Avropa İttifaqı: “Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq”

Avropa İttifaqı: “Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq”

30-09-2022 19:26 / Bu xəbər 1255 dəfə oxundu

Qurum bəyanat yayaraq Ukraynanın vilayətlərinin ilhaqını pisləyib

Avropa İttifaqı Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qanunsuz ilhaqını qəti şəkildə rədd edib və birmənalı şəkildə pisləyib.

Bu barədə Avropa İttifaqının sentyabrın 30-da yaydığı bəyanatında deyilir.

Bəyanatda Rusiya qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqda günahlandırılır: "Moskva Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş fundamental prinsipləri kobud şəkildə pozmaqla qlobal təhlükəsizliyi təhlükə altına alır”.

Aİ gələn həftə keçiriləcək sammitə qədər sanksiyaların 8-ci raundu üzrə razılığa gəlməyə ümid edir.

"Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik olmayacaq. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı qeyd-şərtsiz rədd etməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Aİ liderləri əlavə ediblər ki, Avropa İttifaqı Ukraynanı güclü şəkildə dəstəkləyir və lazım olduğu müddətdə Ukraynaya iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək.

Sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: "Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.