JMK: “Aytən Məmmədovanın təhlükəsizliyi təmin edilməlidir”

JMK: “Aytən Məmmədovanın təhlükəsizliyi təmin edilməlidir”

12-05-2022 18:13 / Bu xəbər 3502 dəfə oxundu

"Azərbaycan hakimiyyəti jurnalistə təhdidləri təcili araşdırmalıdır”

"Azərbaycan hakimiyyəti jurnalist Aytən Məmmədovaya qarşı təhdidləri və son hücumu təcili və hərtərəfli araşdırmalı, onun təhlükəsizliyini təmin etməlidir”.

Jurnalistləri Müdafiə Komitəsinin (JMK) mayın 12-də yaydığı bəyanatında belə deyilir.

Məlumatı "Turan” yayıb.

JMK hesab edir ki, Aytən Məmmədovaya qarşı son hücum və təhdidlər təkcə ona deyil, Azərbaycanda bütün jurnalistlərə qarşı hücumdur.

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycan hakimiyyəti jurnalistləri qorxutmaq, susdurmaq cəhdlərinin qəbuledilməz olduğunu bilməlidir: "Hakimiyyət jurnalistə hücumun sifarişçisi ola biləcək şəxslər də daxil olmaqla, məsuliyyət daşıyanların tez bir zamanda tapılması barədə açıq mesaj verməlidir”.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: "Mənə dedi ki, sən ağıllanmayacaqsan? Qızımla hədələdi”.


Aytən Məmmədova. 
Foto: Screenshot

Jurnalistə hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Jurnalist mayın 11-də ekspertizadan keçib.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.