Azərbaycanda işsizlik: əlilliyi olan şəxslər necə iş axtarır?

Azərbaycanda işsizlik: əlilliyi olan şəxslər necə iş axtarır?

20-11-2023 13:12 / Bu xəbər 1522 dəfə oxundu

"Bəlkə, 50-dən çox şirkətə müraciət etdiyim olub. Çox təəssüf ki, hamısından mənfi cavab gəlib. Bunun əsas səbəbi əlilliyimin olmasıdır".

3 ildir ki, "Azərenerji"nin nəznində Bakı İstilik Elektrik Mərkəzində (BİEM) mühəndis işləyən Nicat Şahmuradov bu vəzifədə çalışmaq üçün 11 il ayaq döyüb. 

İkinci dərəcəli gözdən əlil Şahmuradov 2009-cu Neft-Energetika Kollecində mühəndis ixtisası üzrə təhsil almağa başlayıb: "Kolleci bitirdikdən sonra təkcə özəl şirkətlərə deyil, dövlət şirkətlərinə də cv yollamışam, birbaşa şirkətin özünə də gedib müraciət etmişəm. Bu iş üçün hər il cv yazırdım, bir neçə müsahibəyə də getmişəm, müsahibədən sonra sizi çağıracağıq deyib, heç bir geri dönüş etməyiblər. Təəssüf ki, 2013-cü ildə kolleci bitirsəm də, 2020-ci ilə kimi rəsmi işim olmayıb”. 

Mühəndis ixtisası üzrə iş tapa bilmədiyinə görə, Nicat Şahmuradov aşpazlıq üzrə də peşə təhsili alıb. 

Bu sahədə də uzun müddət iş axtardıqdan sonra 2015-ci ildə aşpaz köməkçisi vəzifəsində çalışmağa başlayıb. 

2018-ci ildə bu işindən ayrılandan sonra yenə də hotel, restoranlarda iş axtarıb, amma hamısı nəticəsiz: "Aşpazlıq, mühəndislik ixtisasları üzrə işlərə müraciət etsəm də, müsbət cavab almırdım. Bu dövrdə əlavə gəlir əldə etmək üçün rəsmi olmasa da, qida əlavələri satışı ilə, nömrə satışı ilə məşğul olub, faiz götürmüşəm. Ətir satmışam. Reklam kağızları, piyada kuryer kimi məktub paylamışam”.  

Nicat Şahmuradov deyir ki, 2019-cu ildə Universitetdə təhsil almağa başlayandan sonra tərcümeyi-halına "ali təhsilli” olduğunu qeyd edib, nəticədə indi işlədiyi şirkətdən müsbət cavab alıb. 

Hazırda o, öz iş yerindən razıdır. Amma Şahmuradov kimi əlilliyi olub işləyənlər Azərbaycanda azlıq təşkil edir. 

Statistika Komitəsinin məlumatına görə, ölkədə hazırda  560 minə yaxın əlilliyi olan şəxs var. Onlardan cəmi 5 faizi işləyir. Bu faizi çoxaltmaq üçün Azərbaycanda əlilliyi olan şəxslər üçün müəssisələrdə iş yeri kvotası yaradılıb. 

Qanunvericilik nə tələb edir?

Əlillər üçün iş yerlərində icbari kvota Nazirlər Kabinetinin 2005-ci ildə "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarı ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, kvota əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə işçilərin sayı 25-dən çox olan müəssisələrə şamil olunur.  

Dövlət orqanları, mərkəzi və yerli seçkili orqanlar, elm və ali təhsil müəssisələri, işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələri, hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanalarına əlillərlə bağlı kvota şamil olunmur. 

Kvota şamil olunan müəssisələr buna əməl etmədikdə 1500 manatdan 2000 manatadək inzibati qaydada cərimə olunur. 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir dəfə də hesabat verməyib ki, filan müəssisə əlilliyi olan şəxsin işlə bağlı problemini həll etmədiyinə görə, kvotanı yerinə yetirmədiyinə görə, cərimələnib”.

"Qarabağ əlilləri və veteranları” ictimai birliyinin idarə heyətinin üzvü və sosioloq Əhməd Rəhmanov hesab edir ki, əlilliyi olan şəxslər arasında işsizliyi aradan qaldırmaq üçün bütün işlər şəffaf görülməlidir. 

O, özü də bununla bağlı Nazirliyə müraciət etdiyini deyir: "Nazirlikdə bizə dedilər ki, biz müəssisəni iflis etmək istəmirik. Deyir ki, müəssisəni cərimələsək, o, cəriməni ödəyəndə ziyana gedəcək. Sabah birdən o bağlansa, onda orda işləyənlər işsiz qalacaq axı. Sözüm budur ki, əlillərin işlə təmin olunmasını onlar bilərəkdən əngəlləyirlər. Müəssisələrdə yoxlamalar aparmırlar, onları cərimələmirlər”.

