Bayden: “Navalnının başına gələnlər Putinin qəddarlığının bir daha sübutudur”
17-02-2024 00:57 / Bu xəbər 931 dəfə oxundu
ABŞ Prezidenti rusiyalı müxalifətçinin ölümü ilə bağlı qəzəbləndiyini deyib
Fevralın 16-da ABŞ Prezidenti Co Bayden həbsdə həyatını itirən müxalifətçi Aleksey Navalnı ilə bağlı xüsusi müraciət yayıb.
Co Bayden bildirib ki, Rusiya Prezidenti Vladimir Putin siyasətçi Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyır.
"Navalnının başına gələnlər Putinin qəddarlığının bir daha sübutudur”, – Bayden belə deyib.
O əlavə edib ki, Putin təkcə başqa ölkələrin vətəndaşlarını deyil, öz vətəndaşlarını da öldürməyə hazırdır: "Navalnının ölüm xəbəri məni təəccübləndirmədi, əksinə, qəzəbləndirdi. Navalnı Rusiya hakimiyyətinin zorakılığına cəsarətlə müqavimət göstərib, buna görə həbs edilib və zəhərlənib, lakin bu da ona mane olmayıb. O, zəhərlənmədən sonra xaricdə qala bilərdi, amma yenə də Rusiyaya qayıdıb”.
Bayden siyasətçinin ailəsinə də başsağlığı verib: "Onun cəsarəti unudulmayacaq”.
Kreml Aleksey Navalnının ölümü ilə bağlı Qərbin bəyanatlarını qətiyyən qəbuledilməz hesab edir.
Bu barədə yerli mediaya danışan Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Navalnının ölümünün səbəbləri ilə bağlı hələlik məlumat yoxdur: "Xüsusilə, hələlik həkimlərdən və ya məhkəmə ekspertlərindən məlumat yoxdur”.
Vladimir Putinin Aleksey Navalnının ölümü ilə bağlı təhqiqatı öz nəzarətinə götürə biləcəyi haqda suala cavab olaraq Peskov vurğulayıb ki, bu mövzuda sizə deyəcək başqa heç nə yoxdur.
Bu gün Rusiya Federal Penitensiar Xidməti müxalifətçi Aleksey Navalnının vəfat etdiyini açıqlayıb.
Bildirilib ki, bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib: "Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”.
Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən "Şeremetev” Hava Limanında saxlanılıb.
Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.