AXCP fəalı: "Əlizamin Salayev hər an ölə bilər"
30-05-2023 16:45 / Bu xəbər 539 dəfə oxundu
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev 113 gündür ki, aclığı davam etdirir.
"O, yalnız su içir. Salayev bəraət alanadək aclığı davam etdirəcəyini deyir".
Həyat yoldaşı Səidə Salayevə bu gün, mayın 30-da onunla telefon danışığından sonra bildirib.
Onun sözlərinə görə, Salayev 49 kq çəki itirib: "Zaminin vəziyyəti olduqca ağırdır. Dünən onunla görüşdüm, bu gün isə telefonla danışmışam. Dünən görüşə əlil arabasında gətirdilər. Zamin tanınmaz vəziyyətdədir. Ayaq üstdə dura bilmir, taqətdən düşüb. O, 49 kiloqram çəki itirib, çəkisi 69 kiloqramdır (təcridxanaya daxil olanda çəkisi 118 kiloqram olub). Dünən qan təzyiqi 69/45 idi, bu gün 60/40 olub”.
AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir də Zamin Salayevin durumunun ağır olduğunu deyir.
O, feysbuk hesabında yazıb ki, Salayev həyatını itirə bilər: "Həkimlər həyəcan siqnalı çalır. Əlizamin Salayev hər an ölə bilər".
Onun sözlərinə görə, Salayevin saxlanma şəraitindən narazılığı yoxdur: "Ona daimi həkim nəzarəti var. Gün ərzində sistem köçürülür. Saxlandığı palataya bir nəfər daimi nəzarətçi qoyulub ki, halı pisləşəndə ona kömək etsin".
Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Mayın 29-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.
Zamin Salayev fevralın 7-də saxlanılıb.
Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 113 gündür aclıq edir.
ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.
"Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", - deyə səfirliyin sözçüsü qeyd edib.