Avtomobil bazarı çökdü - banklar krediti dayandırdı

Avtomobil bazarı çökdü - banklar krediti dayandırdı

27-12-2015 01:25 / Bu xəbər 2077 dəfə oxundu

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərarın təsirləri Azərbaycanda avtomobil bazarından da yan keçməyib.

Yeni avtomobillərin satıldığı əksər avtosalonlar qiymətləri hələ ki, çox qaldırmasalar da, avtomobil kreditləri dayandırılıb. Bunu satıcılar da təsdiqlədilər.

Paytaxtın məhşur avtosalonlarından birinin satıcısı Nübar Cabbarova deyir ki, 2015-ci il model avtomobillərinin qiymətini daha da artırmaq niyyətində deyillər.

"Onsuz da satışlarımızın sayı həddən artıq azalıb. İki gün ərzində bir avtomobili güclə satırıq. Qiymətləri qaldırıb olan alıcıları da itirməyin heç bir mənası yoxdur. Ancaq onu deyə bilərəm ki, bizim şirkət kreditləri manatlar verirdi və son günlər manatın qiymətinin ucuzlaşması bankın avtomobil kreditlərini dayandırmasına səbəb olub”.-deyə satıcı əlavə etdi.

Müşahidə apardığımız digər avtosalonlarda da oxşar vəziyyət hiss edilirdi. Avtosalonların əməkdaşları da qiymət artımının olmadığını bildirirdilər. Səbəb olaraq isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini və dolların qiyməti yüksələndən sonra avtomobil gətirmədiklərini göstərirlər.

Alıcılar da yeni maşınların satışı ilə məşğul olan avtosalonların əksəriyyətində qiymət artımının cüzi olduğunu deyirlər. Maşın almaq istəyən Aqil Abbasov bildirdi ki, onun 24 min 800 manata almaq istədiyi avtomobilin qiymətində heç bir artım olmayıb: "Bu gün eşitdim ki, banklar manatla olan avtomobil kreditlərini dayandırıblar. Düşünürəm ki, avtosalonlar istəmir ki, qiyməti qaldırıb onsuz da az olan alıcılarını itirməsinlər. Həm də niyə artırmalıdırlar ki? Axı onlar avtomobilləri dollar bahalaşmamışdan əvvəl gətiriblər”.

Ekspertlər isə bankların avtomobil kreditlərini dayandırmasının alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacağını bildirirlər.(ANS PRESS)