“Mən”i və məni xoşbəxt edən kitab: “Das Verlassene Land”
23-02-2024 23:25 / Bu xəbər 1839 dəfə oxundu
Aydın Can
Kitabı... ilk növbədə əşya kimi xoşlayırsan – indiki dillə desək, dizaynı, formatı, zahiri gözəlliyi xoşuna gəlir, alırsan.
Əşya-kitab haqqında ilk qənaətbəxş təəssürat odur ki, ürəkdən deyirsən: nəfis şəkildə çap olunub! İçindəkilərdən asılı olmayaraq, poliqrafiiya vurğunudur belə nəfis kitabların – kitabçı peşəsinin bəxş etdiyi ehtizaz zövqdür! İstehsal sənayesi öz saxlancını – menyüsünü zənginləşdirir!
Bizim elə də nəfis şəkildə kitabımız yoxdur – biz ümumiyyətlə, kitabçılığı anlamayan adamlarıq... dövlət səviyyəsində! Bu seriyadan olanlar bizdə makulaturalıqdır, əlbəttə, istisnalar var, ancaq ki... təkcə Qurani-kərim” istisnamız var! "Kitabi-Dədə Qorqud” nüsxəsi də həmçinin! "İçərişəhər”, "Şuşa” (və ölkənin qalan 99 rayonu) seriyası ola bilər, amma yoxdur: ümumyetərli, kütləvi sayda deyil, hansı kitabxanalardan əldə etmək olar sualı isə absurddur!
Naşirlərimiz alverçi təfəkkürlü, "maarifpərvər” adı altında "mmm”-liklə – "moşennik mejdurnarodnoqo masştaba” – məşğul olan kəmfürsətlər: duyğu sömürüsü üstündə imic və para qazanan möhtəkirlər...
"Sportloto” uduşu misalı təsadüfən ortaya qoyulan nəsnələr – müstəqilliyin 30 ilində bəlkə bir, uzağı iki dəfə bəxtimiz gətirib ya yox!
Sonra gəlir əşya-kitabın iç tərəfi: miqyas baxımından məhəlli, regional, xəlqi-milli və bəşəri olanı. Sahələr üzrə də həmçinin.
Elmi-fəlsəfi irəliləyiş fərdlərin ümidinə qalıb – sağ olsun ölkədə Zaur Əliyev, Əkbər Nəcəf, Dilqəm Əhməd kimi gənclər... haralarasa tariximizi də, kitab arsenalımızı da aparıb çıxara bilərlər! Onlardan əvvəlkilər sağlıqlarında özlərinin də, yazdıqlarının da aqibətinin haracan olduğunu özləri gördülər – mən fitva qismində qəlblərinin qırıq yerlərinə duz basmaq istəmirəm!
Elmi-fəlsəfi yönündən daha çox, tarixi kitablar döyüşür bizim üçün müəllifləriylə birgə!
Bir azdan yazacam... mən necə kitabı-əşyanı istəyirəm... əşyalıqdan çıxaraq, əşya kimi - vizit vərəqimizdə təcəlli edənləri!
SÖZARASI: (əvvəllər kirayə evlərimdə çantalara yığıb daşıyırdım) indi noutbuk işimizi bir xeyli asanlaşdırıb: BƏYƏNDİYİMİZ BÜTÜN KİTABLARIN PDF-İ ƏLİMİZİN ALTINDA ola bilər! Ancaq mən həm noutbukda, həm də maşının baqajında özümlə daşıyıram!
Azərbaycan ziyalısının ayrıca yaradıcılıq otağı yoxdur, Azərbaycan ziyalısının başının həcmi o qədər böyük və yetərli deyil BU GÜN ÜÇÜN LAZIM OLAN bütün sahələr üzrə yardımçı olan müntəxəbat-icmal bilgiləri İÇİNDƏ daşısın!
Azərbaycan ziyalısı KİTABLA İÇ-İÇƏ deyil, ola bilmir, imkanı ya yoxdur, ya çatmır, ya da istəmir!
KİTABLARIN, ən azından, ƏŞYA KİMİ gözəlliyi belə, məftunedicidir: elələrinin içində suvenir kimi əziz olanı da var, müqəddəs sayılanı da!
KİTABLARIN, ən azından, mənim üçün bir neçə növü var:
Qonaq getdiyim Kitab da olub – Lənkərandan ta Qazaxacan! Özü də yeni il gecəsi! Hələ qonaq aparıb hədiyyə etdiyim Kitab da olub!
YƏNİ: "evinə qonaq getdiyin” Kitab da var, "qonaq aparılan”, "hədiyyə olunan” Kitab da!
