Bakı ilə Minskin "kreativ tərəfdaşlığı": 9 sənəd imzalandı
16-05-2024 17:20 / Bu xəbər 842 dəfə oxundu
"Belarusla Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur"
Mayın 16-da Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında geniştərkibli görüş olub.
Əliyev səfəri kreativ tərəfdaşlıq kimi yüksək qiymətləndirib.
"Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur", - deyə o qeyd edib.
İlham Əliyev etibarlı dostluğu iki dövlət arasında münasibətlərin əsası kimi xarakterizə edib: "Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür".
Lukaşenkonun Bakıya səfərinin tərkib hissəsi kimi Azərbaycanla Belarus arasında 9 sənəd imzalanıb.
Bu sıraya turizm, investisiya, malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi, bitki karantini və mühafizəsi, baytarlıq və digər sahələr daxildir.
"Ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"
O cümlədən, Bakı-Minsk, Gəncə-Qomel, Qəbələ-Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumları da imzalanıb.
Dövlət başçılarının birgə mətbuat konfransında isə Azərbaycan Prezidenti İlham Əliyev azad olunan ərazilərdə Belarusun şirkətlərini görmək istədiklərini dilə gətirib: "Qarşılıqlı fəaliyyətin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görmək olar. Əlbəttə, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər”.
Aleksandr Lukaşenko: "Qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük"
Aleksandr Lukaşenko isə vurğulayıb ki, ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilərlər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.
O həmçinin, birgə əczaçılıq müəssisələrinin yaratmağı təklif etdiyini dilə gətirib: "Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır və Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”.
Belarus başçısı sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazır olduğunu deyib: "Təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının, lift avadanlığının istehsalı daxildir. Biz bu istehsalı saxlamışıq və azərbaycanlı dostlarımızla burada bu avadanlığı istehsal etməyə hazırıq”.
"Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır"
A.Lukaşenko deyib ki, Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər:
"Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o, Azərbaycanın necə inkişaf etdiyini görsəydi...”.
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin belorus həmkarı Aleksandr Lukaşenko noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib.