Apardı sel Astaranı
18-09-2023 16:49 / Bu xəbər 1182 dəfə oxundu
Körpü üçdu, yol çökdü, 34 kəndlə əlaqə kəsildi
Astarada dünəndən başlayan yağış güclü sel yaradıb və rayonun bir çox kəndləri ilə əlaqə kəsilib.
Vaqo kənd məktəbinin yaxınlığındaki körpünü sel aparıb, Pensər-Toradi yolu isə çöküb.
Vaqo kənd sakinləri Meydan TV-yə bildiriblər ki, evləri su basıb, tərəvəz sahələri tamamilə məhv olub.
Pensərçayın daşması nəticəsində bir neçə kəndlə əlaqə kəsilib.
Onlar deyiblər ki, hələ də çətin vəziyyətdədirlər, su çəkilməyib, gediş-gəliş də bərpa olunmayıb.
Ərkivan qəsəbəsində evləri su basıb, insanlar təxliyyə olunublar.
Kənd sakinləri bildiriblər ki, paltarları da daxil olmaqla bütün ev əşyaları suyun altındadır.
Bəzi kəndlərdə işıq və qaz kəsilib, telefon əlaqəsi mümkün deyil...
Çayoba kənd sakini Xalid Mirzəyev isə deyib ki, işıq, qaz yoxdur, evlər su altındadır, telefon əlaqəsi üçün şəbəkə yoxdur. Ümumilikdə rayonun 34 kəndi ilə əlaqə kəsilib.
Yağışlı hava Lənkəranda da davam edir.
Sakinlər bildiriblər ki, Lənkərançay daşıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə bağlı Nazirliyin "112” qaynar xəttinə məlumatlar daxil olub.
Bildirilir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, həmçinin fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir.
Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildiriblər ki, yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturlarına və yol qurğularına ziyan vurub.
Astara Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, hazırda bütün əməkdaşlar hadisə baş verən ərazilərdədir, kritik vəziyyət yaranıb. Hələlik dəymiş zərərlə bağlı məlumat verə bilməyəcəklərini də bildiriblər.