Siyasi məhbusların siyahısı yeniləndi: 204 nəfər

Siyasi məhbusların siyahısı yeniləndi: 204 nəfər

31-07-2023 21:17 / Bu xəbər 747 dəfə oxundu

Siyahıya 34 nəfərin adı əlavə olunub

İyulun 31-də "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi siyasi motivlərlə həbsdə olan 204 nəfərin adı yazılan yenilənmiş siyahı dərc edib.

Bundan əvvəl aprelin 20-də açıqlanan siyahıya 182 nəfər daxil edilmişdi.

Bu dəfə siyahıya 34 yeni ad əlavə olunub.

Onların arasında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu, sabiq deputat, ictimai xadim və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də var. 

Siyahıda yer alan digər yeni simalar aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən inanclılardır. Beləliklə, hesabatda dini inanclı siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.

Birlik 204 siyasi məhbus hesab olunan şəxsləri  7 qrupa bölüb.

Birinci "jurnalist və bloger” qrupunda Polad Aslanov, Osman Nərimanoğlu və blogerlər Bəxtiyar Hacıyev, Rəşad Ramazanov və Aslan Qurbanov da daxil olmaqla 5 nəfər var.

"Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 7 nəfər, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları – Əlizamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, eləcə də yuxarıda adları çəkilən üç yeni şəxsin adı yer alıb.

"Almaniyadan deportasiya edilən siyasi mühacirlər” qrupunda 5 nəfər, dindarlar qrupunda isə 147 var: "”Tərtər işi” üzrə 7, "Gəncə işi” üzrə 22 nəfər siyahıda qalıb. Daha 11 siyasi məhbus hesab edilən şəxs ömürlük həbs cəzasını çəkir”.

2018-ci ilin noyabrından "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin siyahısı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilir.

İlk dəfə olaraq siyahıda 200-dən çox adam yer alıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və bunu qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.