Azərbaycanda yenə də karantini uzatdılar
11-12-2023 13:15 / Bu xəbər 1012 dəfə oxundu
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.
Öncəki qərarda Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək idi.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.
Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb.
Onun müddəti dəfələrlə uzadılıb və ictimai narazılığa səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda belə pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejimi uzadılmaqdadır.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.