Yaşı 15-dən çox olan avtomobillər taksi kimi xidmət göstərə bilməyəcək

Yaşı 15-dən çox olan avtomobillər taksi kimi xidmət göstərə bilməyəcək

29-03-2024 14:53 / Bu xəbər 701 dəfə oxundu

Nazirlər Kabinetindən taksi xidməti ilə bağlı yeni tələblər

15 ildən çox yaşı olan avtomobillə taksi xidməti göstərmək mümkün olmayacaq. 

Həmçinin 8 ildən köhnə maşınlara buraxılış kartı verilməyəcək.

Martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də belə deyilir.

Tələblərə görə, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ olmalıdır. 

Şəhərdaxili (rayondaxili) qırmızı, hər iki daşımalarda istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri də yaşlı rəngli olmalıdır. 

Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaq.

Bu tələblər 2024-cü il iyulun 1-dən ölkəyə idxal edilən və ya ölkədə istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Digər tələblərə əsasən, taksilər "ABS” əyləc, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

Habelə taksi avtomobilləri ən azı "avro-5” ekoloji standartına uyğun olmalıdır.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, yeni tələblər 8 ildən yuxarı yaşı olan avtomobildən heç bir halda taksi kimi istifadə oluna bilməz demir. Əgər kiminsə 9 ildən 14 ilədək olan avtomobili varsa, taksi kimi fəaliyyət göstərmək istəyirsə, iyulun 1-dək avtomobilini digər tələblərə uyğunlaşdırıb, Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib, buraxılış kartı ala bilər: "Buraxılış kartını iyulun 1-dək ala bilməyən, bunu sonra edə bilməyəcək. Amma o zamanadək alınsa, avtomobilin yaşı 15-i ötənədək taksi kimi istifadə edə biləcək”.

Bütün bu tələblər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.(Meydan TV)