Birgünlük sevinc

Birgünlük sevinc

05-03-2024 01:27 / Bu xəbər 1759 dəfə oxundu

(Hekayə) 

Bu yerlərdə qatarlar cənubdan şimala, şərqdən qərbə getmirdi. Nömrələri silinmiş köhnə vaqonlar əbədi sükutun içində  mürgüləyirdi. Talesiz adamların zamanında yaşayır, talesiz uşaqların məktəbində oxuyurdum. Anlayışlar heç nə ifadə eləmir, sözlər gücsüz qalmışdı. Lənətə gəlmiş köçkünlük, qaçqınlıq və qəribliyin ağrısı sarılıq kimi adamların üzünü kəsmişdi.

Ev də, məktəb də çadırdan idi. Qarışıq dərsimizdə hər gün doğma yurdlarımızın işğal olunma tarixini xorla deyirdik, bu dərsdə bütün fənlərdən danışırdıq:
- Ağırlıq qüvvəsi nədir?
- Dünən çörək növbəsində məni ayaqlayıb keçən adamın "Bağışla, balaca, səni görmədim" cümləsi o adamın özündən ağır idi.
- Murovdağın hündürlüyü nə qədərdir?
- Murovda oğlu itkin düşən qonşumuz Ayna xala  bir gün qayıdıb gələr deyə gecələr qapını açıq qoyub yatırdı, ancaq dəli olandan sonra qapını bağlayıb yatır... Murovun hündürlüyü bu ağrının yarısı qədərdir.
- Rəsm dərsi üçün nə  çəkmisən?
Rəsm dərsində çəkdiyim şəkildə ayaq barmaqları corabdan çıxan uşaq yuxuda bir cüt təzə ayaqqabı görürdü.

Mən isə bu dəfə yuxuda deyil, gerçək həyatda bu qəsəbəyə gələndən bəri ilk dəfə təzə kostyum geyinib qaçqın məktəbimizə getmişdim. Hamı başıma yığışmışdı. Pencəyimi bir-bir geyinib soyunan uşaqlar kostyumuma təriflər yağdırırdılar.
Atamın  satıcıdan aldığı nisyə kostyumu dünən gecə qucaqlayıb yatmışdım.
Keçən həftə də Xocalıdan olan sinif yoldaşım məktəbə qol saatı gətirmişdi. Qəribə saat idi,ayı da,ili də göstərirdi. Di gəl ki, saat 26.02.1992.tarixində qalmışdı. O gündən  bəri saata təzə daş almamışdılar.
Dərsdən çıxdıq. Toz-torpaqlı yolla yanaşı addımlayırdıq, qəsəbəmiz ot-ağac örtüyü olmayan, şoran torpaqlarda salınmışdı. Elə bil səhradan keçirdik.
- Adın nədir?
- Laçın.
- Yox, rayonunuzun adını soruşmuram.
- Bildim də, adımı soruşursan, adım Laçındır. Özüm də Laçındanam.
- Sənin uzun saçın varıydı axı.
- Atam Laçında  əsir düşmüşdü, əsirlikdə öldü... Ona görə saçımı kəsmişəm.
Araya dərin sükut çökdü. O boyda lüğətdən bir söz tapıb  qıza nəsə deyə bilmədim, heç əlifbadan da  bir hərf düşmədi yadıma...

