Anar Eyvazov: “Qarabağda sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayıb”
15-05-2024 15:32 / Bu xəbər 659 dəfə oxundu
MN rəsmisi deyib ki, hazırda sülhməramlıların Azərbaycan ərazilərini tərketmə prosesi davam edir
Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi prosesinin yaxın vaxtlarda yekunlaşacağı bildirilir.
Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi Anar Eyvazov jurnalistlərə deyib.
"2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün müddətində uğurla başa çatdırılıb”, – deyə Anar Eyvazov qeyd edib.
Onun sözlərinə görə, sülhməramlıların Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb: "Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistanın liderləri arasında imzalanmış Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətə başlayıb. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu anti-terror tədbirlərindən sonra artıq bu missiyanın da fəaliyyətinə ehtiyac qalmadı”.
"Sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsindən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin ərazimizdən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir”,– deyə Eyvazov əlavə edib.
Anar Eyvazov həmçinin deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.
Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına start verilib.
Aprelin 17-də isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rus sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.
O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.
10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.