Fuad Poladov – sənət və şəxsiyyətin vəhdəti

Fuad Poladov – sənət və şəxsiyyətin vəhdəti

25-05-2024 10:02 / Bu xəbər 2146 dəfə oxundu

Çingiz Sultansoy

Görkəmli sənətçi, teatr və kino aktyoru Fuad Poladov Azərbaycan aktyorluq məktəbinin lirik-psixoloji qolunun qabaqcıl nümayəndələrindən biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısısı sayılır. Haqqında sovet vaxtından yazılsa da, sənətşünaslar yaradıcılığını xeyli təhlil etsələr də, deyilməyənlər də var...

Aktyoru ilk dəfə 1970-cilərin əvvəlində, Azərbaycan Dövlət Akademik  Dram Teatrı səhnəsində adını-müəllifini çoxdan unutduğum pyesin televiziyada göstərilən parçasında görmüşəm; roluna uyğun əsgəri formada sözünü deyib, dava düşsə də, dalında duracağını bildirmək üçün cəld və sərrast hərəkətlə kəmərini açıb əlinə dolayıb... Yaddaqalan idi, qaldı da. 

Ömrümdə cəmi bircə dəfə - 2005-in yayında təsadüfən "Şüşəli bazar" boyunca uzanan küçədə rastlaşanda qısa söhbət eləmişəm Fuad müəllimlə. 

Mən "Реальный Азербайджан" qəzetinin redaksiyanın giriş qapısında dayanmışdım, o keçirdi. Salamlaşdıq, bir az söhbət elədik.  Üzundəki xəfif təbəssümündən, gözlərinin dərinliyində gizlənən mənalardan duydum ki, müstəqil, tənqidi yazılar yazan, rəğbəti olan jurnalistə çox kulisarxası ictimai önəmli mətləblər aça bilər. 

Teatr və kinostudiyalar tək Bakıda yox, bütün dünyada Bizans imperatorlarının sarayı kimi münaqişə və intriqa yuvasıdır.  Amma ehtiyat? Harada, hansı mühitdə yaşadığımızı ikimiz də bilmirdik? Hər halda o qısa söhbətdə açıq olmasa da, ziyalı insanın mövqeyi, şəxsiyyətiylə bağlı indi dəqiq xatırlamadığım sözlər dedi. Yazmışam onları, haradasa var, qalır, amma tapa bilmədim. Bağışlayın, Fuad müəllim!.. 

Şəxsiyyət olmadan, qorumadan ziyalı, sənətçi - yazıçı, rejissor, aktyor, rənggar, heykəltəraş olmaq mümkünsüzdür.

Yaltaq, riyakar, əclaf yaxşı bir riyaziyyatçı və fizik, ya məsələn, cərrah ola bilər, yəni mümkündür, amma yazıçı və ya aktyor çətin. Yaltaq şairin yaltaq şeirlər, mədhiyyələr yazması, amma ondan o yana gedə bilməməsi təbii deyilmi?  Əyilməyə meylli, yaltaq adam olan aktyor da yarınan, yaltaqlanan, əclaf  və b. belə personajları daha yaxşı oynayar, məncə. 

Bəli, aktyorluq cilddən-cildə girmək, oyun oynamaq incəsənətidir, bu məlum. Yaxşı aktyor ideal halda bir gün mərd qəhrəmanı, bir gün əclafı oynaya bilməlidir..  Boyük, dahi aktyor üçün bu, bəlkə də, tam doğrudur. Bəs dahi deyilsə, sadəcə, yaxşı, güclü aktyordusa? Bir çox istedalı aktyorun öz ampluası olmağı da məlum və normal sayılır. 

Bilirəm, çox incə və mübahisəli məsələyə toxunuram. Məsələn, rus-sovet teatr məktəbində Stanislavski kimi rejissör  ampluada teatr ştampları və rutin, aktyorun fərdiliyinin inkişafına maneə görürdü, Meyerhold və başqaları isə amplua sisteminin tərəfdarı idilər... 

Böyük səxsiyyəti oynaya bilməzsən - inandırıcı alınmayacaq. Məsələn, boylu-buxunlu olsa da, sürüşkən, yaltaq hər hansı bir aktyoru Babək, Cavad xan, Spartak, Axilles, İskəndər Zülqərneyn, Yuli Sezar, Spartak, Napoleon, Mehmet Fatih rollarında təsəvvür edin. Edə bilərsiniz? İnanarsınız?!  
Yaltaq Spartak?!  

Kim istəyir o oyuna baxsın, mən baxmaram. 
 
Onun saysız-hesabsız rolları arasında oynadığı Yuli Sezar və Napoleon kimi, mübahisəli, ziddiyyətli olsa da rollar, şəxsiyyətlər çoxdur. Fuad Poladov belə çaplı şəxsiyyətləri oynayıb canlandırmağa, tamaşaçıya göstərməyə və inandırmağa qadir aktyor idi. 

