İlqar Məmmədov: "Dəvət etsəydilər də, getməzdik"

İlqar Məmmədov:

11-09-2019 19:11 / Bu xəbər 1325 dəfə oxundu

"Görüşlə bağlı bizə heç bir dəvət gəlməyib, gəlsəydi də, iştirak etməzdik".

Bunu ReAl Partiyasının sədri İlqar Məmmədov siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən dəyirmi masanı Toplum.Tv-yə şərh edərkən deyib. 

O bildirib ki, dialoq qarşılıqlı prosesdir, bir tərəfin arzu və istəkləri ilə həyata keçirilməməlidir: "Biz hakimiyyətlə dialoqa hazır olsaq da, belə bir dialoq qarşılıqlı öhdəliklər tələb edən bir sənədin üzərində ola bilər. Mənasız, boş, məzmunsuz görüşlərə ehtiyac yoxdur. Toplantının məzmunu qarşılıqlı öhdəlikləri təyin edən bir dialoq  üzərində qurulmalıdır. Yoxsa belə məzmunsuz yığıncaqlar hakimiyyətlə müxalifət arasında siyasi dialoq üçün yetərli deyil".

Onun sözlərinə görə, hakimiyyətlə müxalifət arasında mənasız müzakirələr deyil, siyasi dialoq olmalıdır: "Öncədən müzakirə aparılmalıdır və danışılmalıdır ki, hansı sənəd qəbul edilir və o sənəd hansı qarşılıqlı öhdəlikləri ehtiva edir. Görüş, toplantı təyin edilirsə, əvvəlcə qarşılıqlı öhdəlikləri müəyyən edən sənədin layihəsi ortaya qoyulmalıdır. Burada qeyd olunmalıdır ki, partiyaların öhdəliyi nədən ibarətdir? Ona görə də bu cür toplantılar gözdən pərdə asmaq üçündür".

"Ölkədə heç bir islahat aparılmır"

İlqar Məmmədov tədbirin sonunda qəbul edilmiş bəyanata da münasibət bildirib. 

Bəyanatda "partiyalar ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır" bəndinə toxunan partiya sədri qeyd edib ki, Azərbaycanda heç bir islahat aparılmır: "Azərbaycanda heç bir islahat yoxdur. Varsa, göstərsinlər". 

"Hakimiyyətin öz məqsədi var və bu  görüşü də öz məqsədləri çərçivəsində həyata keçirib. Belə tədbirlər istər hakimiyyətdaxili davalarda nəyəsə nail olmaq, istərsə də bəzi xarici dairələrin gözünə kül üfürmək məqsədi güdür. Bu baxımdan, tədbirin sözün həqiqi mənasında, iqtidar-müxalifət dialoquna heç bir aidiyyəti, hətta bənzərliyi yoxdur". 

Sentyabrın 11-də Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, görüşə AXCP sədri Əli Kərimlidən başqa bütün müxalifət partiyaları dəvət edilib.

Hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, REAL TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları iştirak ediblər.

"Dəyirmi Masa" bitdikdən sonra ortaq bəyanat qəbul edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.

Arif Hacılı tədbirə qatılmamasının səbəbini "Basta" saytına belə açıqlayıb: "Dəyirmi Masada müzakirə olunacaq mövzunun qeyri-müəyyənliyinə və təddbirin formatı bizi qane etmədiyinə görə tədbirdə iştirak etmədik”.

Aytac Ağazadə