Azadlıq – köləlikdir

Azadlıq – köləlikdir

24-01-2024 00:35 / Bu xəbər 968 dəfə oxundu


Türkay Zadə

"Onun islah edilməmiş beyninə güllə çaxmaqla öz ideallarında qara bir deşik açacaqlar. Onlara nifrət edə-edə ölmək özü də azadlıqdır! Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr, heç vaxt şüurlu olmayacaqlar".

İngilis yazıçısı Corc Oruellin "1984" adlı əsəri dünya ədəbiyyatının ən diqqət çəkən əsərlərindən biridir. Bu kitab totalitarizmin ən qaranlıq üzünü və insan azadlığının necə itirilə biləcəyini təqdim edir. 

İnsan hüquqlarının, fərdi azadlıqların tamamilə məhv edildiyi, şüurun nəzarət altına alındığı, insanların robotlaşmış kütləyə çevrildiyi totalitar dünya nizamı romanda inanılmaz təxəyyüllə, hər bir incə detalı ilə oxuculara çatdırılır. 

"1984" romanı Okeaniya adlı zalım bir dövlətlə bu dövləti yıxmaq istəyən Uinston və Culiyanın mübarizəsindən bəhs edir. Okeaniya insanların öz həyatları üzərində heç bir təsirinin olmadığı, səfalət və qorxu içində yaşadığı bir yerdir. 

Cəmiyyətin əksəriyyəti son dərəcə primitiv şəraitdə və onlar üçün müəyyən edilmiş sərhədlər daxilində yaşasalar da, "qabaqcıl səviyyədə və geniş imkanlarla” yaşadıqlarına inandırılmış vəziyyətdədir. İnsanlar zülmkar sistemə qarşı biganədir. 

Onların biganə qalmasının səbəbi isə Böyük Qardaşın qəddar diktatorluğudur. Böyük Qardaş romanda heç vaxt görünməsə də, reallıqda mövcud olmasa da, Okeaniyada qaydaları qoyan və onlara nəzarət edən önəmli obrazdır. 

Dimdik baxan gözlərinin altında insanların içinə qorxu salan bu ifadə yer alıb: BÖYÜK QARDAŞ SƏNƏ BAXIR. 

Divarlardan asılan plakatlarından başqa, roman boyu onun fiziki iştirakına rast gəlinmir. 

Bir baxış, səsdəki bir titrəriş, fısıltı ilə deyilən bir söz belə üsyan mənasına gəlirdi… Elə dünya düşünün ki, orada var olma məqsədiniz sadəcə "Partiya” adlanan hakim gücə xidmət etməkdir.

Romanın baş qəhrəmanı Uinston Smit zülmə qarşı dirənən, lakin sonunda işgəncələr nəticəsində əyilməyə məcbur olan insandır. Uinston ağılasığmaz hesab etdiyi zülm sisteminə qarşı çıxmağa və Böyük Qardaşa meydan oxumağa çalışır. 

Sevgilisi Culiya da onun mübarizəsini dəstəkləyir. Onlar birlikdə sistemə qarşı çıxırlar. Özləri üçün yeni bir həyat qurmaq istəyirlər. Lakin tutularaq dəhşətli işgəncələrə məruz qalırlar. 

Sonda işgəncələrə dözə bilmir və mənəvi çöküş yaşayaraq yenidən mövcud rejimə tabe olmağa (boyun əyməyə), köhnə həyat qaydalarına uyğunlaşmağa və bir-birlərinə xəyanət etməyə məcbur olurlar. 

Kitabın hekayəsinə görə dünyada üç dövlət var: Okeaniya, Avrasiya və Avstraliya. Davamlı olaraq bu ölkələrin ikisi ittifaq qurub üçüncü ölkəyə müharibə elan edir. 

Müttəfiqliklər dəyişdikcə, keçmişdə ölkələr arasında mövcud olan dostluq münasibətləri inkar edilir və bu dostluqlar sanki heç olmamış kimi ictimaiyyətə sırınır. 

Üç totalitar dövlətin davamlı müharibə şəraitində hökm sürdüyü xəyali bir gələcəkdə bu gün Britaniya deyə adlandırılan torpaqlar Okeaniyanın hakimiyyəti altındadır. 