Hüquq müdfiəçisi Rüfət Səfərov yazır ki, Fuad Poladov ölənədək məddahlıq eləmədi - az qala bütün həmkarlarından fərqli olaraq.

Aktyorun müsahibələri, çıxışlarınının hamısını izləməsəm də, bu fikirlə razıyam, ölümündən az əvvəl "Azadlıq" radiosunda Şahnaz Bəylərqızına verdiyi müsahibə də qənaətimi təsdiq edir.

Bu köşəni aktyorun  yetmiş beş illik yubileyiylə bağlı həsr etdiyim post əsasında yazıram. Postun altında müsavatçı dostum Mirbaba Babayev qeyd edib ki, Fuad Poladov mövqeyini bildirməkdən qorxmayıb, 2003-ün prezident seçkilərində İsa Qəmbərin təbliğatını aparırdı, hətta müxalifətin mitinqində çıxış da etmişdi. 

Belə mövqe və addım nəticəsində indiyəcən qazandığını da, peşə gələcəyini də itirə biləcək, bütün həyatı teatra və kinoya bağlı, yəni hakimiyyətdən çox asılı və bu dediklərmi yaxşı bilən insan üçün çox cəsarətli addımdır. Fuad Poladov belə cəsarət sahibi idi...

Bəlkə də, belə cəsarət və qürur sahibi olduğu üçün kinoya istedadına uyğun olmayan dərəcədə az çəkilib?

Maraqlıdır ki, F.Poladovun həmkarı Ramiz Məlikdən xoşu gəlmirdi. R.Məlikin "Facebook"da  hakimiyyətin  müdafiəsi mümkün olmayan əməllərini necə müdafiə etməsi, tənqidçiləri susdurmaq üçün necə hücum etməsi, təhqir yağdırması, söyməsini biləndən sonra sırf şəxsi münasibətlərdən yarana biləcək bu məlumata nəinki təəccüblənmirəm, əksinə, Fuad müəllimə hörmətim artdı...

Fuad Poladovun verdiyi müsahibələr silsiləsi  kinoşünas Aygün Aslanlının "Skafandrlı adam” adlı kitabında toplanıb.  Fuad bəy öz-özünə "Skafandrlı adam” deyirdi, bu adı vermişdi. Aktyor əhatə olunduğu insanlarla, yaşadığı mühitlə özü arasında görünməz skafandrı görürmüş, duyurmuş. 

O müsahibələrin birində "2013-cü ilin prezident seçkilərində niyə məhz Cəmil Həsənlini müdafiə etdiniz?” sualına Fuad Poladov cavab verib ki, İctimai Televiziada prezidentliyinə namizədlərin teledebatına baxandan və başqa namizədlərin Cəmil Həsənlini təklədiyini, təhqir etdiyini, alçatlmağa, sözlə vurmağa, əzməyə çalışdığını görəndən sonra bu qərara gəldim, özümü borclu bildim. 

Məncə, belə cavab və motiv küçədə bir dəstə xuliqan gədə-güdənin təkləyib döydüyü zəifə köməyə gələn  kişinin düşüncəsi və motividir. 

Fuad Poladov ziyalı və kişi məsuliyyətini dərk edən və ona uyğun olaraq hərəkət edən, yaşayan adam idi. Düşünürəm ki, o heç vaxt Rasim Balayev kimi prezident İlham Əliyevə "Əsil Babək sizsiniz!”, "Nə xalq? Məni söyən kütlə?”, "Bəlkə, mən heç ziyalı deyiləm?” deməz, yaxasını qırağa çəkməzdi.

İnternetdə oxudum ki,  2012-də Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında cərəyan edən gərgin olaylarda Fuad Poladov özünü bir vətəndaş, sənətinə və dostlarına sadiq dost kimi göstərdi, ədalətin və sənətin yanında oldu. 

Rüstəm İbrahimbəyova təzyiqlər, Kinematoqrafçılar İttifaqının sonda iki yerə bölünməsi nəzərdə tutulan bu olayda Fuad müəllimin mövqeyi 2003-dəki mövqe və hərəkətindən sonra gözlənilən olsa da, yenə də təəccüb və heyrət doğurur - axı başı daşdan daşa dəymiş, əqidəli olmağın, kişiliyin çətinliyini, acısını növbəti dəfə, ağır formada dadmış, bədəlini ödəmiş, amma yenə də çəkiməmiş, geri çəkilməmişdi. 

Dost, mərd adam yaman gündə bilinər...

Fuad Poladov istedadını, yaradıcılığını, şəxsiyyətini mərdliyi və bütün həyatıyla təsdiq etdi.

Allah qəni-qəni rəhmət eləsin, böyük aktyor və insan Fuad Poladova! 

O, azadlıq və ləyaqət uğrunda mübarizə aparanlar üçün həmişə dəyərli qalacaq və unudulmayacaq!