Rəsmi rəqəmlər nə deyir?

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2017-2023-cü illər ərzində 6635 nəfər kvota üzrə işlə təmin olunub. 

2021-ci ildə Dövlət Statistika Komitəsi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası vəziyyətinin statistik öyrənilməsi məqsədilə müayinə keçirib. 

Müayinənin təşkili zamanı sadə təsadüfi seçmə üsulu 15 və yuxarı yaşlı 20894 nəfər əlilliyi olan şəxs sorğuya cəlb edilib, onlardan 12571 nəfərini kişi, 8323 nəfərini isə qadın olub. 

Sorğuda 2773 nəfər birinci dərəcəli, 11941 nəfər ikinci dərəcəli, 5944 nəfər üçüncü dərəcəli əlilliyi olan şəxslər və 236 nəfər 18 yaşınadək uşaq iştirak edib. 
 
"Əlilliyi olan şəxslərin məşğulluğuna dair statistik müayinənin nəticələri"nə görə, 20894 nəfər əlilliyi olan şəxs arasında məşğul olanların sayı 7015 nəfər, işçi qüvvəsinə aid olmayanların sayı 13879 nəfər, potensial işçi qüvvəsinin sayı isə 1776 nəfər təşkil edib. 

Məşğulluğu olan 7015 nəfərin 59,8 faizi muzdlu işçi, 4,4 faizi sahibkardır, 12,5 faizi fərdi əməklə məşğul olur, 23,2 faiz isə ailə kəndli təsərrüfatında və ya ailə biznesində haqqı ödənilmədən çalışır. 
 
Əlilliyi olan məşğul şəxslərin yarıdan çoxunun (3911 nəfərinin) ümumi təhsili var. 1124 nəfərin orta təhsili, 1115 nəfərin ali və 821 nəfərinin peşə təhsili var. 38 nəfərinin isə təhsili yoxdur. 

İşləyən əlilliyi olan şəxslərin 24.2 faizi iş yerini dəyişmək istədiyini bildirib, bunun əsas səbəbi əmək haqqının az olması (52,4 faiz), iş yerinə çətinliklə gedib-gəlməsi, yəni yol-nəqliyyat infrastrukturunun əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmaması (20,2 faiz), iş yerində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunmaması (13,9 faiz) və iş yerinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmaması (8,1 faiz) olub. 

Potensial işçi qüvvəsinə aid olan 1776 nəfər əlilliyi olan şəxsin 1472 nəfərinin ali təhsili, 129 nəfərinin orta ixtisas təhsili, 81 nəfərin peşə təhsili və 70 nəfərinin ali təhsili var. 24 nəfərinin isə heç bir təhsili yoxdur.

İşləməyən əlilliyi olan şəxslərin işədüzəlməsində əsas mane olan amillərdən onların əlilliyinin olması (72,8 faiz), münasib işin olmaması (14,2 faiz), hər hansı peşəyə və ya ixtisasa malik olmaması (5,1 faiz) və iş təcrübəsinin olmaması (3,1 faiz) göstərilib.

İşləməyən, ancaq işləmək üçün iş axtaran əlilliyi olan şəxslərin 78,4 faizi Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət etdiyini, 8,7 faizi kütləvi informasiya vasitələrində, internetdə elan yerləşdirdiyini, 7,3 faizi dostlara, qohumlara müraciət etdiyini, 2,2 faizi şəxsi biznesini təşkil etmək üçün maliyyə resursları, xammal, maşın və avadanlıq, bina, torpaq sahəsi axtardığını və s. bildirib. 

Oxşar analizi bu ilin avqustunda Agora - Analitik Kollektivi də dərc edib. 

Yanvar ayında keçirilən sorğuda  56 nəfəri 1-ci qrup, 21 nəfəri 2-ci qrup və 20 nəfəri 3-cü qrup əlilliyi olan 100-ə yaxın şəxs iştirak edib. Onların 55-i qadın, 45-i isə kişi olub. Agoranın analizinə görə, sorğu iştirakçılarının 67 faizi orta məktəbi bitirib, yalnız 20 faizi bakalavr dərəcəsində təhsil alıb. 

Bütün respondentlərin 80 faizinin heç yerdə işləmədiyi müəyyən olunub. Onların 80 faizi sorğu dövründə iş axtarışında olublar. Sorğunun nəticələrinə əsasən, əlilliyi olan hər on insandan yalnız biri heç vaxt işə müraciət etməyib. 

Sorğuda iştirak edən respondentlərin 90%-i dövlət büdcəsindən sosial ödənişlər aldığını bildirib. Onlar, orta hesabla, 298 AZN təqaüd, pensiya və ya müavinət alırlar. İşləyən bütün respondentlər üçün orta hesabla qazanılan əmək haqqı ortalama 467 AZN-dir.