 Məktəbdən qayıdanda, adətən, çadır evimizin, buna ev demək olardısa, uzaqdan nöqtə kimi, göründüyü yerdən həmin evə  qədər qaça-qaça gəlirdim.
Anam da məni görəndə  buna etiraz olaraq, adəti üzrə uzaqdan əlllərini  çarpaz şəkildə yellədərək işarə  edirdi: Qaçma, qaçma, bağrın yarıldı axı... Yaxınlaşanda dünən bizə nisyə kostyum gətirən satıcının köhnə "Moskviç"ini gördüm. Elə bil içimdə nəsə qırılıb düşdü. Atamla Anam çarəsiz baxışlarla yolumu gözləyirdilər.
Öz-özümə yavaşıdım, sürətim azaldı, ayaqlarım getmədi. 
Atam sərt və tutqun səslə:
- Kostyumu çıxart.
- Niyə?
- Elə. Dedim çıxart kostyumu.
Yüyürüb anamın  boşalan qollarını qucaqladım. Atam məni tutub içəri gətirdi. Səsim evlə, çöllə, ilan mələyən düzlə bir olmuşdu.
- Niyə axı....
Kostyumu nisyə gətirən adam fikrini dəyişib, onu pulla bir az da baha qiymətə yaxınlıqdakı  yerli məktəbin şagirdinə  satmışdı.Yaxşı ki mən oxuduğum məktəbin yox..
Yenə də boğuq səslə:
- Yox, kostyumu vermərəm, deyə səsimə güc verdim.
Haraya gələn  qonşumuz-Ağdamlı  məcburi köçkün Şirin dayı üzünü satıcıya tutub qınaqlı və yoxsulluğa lənət oxuyan səslə:
- Ə, zalım oğlu zalım, bu körpəni niyə qanbağır eləyirsən? Bir kostyum nəmənə şeydir?
- Əşi, yaşına-başına bax, biz pulu-paranı yerdən yığmırıq.
Kostyumu qaytarıram.
Sonra?
- Sonra...
Şirin dayı  acı göz yaşlarını acı həyatın astarını  üzünə çıxardığı boz pencəyinin qoluna  silə-silə uzaqlaşıb getdi...
Qollarımı çarpazlaşdırıb barmaqlarımı pencəyin  yaxasındakı düymə yerlərinə keçirdim, cəldliklə atamın əlindən çıxıb çadırın bir küncündən başımı çölə çıxarsam da, iki dəmir barmağının arasında   ayaqlarımdan bərk-bərk sıxıb  məni içəri çəkdi.
Qan-tər içində qollarımın burulub  kostyumun əynimdən necə dəhşətli şəkildə çıxarıldığını xatırlayanda elə bir həyat yaşadığıma inana bilmirəm. Qonşu uşaqların yanından utana-utana keçirdim.

Sabah məktəbə gedəndə, uşaqlar məni yenə də  köhnə paltarda gördülər. Nə qədər təsəlli versələr də, özümü əzilmiş,təhqir olunmuş kimi hiss edirdim. Olmadı. Məktəbi dəyişdim. Qonşu şəhərciyin məktəbinə getdim. O məktəb də vaqondan idi. Neçə il idi ki, Ağdama gedən qatar burada Ağdama gedən sərnişinləri  gözləyə-gözləyə qalmışdı. 

İllər keçdi. Çətin olsa da, təhsilimlə həyatımı yaxşıya doğru dəyişə bildim. Atam çox qocalıb, əslində çoxdan qocalmışdı, ancaq  o illərdəki  əziyyətlər geridə qalıb.
Ona corab alıram, həvəslə ayağına geyindirirəm, ayaqqabı alanda da həmçinin. Sevə-sevə geyinir, gəzir.
Əllərini hərdən göyə qaldırıb TANRI BU GÜNƏ ŞÜKÜR də deyir, amma...
Bax bu amma onu rahat buraxmır, məni də həmçinin.
Neçə dəfə ona kostyum almışam, heç birini geyinməyib.
Bu gün süfrə arxasında  baxışlarımız  anidən biri-birinə dikildi! Atam mənim təbiətimin bütün cığırlarını, sıldlırımlarını, düzünü, dağını tanıyan tək Tanrıdır. 
- Gözlər,nə deyirsən de görüm?
Uşaqlıqda o məni çox vaxt belə çağırardı.
- Ata, sənə bir kostyum...
- Yox, dedim, olmaz...

Görünür, insan öz ürəyində başqalarını bağlasa da, nələrisə özünə bağışlaya bilmir...
Bəlkə də, hekayə burada bitməli deyildi, ancaq bilirsənmi, hərdən kimsə mənə vacib bir işlə bağlı  söz verib sözünə sahib çıxmayanda, "hər şey yaxşı olacaq" deyəndə, yalançı təsəllilərlə başımı aldadanda  nədənsə mənim o birgünlük ömrügödək sevincim yadıma düşür...
 
Müəllif: Vüsal Hicran