İnsanları dinc etirazlara səsləyən şəxs yoxa çıxıb

İnsanları dinc etirazlara səsləyən şəxs yoxa çıxıb

26-01-2024 14:24 / Bu xəbər 720 dəfə oxundu

Ailəsi 3 gündür ki, Arzu Sayadoğludan xəbər ala bilmədiyini deyir

İnternet kanallarında hökuməti tənqid edən Arzu Sayadoğlunun ailə üzvləri üç gündür ki, ondan xəbər ala bilmir. 

Bu barədə Meydan TV-yə məlumat verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, jurnalistin hüquq-mühafizə orqanları tərəfindən saxlandığı ehtimal olunur.

"Youtube”dakı "Arzu Sayadoğlu” adlı kanalın rəhbəri və aparıcısı olan A.Sayadoğlu bu kanalda ölkədəki siyasi vəziyyəti, məmur özbaşınalığını tez-tez tənqid edirdi.

Rüfət Səfərov deyir ki, Arzu Sayadoğlu sonuncu dəfə öz kanalında yox, "Azad söz” kanalında çıxış edib, tənqidi fikirlərlə yanaşı, həm də insanları susmamağa, dinc etirazlara səsləyib. Bundan sonra isə o yoxa çıxıb.

"Üç gündür ki, yaxınları onun haqqında heç bir məlumat ala bilmir. Əvvəlki acı təcrübələri nəzərə alaraq, ehtimal edirik ki, onu ya polis, ya da DTX saxlayıb, yeri barədə ailəsinə məlumat verilməyib. Çünki bundan əvvəl də dəfələrlə olub ki, ictimai-siyasi fəallar yoxa çıxıb, bir neçə gün sonra onların səsi hansısa polis idarəsindən, istintaq təcridxanasından, DTX-dan gəlib. Hətta Arzu Sayadoğlunun hazırda işgəncə altında olduğu da istisna deyil”, – hüquq müdafiəçisi belə deyib.

Arzu Sayadoğlu son dövrlərdə "Xalqa xidmət hərəkatı” yaradıldığını və bu təşkilatın rəhbəri olduğunu bəyan etmişdi.

Daxili İşlər Nazirliyindən Arzu Sayadoğlunun saxlanması, onun yeri barədə məlumat almaq mümkün olmayıb.

Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin məzunu olan Arzu Sayadoğlu əvvəllər bir neçə telekanalda və radioda çalışıb.