Arzumun hər vaxtısan...

Arzumun hər vaxtısan...

01-03-2024 00:47 / Bu xəbər 1274 dəfə oxundu

"Arqument.az" Xəyalə Sevilin şeirlərini təqdim edir:

Nə ürəyim, nə ağlım
Səndən əlini üzdü.
Təkliyə düşən kimi
Darıxdığım da düzdü.

Baxma səsim hüzünlü,
Baxma gözlərim yaşdı.
Ah, səni xatırlamaq
Bilirsən necə xoşdu?

Hamı bir az təsəlli,
Hamı könül boşluğu.
Hamı zaman israfı,
Unutmaq sərxoşluğu.

Sən duyğumun sərsəri,
Ruhumun hürr vaxtısan.
Həsrətimin şər vaxtı,
Arzumun hər vaxtısan.

***

Axı nəyə lazımıydı
O köhnə ayrılığı 
Təzələmək yenidən?
Axı ayağından 
Şikəst sevgini
Tək başına
Gücüm yoxdu yeridəm.
Qayıtsan, görəcəksən,
Görəcəksən ki, 
Təptəzə qəm çəkirəm.
Üstünü dağıdıb getdin,
Altını mən çəkirəm.
Qayıtsan, görəcəksən,
Görəcəksən ki,
Bu depressiv hallarımın
Səbəbi sən,
Ürəyimin həyəcanı,
Təbi sən.
Sən olmadın hamı kimi.
Yaddaşımda dadın qaldı
Dodağının tamı kimi.
Gah üz döndün,
Gah əl  etdin.
İndi məni qınayırsan,
Məni ki sən əfəl etdin.