Partiya keçmişlə bağlı hər cür manipulyasiyanı edib. Keçmişdə yaşanan hadisələrə aid insanların əlində olan dəlil və sənədlər partiya tərəfindən məhv edilib. 

Keçmişi sorğulamaq, sübutları ortaya çıxarmaq böyük cinayət hesab olunur. Baş qəhrəmanımız Uinston Smit Həqiqət Nazirliyində işləyir. Ona köhnə məlumatları silmək və tarixi dəyişmək tapşırılıb. 

Hakim və yeganə partiyanın üzvü olan Uinston quruluşa olan nifrətini yazmaq üçün qadağan olunmuş yolla bir gündəlik əldə edir. Ancaq adamın hər addımının izlənildiyi, daim teleekran obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Ancaq o yazmağa iddialıdır.

Romanda "prollar” adlanan kütlə şüursuzlaşdırılmış, başqa sözlə, manqurtlaşdırılmış toplum olsa da, baş qəhrəman Uinston öz-özlüyündə tez-tez düşünürdü ki, "bütün ümidlər prollaradır”.

O yazır: "Əgər tək ümid varsa, o da prollara olan ümiddir.  Əgər nicat yolu varsa, onu yalnız prollardan – dövlətin arxa qapısında küllənən, Okeaniya  əhalisinin səksən beş faizini təşkil edən bu qara kütlədən gözləmək lazımdır. Bədəninin bir titrəyişi ilə bütün milçəkləri qovan at kimi onların da ayağa qalxıb silkələnmələri kifayətdir. Əgər prollar istəsələr, günü sabah Partiyanın daşını daş üstündə qoymazlar".

Prollar ağır şərtlərlə işləməkdən, boğaz davasından, qonşularla didişməkdən, sinema, futbol, pivə və qumar səbəbindən beyinlərini işlətməyə fürsət tapa bilməzdilər. Ona görə də onları nəzarət altında saxlamaq çətin deyildi. 

Uinstonun prollar haqqında yazırdı: "Onlar şüurlu olmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar". 

Əsərin mühüm məqamlarından biri də başqa bir düşüncəyə qətiyyən yer verilməməsidir. Fikir azadlığı qadağandır. Totalitar bir partiyanın idarə etdiyi bu yerdə xalq qorxu və zülmlə daim nəzarət altında saxlanılır. Bunu təmin edən ən böyük vasitə teleekranlardır. İnsanlar evlərdə və küçələrdə olan teleekran vasitəsilə izlənilir. Bu ekranlar kiçicik bir mimikadan da partiyaya qarşı çıxa biləcək insanı müəyyənləşdirir. Danışılan hər bir söz dinlənilir.  

Okeaniyada yaşayan hər kəs qəddar, nifrət dolu və bir-birinə qarşıdır. Hökumət teleekran konsepsiyasını daha da genişləndirib insanları da gəzən teleekranlara çevirmişdi. Belə ki, insanlar bir teleekran kimi digər insanları müşahidə edir və hökumət əleyhinə olan təəssürat hiss etdikdə onları şikayət edirlər. 

Eyni vəziyyət xüsusilə Stalin dövründə də müşahidə olunub. 

Stalin öz vətəndaşlarını ətraflarında hökumət əleyhinə olan hər kəsi ifşa etməyə təşviq edirdi. Bu ənənə o həddə çatır ki, insanlar qonşularını, dostlarını, hətta ailələrini hökumətə xəbər verirlər. 

Romanda insanların hər biri bir rəqəmdən və ya sayıdan ibarət əhəmiyyətsiz varlıqlar kimi təsvir edilir. Sistemin və dövlətin davamı üçün bir-birini satan, etiraz etmək gücünü itirmiş, xaraktersiz bir xalq obrazı yaradılıb.

Rejimə qarşı olan düşmənləri lənətləmək üçün hər gün "İki dəqiqəlik nifrət” mərasimləri, hər ildə bir həftə isə "Nifrət həftəsi” adlanan mərasimlər keçirilir. 

