Azərbaycan Rusiyanın aparıcı yumurta tədarükçüsü olur

Azərbaycan Rusiyanın aparıcı yumurta tədarükçüsü olur

25-01-2024 20:43 / Bu xəbər 603 dəfə oxundu

Azərbaycan tez bir zamanda yumurta ticarətində Rusiya bazarına aparıcı qida yumurtası tədarükçüsü olub.

"Turan” yazır ki, ilin əvvəlindən Rusiya Azərbaycandan 3 milyondan çox qida yumurtası alıb və bu axın durmadan artır.

Yanvarın 21-də növbəti 18 tonluq, 306 min yumurtaya bərabər olan partiya Azərbaycandan Rusiya mağazalarında paylanması üçün Yaraq-Qazmalar nəzarət-buraxılış məntəqəsinə gəlib.

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti olan "Rosselxoznadzor” qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvəqqəti saxlama anbarlarında nümunə götürərək idxal prosesinə nəzarət edir.

Yanvarın 19-na olan məlumata görə, Azərbaycan artıq Rusiyaya 3 milyon yumurta tədarük edib və bununla eyni dövrdə Türkiyədən gətirilən 1,2 milyon yumurtanı ötüb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə 2,2 milyard yumurta istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 10 faiz çoxdur.

Azərbaycan Qətər, Səudiyyə Ərəbistanı və İraq da daxil olmaqla Yaxın Şərq bazarlarına çatmaqla Rusiyadan kənarda yumurta ixracını genişləndirib. Təkcə bu ölkələrə gündəlik ixrac həcmi 1,6 milyon yumurta təşkil edir.

Fəal ixrac fəaliyyətinə baxmayaraq, Azərbaycan Quşçuluq, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası əmin edib ki, yumurtaya gündəlik daxili tələbat 3,5 milyon ədəd səviyyəsində qalır ki, bu da gündəlik istehsaldan təxminən 5 milyon ədəd azdır.

Rusiyaya yumurta ixracının daxili bazara təzyiq göstərməyəcəyi deyilsə də, hələ ötən ilin sonundan daxili bazarda yumurtanın qiyməti artıb və satıcılar bunu Rusiyaya yumurta ixracı ilə əlaqələndiriblər.

Ötən ilin son günlərindən etibarən Azərbaycan bazarlarında broyler yumurtaları 1-2, kənd yumurtası 5-10 qəpik arasında bahalaşıb. Həmin vaxta qədər 30 qəpiyə alınan kənd yumurtası artıq 40 qəpiyə satılır.

Vahid Məhərrəmli

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də Meydan TV-yə bildirib ki, yumurtanın qiymətinin qalxmasına səbəb Rusiyaya ixracdır. 

Onun sözlərinə görə, adambaşına illik yumurta norması 290 ədəd olduğu halda azərbaycanlılar il ərzində adambaşına 190 ədəd, ruslar isə 345 ədəd yumurta yeyirlər: "Özümüzü yumurta ilə təmin edə bilmədiyimiz halda Rusiyaya ixrac edirik”.

Məhərrəmli qeyd edib ki, Rusiyada yumurtaya tələbat artdığı üçün çalışırlar ki, daha çox yumurta idxal etsinlər: "Azərbaycanla yanaşı, Belarus, Türkiyə də yumurta göndərir. Putin çalışır ki, seçki ərəfəsində qiymət artımı baş verməsin”.