Bakıda Taxıl Kombinatının direktoru qətlə yetirildi

Bakıda Taxıl Kombinatının direktoru qətlə yetirildi

09-01-2016 13:41 / Bu xəbər 2286 dəfə oxundu

Qalib Bağırovun Hövsandakı bağ evində tamah məqsədilə öldürüldüyü bildirilir; digər versiyalar da istisna deyil; cinayəti törədənlər hələlik tutulmayıb... 

Son günlər ölkədə dəhşətli, tamah məqsədi ilə törədilən qətllərin sayı artıb. Xüsusi ilə imkanlı adamların öldürülməsi bir tendensiya halını almaqdadır. 

Yanvarın 8-də Bakıda daha bir amansız qətl baş verib. Taxıl Kombinatının direktoru Qalib Bağırov Hövsan qəsəbəsindəki bağ evində öldürülüb. 

1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunu naməlum şəxslər 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər. Mərhumun meyiti üzərində boğulma əlamətləri də olub. 

APA-ya açıqlamasında mərhumun oğlu Pənah Bağırov bildirib ki, atası evdə tək yaşayıb: "Qətlin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Polis əməkdaşları mənim də izahatım alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.

Direktorun qətli ilə bağlı cinayət işi başlanması barədə Bakı şəhər Prokurorluğunun yaydığı məlumatda qeyd olunub ki, Q.Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. 


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda CM-nin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət hadisəsi ilə bağlı məhz 120.2.11 və 181.3.3 maddələri ilə cinayət işi başlanılması onu düşünməyə əsas verir ki, artıq istintaqçılar cinayətin motivi və onu törədən şəxs və ya şəxslər barədə ilkin faktlara malikdirlər. Yəni artıq istintaqçılara qətlin quldurluq, hədə qorxu ilə tələb etmə ilə törədilməsi bəllidirsə, deməli ortada ilkin versiya və ya buna dair ilkin sübutlar var ki, cinayət işi məhz həmin maddələr üzrə başlanıb. 

Amma bir məqam da maraqlıdır ki, evi alt-üst edib qətl törədənlər oradan heç nə aparmayəblar. Ancaq hadisə yerindən mərhum Qalib Bağırova məxsus mobil telefon tapılmayıb. Ehtimala görə, Bağırovun öldüyünü güman edən şəxslər izi itirmək məqsədilə onun mobil telefonunu özləri ilə aparıblar...

Ekspertlər son vaxtlar tamah və quldurluq məqsədi ilə cinayətlərin sayının artmasını təhlükəli tendensiya hesab edir və bunu məlum devalvasiyadan sonra yaranan sosial, həmçinin psixoloji gərginliklə də əlaqələndirirlər. Bu baxımdan hüquqçular hesab edir ki, qarşıdakı müddətdə kriminogen durum heç də ürəkaçan olmaya bilər.///musavat.com