Bu mərasimlərdə Böyük Qardaşın müdrikliyinə və böyüklüyünə həsr olanan marş oxunur və beləliklə, camaatın özünü hipnoz etməsinə və şüuraltı düşüncələrini boğmasına şərait yaradılır. Bu mərasimlərdə insanlar sürü psixologiyası ilə hərəkət edirlər. 

Cəmiyyətin və ictimai fikrin yaradılmasında ən mühüm vasitələrdən biri dildir. Dilin zənginləşdirməsi düşüncənin zənginləşməsi deməkdir. Okeaniya hökuməti insanların düşüncələrini, tarixini, dilini məhv etmək və ölkənin keçmiş ilə əlaqəsini faktiki olaraq kəsmək üçün "Yenidil" adlı irrasional, məntiqsiz bir danışıq forması hazırlayıb. 

Dil öz emosionallığından məhrum edilib, sırf insanları nəzarət altında tuta bilmək üçün bir alətə çevrilib və ən zəruri sözlərlə məhdudlaşdırılıb. 

Partiya sözlərin sayını azaldıb cümlə quruluşunu sadələşdirməklə insanları düşündürən, onarı üsyana və ya mövcud durumlarını hər hansı bir şəkildə sorğulamağa vadar edən sözləri daimi olaraq dillərindən çıxarmağı hədəfləyib. 

"1984" romanında təsvir edilən dövlət sistemindəki nazirliklərin adları da qeyri-adidir: Həqiqət, Sülh, Sevgi və Rifah Nazirliyi. Yeni dildə nazirliklər müvafiq şəkildə Həqnaz, Sülhnaz, Sevnaz və Rifnaz adlanırdı. 

Adı ilə ziddiyyət təşkil edən bu qurumlardan biri olan Rifah Nazirliyi insanların ehtiyaclarına böyük məhdudiyyətlər qoyur, amma insanların həyat səviyyəsinin yüksək olduğunu təbliğ edir, şişirtmə rəqəmləri kütləyə təqdim edərək onları keçmiş dövrdən daha yaxşı yaşadıqlarına inandırmağa cəhd edir. 

Sülh Nazirliyi daxili və xarici müharibələri idarə edir. 

Həqiqət Nazirliyi xəbərləri daim təhrif edir, keçmişi silərək yenidən yazır, dövlətin səhvlərini xalqdan gizlədir.

Sevgi Nazirliyi sevgi və mərhəmətin mərkəzi olması gözlənildiyi halda, qorxunun və zülmün məkanı olaraq qarşımıza çıxır. Onun binasında yerli-dibli pəncərə yoxdur. Bura həqiqətən də, insanın canına qorxu salırdı. Bu məkanın əsas missiyası cinayətkarlara işgəncə vermək, onları cəzalandırmaq, beyinlərini yuyub sonda ya azad etmək, ya da buxara çevirmək, yəni öldürməkdir. 

Oruellin öldürmək əvəzinə buxara çevirmək sözünü seçməsi diqqəti cəlb edir. Dövlət vətəndaşlarından biri öləndə ona aid bütün keçmiş qeydləri silir və sanki həmin şəxs heç yaşamamış kimi davranır. Romanda cinayətkarlardan geridə heç bir qeyd, iz, cəsəd qalmaması buxara çevirmək sözünün hansı səbəbdən seçildiyini izah edir:

Müharibə – sülhdür
Azadlıq – köləlikdir
Cəhalət – gücdür.

Bir-biri ilə ziddiyət təşkil edən bu üç söz partiyanın Həqiqət Nazirliyinin binasında böyük hərflərlə yazılıb. İnsanları idarə etmək üçün müxtəlif üsullardan istifadə edən partiyanın işlətdiyi bu üç cümlə ilə Oruell əslində totalitar rejimlərin məqsədlərini ümumiləşdirir. 

Böyük dərinliyə sahib olan bu ifadədə azadlıq uğrunda mübarizə aparan şəxslərin məhv ediləcəyi, müharibənin xalqı məşğul etmək üçün bir zərurət olduğu və sağlam düşüncədən məhrum bir xalqın totalitar rejimə güc verəcəyi nəzərdə tutulur. 