Əlimə aldığım Kitablardan öpüb göz üstə qoyduğum da olub!
Göz üstə qoyulası Kitab da var – anlada bildiyim qədərincə!
Dərslik, Tarixi, Elmi, Fəlsəfi kitablardan başqa da kitablar var: nə qədər ki, ölkədə gənclər olacaq, cinsiyyət üzvləri "işlək” olacaq, ehtirasları dombalacaq, xəyanətlər baş verəcək, zinakarlıq meydan sulayacaq, o şairlər-yazıçılar üçün "oxucu kontingenti” bütün dövrlərdə olacaq – onlarla işim yox!
Ancaq... mən bu gün, indi... Sizə məni və "mən”imizi XOŞBƏXT EDƏN KİTABdan danışacam!
Təsəvvür edin:
2050-ci və ondan sonrakı illər Almaniyasını. Köln şəhəri. Mərkəzi kitabxana. Kitabxanaçı qadına abonent müraciət edir və alman Henrix Böllü, Herman Hesseni, Höteni, Hegeli, Heyneni, Haydeggeri, ingilis Şekspiri, fransız Saqanı yox, azərbaycanlı... Əbil Həsənovun kitabını istəyir!!!
İnandırım sizi, o alman kitabxanaçı qız ekstazın nirvanasını yaşayacaq, arada bekar olanda oxuduğu "Das Verlassene Land”ı oxuya-oxuya alman xalqına, alman dövlətinə, alman siyasətçilərinə ona gözəl Almaniya bəxş etdiyi üçün minnətdar olan xanımdan indi... bir ərəb, çinli, azərbaycanlı, gürcü, erməni MÜHACİR balası istəyir... lütfən, mənə "tərk edilmiş Vətən”i verin!
Tərk edilmiş Vətən... həddən artıq ağırtonnajlı möhnət ifadəsidir!
Onu yalnız bu əzaba düçar olmamış İnsandan istəmək olar – güclüdən!
Mağazada – satış mərkəzlərində, kitab dükanlarında olmayanda, gedib kitabxanadan, orada da tapılmayanda, arxivdə eşələnib tapmaq olar!
"Tərk edilmiş Vətən”in rəsmini... Fuad Tahir Manafov gözəl çəkib!
"Tərk edilmiş Vətən”in anlamını, içini, tarixini, keçmişini, mentalitetini, düşüncəsini-təfəkkürünü... alman dilinə K.H. Kiel gözəl tərcümə edib!
Kölndə "Tərk edilmiş Vətən”... nəfis şəkildə çap olunub "Pem” nəşriyyatında!
Mən Rusiyada üzdə olan azərbaycanlıların rus dilində çap olunmuş kitablarını görmüşəm, almışam, oxumuşam: kütləvi olmayıb və bu məndə heç "oyanma”, reaksiya, ekstaz yaratmayıb – Azərbaycanda mən rusca kitablar o qədər oxumuşam ki! Rusca oxuduqlarımda da özüm(üz) olandan da elə də həzz almamışam – istisna Azad Mirzəcanzadə, Çingiz Hüseynov, Çapay Sultanov...
Mən ingiliscə bizim kimsələrimizin nələrsə yazdığını, çap edib yaydığını görməmişəm: oxuyub başa düşməsəm də, ən azından, KİTAB-ƏŞYA müqəddəsliyi baxımından suvenir kimi vizit vərəqim sayardım!
İspan, fransız dilində də nəsə görməmişəm – hərçənd deyirlər ki, Anar, Əkrəm Əylisli 60 dilə tərcümə olunmuş imzalarımızdır!
Yoox, bu tip faktlar heç vaxt məndə indi məni xoşbəxt edən "Tərk edilmiş Vətən” həzzini yaşatmadı.
ƏVVƏLA,
Amerikaya, Avropaya mühacir axını 21-ci əsrdə Azərbaycan xalqı və dövləti üçün yeni mərhələdir! Ən çox da, - qaçqınlardan sonra, - üzülüşüb gedən YARADICI İNSANLAR oldu. Əksəriyyəti də SİYASİ QISITLIQ adıyla. Fəqət... bir kimsə sübut etmədi o Avropada ki, bəli, onlar şərait olanda, siyasi qısıtlıq olmayanda siyasi-ədəbi qısırlar deyil! Bir kişi və ya da kopayoğlu bu 30 illik mühacirlik dönəmində bir ədəd də olsa ədəbi ödül almadı e sığındığı ölkədə!
Mən bu mühacir axınında... Avropaya elmi-fəlsəfi, ədəbi-siyasi inteqrasiya görmədim!
