“Aztəminatlılıq meyarı” necə müəyyənləşdirilir?

“Aztəminatlılıq meyarı” necə müəyyənləşdirilir?

17-05-2020 03:38 / Bu xəbər 2023 dəfə oxundu

Gülarə Əliyeva pandemiya dövründə işsiz şəxslərə dövlət tərəfindən ayrılan 190 manatlıq birdəfəlik yardım üçün müraciət edib. Amma ona "aztəminatlılıq meyarına” uyğun gəlmədiyi ilə bağlı SMS göndərilib. 

Gülarə Əliyeva tək övladı cəbhədə xidmət edən, işsiz, tənha anadır. O, bir gələn SMS-ə, bir də yaşayış şəraitinə baxıb çarəsizcə "Bəs aztəminatlılıq meyarı necə olur ki?” deyə sual verir. Bu günlərdə onu kimi bu sualı verənlər az deyil. 

Ancaq onlara bu meyarın necə müəyyən edildiyini izah edən tapılmayıb. 

Toplum TV kütləvi narazılığa səbəb olan "aztəminatlılıq meyarı” haqqında Dövlət Sosial Müdafiə Fonduna dəfələrlə müracət etsə də,  cavab ala bilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də suallara cavab almaq mümkün olmayıb.
 
Bu mövzuda vətəndaşlara ilk gündən yardım edən "Benefisiar” hüquq bürosunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı deyir ki, DSMF mayın 5-də günlərdir cavab gözləyənlərə kütləvi şəkildə "aztəminatlılıq meyarına uyğun gəlmirsiniz" cavabını verdi. 

"Amma bu haqda heç bir qanun maddəsi göstərilmədi, bu hüquqi cəhətdən nə qədər doğrudur? Ümumiyyətlə, qanunvericilikdə aztəminatlılıq meyarı anlayışı yoxdur”, - hüquqşünas izah edir. 


Onun sözlərinə görə, Nazirlər Kabinetinin 7 aprel tarixli qərarında birdəfəlik ödəmənin verilməsi üçün 10 şərt nəzərdə tutulub: "Nazirliyin imtina qərarlarını analiz etdikdə belə nəticəyə gəlinir ki, qurum aztəminatlılıq meyarı dedikdə müvafiq şərtlərə uyğunluq həddini nəzərdə tutur. Kim həmin şərtlərə uyğundursa, deməli aztəminatlıdır və birdəfəlik ödəməni almaq hüququna malikdir. Digər bir məsələ, nazirliyin 7 aprel tarixli qərarında qeyd olunur ki, birdəfəlik ödəmə karantin rejimi səbəbiylə işsiz qalan şəxslərə ödənilən maddi yardımdır. Aztəminatlılıq meyarı ilə birdəfəlik ödəmənin verilməsi şərtləri arasında uyğunsuzluq var. Şəxsin karantin rejimi ilə əlaqədar faktiki olaraq gəliri yoxdur. Qeyd olunan səbəbdən imtina cavabı tamamilə əsassızdır. Nazirlik əgər aztəminatlılıq meyarı olaraq birdəfəlik ödəmənin verilməsi şərtlərini əsas götürürsə, qeyd olunan 10 şərtdən heç olmasa birinə istinad etməli idi. Şəxslərə gələn bir çox rədd cavabı əsassızdır, məsələn, maşını ve ya adına VÖEN-i olmadığı halda varmış kimi göstərildi. Sosial Müdafiə Fondu isə bunun texniki səhv olduğunu bildirib”. 

Həmin şəxslər nə etməlidir?

Bəşir Süleymanlının söylədiyinə görə, öncə vətəndaş müvafiq dövlət orqanıyla əlaqə saxlamalıdır. Həmin qurumda onun müraciətinə baxılmalı, problemin hardan qaynaqlandığı aydınlaşdırılmalı, məsələ araşdırılıb vətəndaşa bildirilməlidir. 

"Aidiyyatı orqan vətəndaşın müraciətinə biganə yanaşarsa, bu halda vətəndaş məsələni inzibati və məhkəmə qaydasında mübahisələndirilmək hüququna malikdir”, - B.Süleymanlı bildirir. 

O xanım pulu geri qaytarmalıdır?

Yaxın günlərdə bahalı avtomobili və maddi imkanı yetərincə yaxşı olan məşhur bir xanımın 190 manat birdəfəlik yardım alması sosial mediada böyük narazılığa səbəb oldu. Dövlət Sosial Müdafiə Fondu isə buna cavab olaraq "bazaya əsasən yardım ayırırıq” deyə cavab verdi. Dövlət o pulu geri tələb etməlidirmi? 

Bəşir Süleymanlının qənaətincə, belə halları gördükcə narazılıqlara haqq qazandırmaq olur: "Məsələ belədir ki, əgər nazirlik ödəməni şəxsin faktiki vəziyyətinə görə dəyərləndirərək qərar qəbul edirsə, digərlərinə münasibətdə əsassız qərarlar ortaya çıxır. Birdəfəlik ödəmə ilə bağlı Nazirlər Kabinetinin qərarı müvafiq şərtlərə uyğun, hər kəs üçün ümumidir və faktiki hala müvafiq tətbiq olunur. Qanun çərçivəsindən baxdıqda, əlbəttə dövlət o pulu tələb etməlidir. Həmin qadının əmlakları ilə bağlı məlumat aşkara çıxıbsa, nazirlik bu halda balansı qoruyaraq ödəməni geri tələb etməli, onu buna haqqı çatan başqa bir şəxsə ödəməlidir”. 

Problemlərin qaynağı

Bəşir Süleymanlı "Benefisiar”a gələn şikayətlərə əsasən deyir ki, bu məsələdə başlıca problem yaradan birdəfəlik ödəmənin icrasını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. 

"Digər bir problem isə dövlət orqanlarının elektron sistemlərinin bir-birinə inteqrasiya olunmamasıdır, nəticədə əsassız və texniki problemlər ortaya çıxır. Ümumilikdə yaxşı olardı ki, hökümət çox sürətli şəkildə bütün dövlət qurumlarını e-hökümət sisteminə inteqrasiya etdirsin. Əks təqdirdə gələcəkdə də bu kimi problemlər çıxacaq”, - B.Süleymanlı bildirir.

Zülfiyyə Quliyeva