Okeaniya vətəndaşlarının doğru olduğuna inanması gözlənilən digər bir ifadə "2+2=5” ifadəsi də işlədilir. Bu haqda baş qəhrəman Uniston gizli tutduğu gündəliyində belə yazır: "Azadlıq iki üstəgəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq". 

Romanda Sevgi Nazirliyində işləyən O'Brayen partiyanın "2+2=5" ifadəsini qəbul etdirmək üçün Uinstona işgəncə verərkən deyir: "Bax, Uinston. Bəzən iki üstəgəl iki beş edir, bəzən üç. Bəzən eyni anda həm beş, həm üç edə bilir".

O, bu sözlərlə partiyanın fəlsəfəsini ümumiləşdirir. 

2+2=5 metaforası Sovet İttifaqı dövründə də işlədilən metaforadır. Müəllif Oruell bu ifadəni elə-belə seçməyib. Sovet İttifaqında 5 illik inkişaf planının 4 ildə həyata keçirilməsi hədəfi qarşıya qoyularaq mediaya 2+2=5-in yazıldığı çoxlu plakatlar təqdim edilmişdi. Burada nasistlərin zehniyyətinə də işarə edilir. Belə ki, nasist Almaniya ordusunun komandiri Herman Görinq: "Liderimiz istəsə, 2+2 = 5 edər”, - demişdi. 

Düşünməyin belə cinayət sayıldığı Okeaniyada cinsi münasibətə də qadağa qoyulub. Partiya cinsi həvəsi yerli-dibli öldürmək, cinsi əlaqəni yaramaz və çirkin iş kimi qələmə verməyə çalışırdı. Eşq, sevgi və digər bunun kimi bütün hisslər və istəklər qadağan olunmuşur. Yeganə sevgi Partiya və Böyük Qardaşa duyulan sevgi olmalıdır.

Uinston aşiq olmağın qadağan olduğu bir mühitdə Culiyaya aşiq olur. Onlar fikir polisi tərəfindən tutulana qədər teleekran olmayan yerlərdə görüşürlər. 

Uinstonun Culiyaya aşiq olması, onunla fiziki və emosional olaraq sevməbilməyin azadlığını yaşaması və cinsi təcrübələri sevişərək qazanması böyük cinayət və Partiyaya qarşı üsyan hesab olunur. Əsərin sonlarında onlar məhəbbət nazirliyinə aparılıb mənlik şüurlarını tamamilə itirənə qədər işgəncələrə məruz qalırlar. 

Kitabda nifrət etdiyimiz və qorxduğumuz şeylərin bizim sonumuz olacağından bəhs edilir. Uinston günlərlə döyülür və işgəncələrə məruz qalır, saçları tökülür və o qədər arıqlayır ki, sümükləri sayıla bilərdi. 

Bütün bunlara rəğmən, baş verənlərə dözdü. Amma ən böyük qorxusu olan siçovullarla dolu qəfəs yaxınlaşdırılanda artıq Uinston dəliyə dönür. Xilas olmağın bir, yalnız bir yolu vardı. Özü ilə siçovulların arasına başqa insanı, başqa adamın bədənini sipər kimi qoymalı idi. Uinston instinktiv olaraq özünü hər şeydən üstün tutur və qışqırmağa başlayır ki, onun yerinə sevdiyi qadını cəzalandırsınlar. O, siçovulların çənginə özünün deyil, Culiyanın verilməsini tələb edir. 

O’Brayen: "Təkcə ağrı hissi həmişə kifayətləndirici olmur. Bəzən ölüm həddinə çatana qədər ağrıya müqavimət göstərən insanlara təsadüf edilir. Lakin hər insanın təhəmmül edə bilmədiyi, hətta ağlına sığışdırmadığı bir qorxu var. Həmin məqamda qorxaqlıq, yaxud cəsarət elə rol oynamır. Əgər yuxarıdan yıxılırsansa, kəndirdən yapışmaq qorxaqlıq deyil. Əgər dərinlikdən suyun üzünə qalxırsansa, sinədolusu nəfəs almaq qorxaqlıq deyil. Bu, sadəcə, həmişə öz hökmünü qoruyub saxlayan instinktdir. Məsələn, sizin üçün siçovul ən dözülməz dəhşətdir. Sizə münasibətdə onlar elə təzyiq formasıdır ki, istəsəniz də, qarşısında heç zaman duruş gətirə bilməzsiniz. Sadəcə, sizdən tələb olunanı edəcəksiniz”. 