Mən bu boyda axının içində Avropa Vətəndaşı olanı görmədim!
Vahid Qazinin, Rauf Qaraişığın arada-bərədə açar burub, "starter”lə hərəkətə keçmək cəhdlərindən-kərkinmələrindən başqa!
YƏNİ... gedənlər Avropada coğrafi cəhətdən yer ala bildilər, əqli-mənəvi baxımdan elə "çuşka”lıqdan – yad cisim olmaqdan o yana keçən olmadı!
Avropada, eləcə də Amerikada çap olunmaq... çox rahat bir şey: kapitalist dünyası reklam və kommersiya şərtləri ilə qulluğunda hazır!
Avropada, eləcə də Amerikada Azərbaycandan apardığın pullarla nə istəsən ala bilərsən, amma Avropda, eləcə də Amerikada VƏTƏNDAŞ olub, pul qazanıb ev, maşın alan, görəvə yüksələn neçəsini tanıdınız... mühacir qismində!?
Bax, Əbil Həsənovun "Das Verlassene Land”i bu baxımdan məni xoşbəxt edən faktdır – fiksasiyadır, fiktivasiya deyil!
Əbil Həsənov... bu gün Azərbaycan ədəbi mühitinin radarına düşməyən, Azərbaycan ədəbi mühitinin lokatorları "tutmayan”, bir kimsənin umurunda olmayan imzadır: amma Almaniyada artıq vizit vərəqimizdir: "Das Verlassene Land”.
Belə ehtizazı ömrümdə bircə dəfə mənə görkəmli dramaturq, nasir, publisist Aqşin müəllim yaşatmışdı: Amerikada, Hollivudda ssenarisi əsasında film (və ya hansısa filmin bir hissəsi) çəkilən qızı Aysel Əlizadənin "Toçka otsçeta” kitabından danışanda. O kitabı ingiliscə çap etmək üçün sponsor axtarırdı və gəlib çıxmışdı Frenk Elkaponinin qəbuluna!
Əbil Həsənovun "Das Verlassene Land”i məni hansı arqumentasiyası ilə xoşbəxt edir?
İlk növbədə, kommersiya tərəfi olmadan, yazdıqlarının alman dilinə könüllü tərcümə olunması. Kölndə "Pem” nəşriyyatının bu yaradıcılığa güvənərək, risk etmədən kitabı nəşrə qəbul etməsi: "Qanun” nəşriyyatı deyil e sizin üçün, yöndəmsiz və keyfiyyətsiz nəşr məmulatlarını üstəlik də kobud dil, redaktə və korrektura səhvləri ilə (xarici əsərdirsə, bərbad redaktə və yolverilməz tərcümə səhvləri ilə) maya dəyərindən 20 dəfə bahasına soxuşdurub alver yapsın, alman oxucusu Azərbaycan oxucusuyla eyni ağılda-qürurda deyil. Götürər verər məhkəməyə ki, alman intellektual səviyyəsinə, əqli mülkiyyətinə təhqirdir aşağı əyarlı bu kitab! Nəşriyyatın anasını ağladarlar, necə ki həkimləri-qospitalları mandrajda saxlayırlar!
Tərk edilmiş Vətən... "Das Verlassene Land” – heç bir kimsədən, heç bir yerdən dəstək olmadan özünə mandat aldığından... məni XOŞBƏXT EDƏN KİTABdır!
Mən kitabların statusundan söz açanda əlavə etmədim! Ki... kitab da var rəfdə yeri var!
Çünki öpüb göz üstə qoyulası, qonaq gediləsi, qonaq aparılası, hədiyyə olunası, rəfdə qoyulası kitablardan da üstün... mənsub olduğun xalqın oxucusunu xoşbəxt edən kitabdır!
O kitabların hamısı çap olunur, xoşbəxt edən kitab isə... dünyaya doğulur gəlir!
Tərk edilmiş Vətən – anlayış olaraq son 30 ildə doğulub.
O anlayışın kitabıdır "Das Verlassene Land”.
Xoşbəxtliyinizi dadın – nə qədər ki, Vətən bizi tərk etməyib!
"Das Verlassene Land”də bu təhlükə apaydın göstərilib!
Həddən artıq soyuqqanlı alman oxucu üçün... bundan dəhşətli, tükürpədici xəbərdarlıq ola bilməz: Vətən də bizi tərk edə bilər!
Almaniyada kitab çapı bu qədər həssas notlar üstündə!
Xoşbəxt olun, həzz alın! Sizin "mən”inizi xoşbəxt edən kitabı oxumasanız da, adını bilin: "Tərk edilmiş Vətən”...