çünki zaman başlandığı nöqtədən uzaqlaşdıqca insanların gizlənə biləcəyi yerlərin sayı da seyrəlir. Qiyamət günü adlandırdığımız gün də heç kəsin heç nədən və heç kimdən gizlənə bilməyəcəyi gündür yəqin.

Odur ki, yenə də yerimdən götürüldüm, o qədər yaxşı tanımadığım xarabadan qaça-qaça uzaqlaşmağa başladım. Arxamca dayanmadan atəş açıldığını və kimlərinsə qaça-qaça gəldiyini hiss edirdim. Məni harasa çəkib aparırdı. Məni çəkən yerin xilas yeri olması instinktvari bir tapıntı idi, sanki mən həmin an özümü hər şeyin ixtiyarına verməyə hazır idim.

İstər şüur olsun, istərsə də şüaraltı izahsız ixtiralar, təki məni arxamca qaçanların əcəl kimi qırsaqqız olmuş izləyicilərimin cəngindən qurtaraydı. Bircə artıq hisslərimə şübhə ilə yanaşırdım. Mən o hisslərimdən hər hansı birinin öhdəsindən gələn də başqa hiss əmələ gəlir və dəhşətli düşmənlərinin metomorfoz dəyişməsinə çıxarırdı.

Mən qorxduqlarımın üzərində sevgimlə qələbə çalmağa çalışırdım. Bu zaman isə üstümə xəyanətlər ayaq açırdı. Mən onlara qarşı nifrətimi qoymağa çalışırdım. Onlar isə bu nifrətin cılızlığına ironiyalı təbəssümlə biganəliklərini nümayiş etdirirdilər. Ümidimi itirir, hər kəsdən qaçmağa çalışırdım, hətta özümə qapanmaq istəyirdim. Hardansa sevgilər peyda olub məni sığallamağa çalışırdılar. Mənim də şübhələrim oyanmağa başlayırdı. Hamını hər şeyə qısqnırdım…

Birdən gördüm ki, qaçdığım yerlər mənə tanış gəlir. Bu doğmalıq məni şübhələndirsə də, artıq heç nəyi idarə etmədiyimi bidirdim. Şüuraltı mühərrik məni çəkib harasa aparırdı. Allahı həmişə özümüzdən kənarda və haradasa çox uzaqda axtarmışıq. Elə buna görə də ona sanki ərəb taciri (Quranın ərəbcə yazılmasını nəzərdə tutmuram) kimi-yaxşı müştəri gözü ilə baxmışıq və özümüzü ona necə olursa-olsun sırımağa çalışmışıq.

O isə bəlkə də, bizim şüurumuzun altında, qəlyanını çəkərək mütəkkəyə dirsəklənib oturub. Baş sümüyümüzün içindəki beyin adlanan boz maddənin onun qəlyanının tüstüsünün yaratdığı qurumdan başqa bir şey olmamasına gəl indi inanma.

Mənə tanış gələn bu yerlərin hara olması barədə düşünmək əvəzinə kiminsə harada olması, bir də ümumiyyətlə nəyə inanmaq və nəyə inanmamaq baradə düşünə-düşünə gəlib öz qapımızın önündə durduğumu gördükdə artıq bir az öncə nə barədə düşündüyümü də unutdum. Bəli, bu bizim evimiz, bu da bizim qapımız idi. Xilas olmağım bir addımlığında idim.

Düzünə qalsa, arxamca gələnləri bir balaca unutmuşdum. Onların addım səslərinin nəinki yaxından və yaxud da uzaqdan gəldiyinə, ümumiyyətlə gəlib-gəlmədiyinə də heç fikir vermirdim. Məni qaçmağa içimdəki təhlükə hissi, qorxu xofu məcbur edirdi.

Qapını itələyib içəri keçdim, öz otağıma sarı qaçdım. Qaranlıq otağın bu başından, o başına necə getdiyimi bilmirəm. Bir anın içində artıq öz yorğanımı başıma çəkib yuxu pərdəsinin altında gizlənə bilmişdim ki, arxamca gələnlər qapımızı az qala sındırmağa başladılar. Qapıya çıxan, deyəsən, atam idi, onlardan kim olduqlarını soruşdu.

Polis olduqlarını bildirdilər, izlədikləri qatilin bu evə girdiyini söyləyəndə söhbətin məndən getdiyini anlamaq çətin deyildi. Atamın nə dediyini eşitmədim, heç onlar da əhəmiyyət vermədilər, otağıma tərəf gəlməyə başladılar. İçəri soxulanda mən yorğanın altında onların addımlarının hay-küyündən savayı nəfəslərini də duyurdum. 

Hər şey bitmişdi, amma nədənsə yuxudan ayıldım, səhər çoxdan açılmışdı. Həmidin kiçik bacısı Elza baldırlarını üstümə aşıraraq dərin yuxuya dalmışdı...

Hekayə ilk dəfə 2005-ci ildə "Alatoran"da dərc olunub.