Statistika Komitəsinin builki məlumatına görə, Azərbaycan 20290 nəfərə müahirbə əlilliyinə görə təqaüd verilir. 

Onlardan 14787 nəfəri Qarabağ müharibəsində əlil olanlar, 2915 nəfər hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanmış şəxslərdir.

Qarabağ müharibəsinin əlillərindən biri də 54 yaşlı Adil Süleymanovdur. 

O, 1992-ci ildə Laçın döyüşlərində yaralanıb, hazırda ikinci qrup əlildir. 

"İş axtarıram, iş yoxdur. Deyirlər 50 yaşı keçmisən, həm də deyirlər, əlilsən, iş qabliyyətin yoxdur. Atmacalar atırlar, belə sözlər eşidəndə nə deyəsən?” - o belə deyir. 

İki uşaq atası olan Süleymanov 2002-ci ildə "Azəriqaz"da çilingər vəzifəsində işləməyə başlayıb, amma 2014-cü ildə ixtisara düşüb: "Əlil olduğuma görə işdən çıxardılar. Əvvəldən əlil olduğuma görə çıxarmaq istəyiblər. Sonra ixtisarlar başladı, onda çıxardılar. 2015-ci ildə məhkəmə qərar çıxarandan sonra işə bərpa oldum, 2023-ci ilin iyul ayına qədər işlədim”. 

4 aydır ki, işsiz olan Adil Süleymanov Məşğulluq Agentliyinə, DOST Agentliyinə müraciət edib. Deyir ki, heç yerdə ona kömək olunmayıb: "Uşaqlarımın ikisi ali məktəbdə oxuyur. İki uşağı oxutmaq, işsiz qalmaq, acınacaqlıdır. Necə yaşayasan? Necə edəsən? Ancaq aldığım pensiyadır, ayrı iş yox, gəlir yeri yoxdur”. 

Çıxış yolu nədir?

Sosioloq Əhməd Rəhmanov cərimələrin artmasını, müəssisələrin kvotaya əməl edib-etməməsinə ciddi nəzarət olunmasını vacib bilir. O, həmçinin bölgələrdə yeni iş yerlərinin açılıb əlillərin bu işlərə cəlb olunmasını daha effektiv sayır. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az-a açıqlamasında əlillərin işlə təmin olunduğu xarici ölkələrdən nümunə göstərib: "Bizə yaxın olan dövləti – Xorvatiyanı götürək. Bu ölkədə əlilliyi olan şəxslərlə bağlı xüsusi fond yaradılıb. İşəgötürən əlilliyi olan şəxsi qəbul edir. Amma onun hasil etdiyi məhsul sağlam işçinin mənfəətindən azdırsa, bu maaşına təsir etmir. Həmin fond işəgötürənin qarşısına tələb qoyur ki, əlilə də sağlam işçiyə verdiyin qədər maaş ver, əskik qalan hissəni ödəyəcəyəm. Buna aktiv dəstək deyirlər. Bizdə isə əlilə deyirlər ki, sən otur evdə, müavinəti al. Belə olmalı deyil”.

O hesab edir ki, cərimələri artırmaq yerinə işəgötürənlər üçün əlilliyi olan şəxsləri işə götürməyi prestjli etmək lazımdır ki, şirkətlər özü bunda maraqlı olsun: "Əlillik dərəcəsindən asılı olmayaraq, əlil işçilərə 42 gün məzuniyyət verilməlidir. Digər işçilərə isə bu 21 gün nəzərdə tutulub. Yaxşı təşəbbüsdür, amma əlil şəxsin məzuniyyət ödənişini işəgötürən tamamilə cibindən ödəməsi düzgün deyil. Bu zaman işəgötürən də əlili işlə təmin etməkdə maraqlı olmur, imtina edir. Hətta müəsisəni cərimə edəndə belə, o cəriməni ödəməyə razı olur. Ona görə bir çox hallarda əlilliyi olan şəxslər bu problem barədə işəgötürənə məlumat vermir, əlilliyini gizlədirlər”.

Rəsmi rəqəmlərə və müsahibələrə əsasən, Azərbaycanda əlilliyi olan şəxslərin iş tapa bilməməsinin əsas səbəbi, işəgötürənlərin bunda maraqlı olmaması, əlillərin təcrübələrin az olması, hər hansısa bir peşəyə sahib olmamasıdır. Hətta peşə sahibi olub, daim təcrübə qazanmağa meyilli olan Nicat Şahmuradov ürəyincə iş tapmaq üçün 11 il axtarışda olub, bir kollec, bir peşə məktəbi bitirib, Universitetə qəbul olub. İndi Şahmuradov diplomunu almasını gözləyir, sonra isə vəzifə artımı üçün müraciət etməyi planlayır. 

Arzu Çinarlı (Əliyeva)

"Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi "Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Məqalədə istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.