İnsanın fiziki ağrı qarşısında acizliyini kitabda Uinston bu cümlələrlə ifadə edir: "Heç vaxt heç nəyin xətirinə ağrı hissinin azacıq da olsun şiddətlənməsini istəməməlisən! Ağrı başlananda sənə yalnız bir hiss hakim kəsilir – o, tez çəkilib getməlidir! Dünyada fiziki ağrıdan pis heç nə yoxdur. Ağrının önündə duruş gətirən qəhrəman yoxdur! Ağrıya qalib gələn qəhrəman ola bilməz!”. 

Hər şey bitdikdən sonra Vinston və Culiyanın yolları ayrılır və partiyanın gücünə, qələbələrinə yenidən inanırlar. Bir-birlərinə duyduqları sevgidən əsər-əlamət belə qalmır. Dəyişməyə məcbur olurlar. 

Corc Oruell istər "1984" romanını SSRİ-nin yüksəliş dövründə olduğu, Avropa və Amerikanın sovet rəhbərliyi ilə əlaqələr yaratmağa can atdıqları bir zamanda yayınlanmışdı. 

İkinci Dünya müharibəsindən sonra dünyanın iki süper gücünden birinə çevrilən Sovet İttifaqı totalitar rejimi və zülmkar əməlləri ilə 1984-cü ildə bəhs olunan siyasi və mədəni mühiti çox gözəl əks etdirən əsl nümunədir. Stalin dövründə 1984 kitabdakı ab-havanın çox bənzərini Sovet İttifaqı vətəndaşları yaşamış, dövlət hər sahədə xalqı nəzarətdə saxlamış, rejimə qarşı çıxanlar çox ağır cəzalara məruz qoyulmuşdu.

Kitabda tez-tez inqilab xatırlanır. O inqilab ki Okeaniyada kapitalizmə son qoyub, kommunizmi və totalitar hakimiyyəti bərqərar edib. 

Roman bizə qəddarlığın, əzab və işgəncələrin, ailənin, dostun, yaxının olmadığı bir cəmiyyəti göstərir. Bütün bu anlayışlar inqilabdan əvvəldə qalıb. İnqilabdan sonra isə əbədi zülmət və ümidsizik var. Sadəcə partiya – "Böyük Qardaş” üçün yaşayan "insan”lar var. 

Bu kitabda keçən tükləri biz-biz edən siyasətin bir bənzərini bu gün müasir dünyada da görə bilirik. 

Müəllif Corc Oruell onun dövründə hakim olan kommunizm, faşizm və sosializm kimi ideologiyaları çox yaxşı müşahidə edərək "1984" kitabını yazıb. 

Onun tənqid etdiyi konkret bir ideologiya deyil, bütün totalitar rejimlərdir. Əgər hər hansı bir ideologiya praktikada hüquq və azadlıqlara mane olan bir alətə çevrilibsə, xalqı elə vəziyyətə salır ki, onlar şüurunun idarə olunduğunun, fikir azadlıqlarını itirdiklərinin fərqinə belə varmır. 

"1984"də deyilir ki, bu hökumətlərə icazə verilsə, geri dönüşü olmayan bir yola giriləcək. 

Corc Oruelin "1984” romanı antiutopik əsər olsa da müasir dövrdəki bir sıra texnoloji nailiyyətlər, dünya xüsusi xidmət orqanlarının istifadə etdiyi metodlar Corc Oruelin "istəmədiyi dünya”nın bərqərar olduğundan xəbər verir. Baxmayaraq ki, Oruelin mübarizə obyekti olan SSRİ çoxdan dağılıb, bununla belə özünün öncəgörmələri ilə böyük yazıçı günümüzdə də maraqla oxunur...