Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

23-05-2024 12:41 / Bu xəbər 813 dəfə oxundu

"Meta” şirkəti illik "Reklam Kitabxanası Hesabatı”nı yayımlayıb

"Facebook”, "WhatsApp”, "Instagram” kimi sosial media platformalarına sahib olan qlobal "Meta” şirkəti şəffaf olaraq illik "Reklam Kitabxanası Hesabatı”nı yayımlanır. 

Hesabat sosial məsələlər, seçkilər və ya siyasi mövzular haqqında məlumatlara qoyulan reklam vəsaitlərini işıqlandırır. 

Hesabatda "Facebook”da hər bir səhifənin reklam üçün nə qədər xərc çəkdiyi coğrafi mövqeyinə görə öz əksini tapıb. Bu ictimai hesabat "Meta”-nın reklamda şəffaflığı artırmaq səylərinin bir parçasıdır.

Hesabata görə, 27 iyul 2022-ci il ilə 18 may 2024-cü il tarixləri arasında Azərbaycandan ən çox kontenti üçün reklam verən səhifə "Caliber.az” saytıdır. Belə ki, səhifədəki 1519 ədəd məlumatın istifadəçiyə daha çox görünməsi üçün 21.715 ABŞ dolları vəsait xərclənib.

"Caliber.az” hərbi portalı Azərbaycan hökumətinin nəzarətində olan "Global Media Group” media-holdinqin bir platformasıdır. Hansı ki "Report” İnformasiya Agentliyi, "Oxu.az” xəbər saytı, "Baku TV” yayım portalı da onlara məxsusdur. 

GMG-nin Direktorlar Şurasının sədri özünü azərbaycanlı sahibkar kimi tanıdan, sabiq dövlət məmuru Elnur Abdullayevdir. 

Sayt İkinci Qarabağ müharibəsindən sonra yaradılıb və xüsusən Azərbaycan Müdafiə Nazirliyinin, Prezident Administrasiyasının ötürdüyü eksklüziv məlumatlar və video kadrlarla tanınıb. Sayt Azərbaycan iqtidarının əsasən hərbi sahədəki təbliğatı ilə məşğul olur.

Hesabata görə, ikinci yerdə "Qarabağ Dirçəliş Fondu”dur. 

Fond son iki il ərzində "Facebook” sosial şəbəkəsində 681 ədəd kontent reklamı üçün ümumilikdə 16.078 dollar vəsait xərcləyib.

Bu fond da müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə məskunlaşma üçün həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın dəstəklənməsi məqsədilə yaradılıb. 

Fondun rəhbəri isə bir zamanlar "The First News” İnformasiya Agentliyinin (1news.az) baş redaktoru və direktoru vəzifəsində çalışmış jurnalist Rəhman Hacıyevdir.

Hesabatda üçüncü yeri isə "ANS” telekanalı qapadıldıqdan sonra Mir Şahin Ağayev tərəfindən yaradılan "Real TV” tutur. 

"Real TV” 119 ədəd kontentin reklam olunması üçün 11744 dollar vəsait xərcləyib. "Real TV” kanalı da Azərbaycan iqtidarının təbliğatı ilə məşğul olan, yeri gəldiyində ona müxalif olan qurumlar və şəxslərə qarşı fəaliyyət göstərən media orqanı hesab olunur.

"Facebook”da ən çox reklamın coğrafi olaraq xərcləndiyi şəhərlər üzrə birinci yerdə Bakı – 85.587$, ikinci yerdə Sumqayıt – 6.802$, üçüncü yerdə isə Gəncə – 3.857$ gəlir.

"Meta”nın "Reklam Kitabxanası Hesabatı”nda o da qeyd olunur ki, 2022-ci ildən bu yana, reklamların ümumi sayı 14,540 ədəd, xərclənən vəsait isə ümumilikdə 121.046 dollardır.

Mənbə: Meydan TV